Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qatarda oğul doğan ana: “Ermənilərin əlindən qaçıb 40 kilometr piyada yol gəldim”

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Press.az xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş, erməni işgəncələrinə məruz qalmış Zivər Muradovanın həyat hekayəsinə həsr edilib.

O, Zəngəzur mahalının Qafan rayonunda doğulub, 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb, rayonda yerləşən Elektron Zavodda işləyən azərbaycanlı kimi başına gətirilən müsibətlərdən, şahidi olduğu hadisələrdən, ermənilərin türklərə qarşı necə nifrət bəsləməsindən danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni-müsəlman davası başlayanda ermənilər Sumqayıtdan zavoda axın ediblər: “Üstümə gəlirdilər ki, sən çıx get burdan, bizim rayonda qalma, sən türksən, öz ölkənə, Azərbaycana çıx get. Mən də kövrəlirdim, pis olurdum...”

Hamilə ola-ola doğma evlərini məcburən tərk etdiyini deyən Z.Muradova başına gələn müsibətləri göz yaşı ilə söyləyib: “Gecə saat üçün yarısı idi, ermənilərin yatan vaxtı idi. Qar da o qədər yağmışdı ki, tərpənmək mümkün deyildi. Biz qorxa-qorxa dəmir yoluna gəldik ki, bizi görməsinlər, yoxsa öldürərlər. Səhər tezdən dəmir yolu relsləri ilə Azərbaycan torpağına üz qoyduq. Otuzuncu kilometr deyilən yer var ora gəldik. Artıq mənim ayaqlarım yerimirdi, 40 kilometrədək yol gəlmişdik. Mən hamilə vəziyyətdə, ayaqlarım yerimirdi.

Bir yük maşını gəldi. Mənə dedilər ki, gəl otur sürücünün yanında. Gəldim sürücünün yanına, baxdım ki, orada bir qaçqın var, qucağında da əkiz övladı var. Mənə yer olmadı. Məni güc-bəla ilə maşının yük yerinə mindirdilər. Şayıflı deyilən yer var, ora gəlib çıxdıq. Məni dörd nəfər bir təhər maşından yerə endirdilər. Artıq heyim yox idi, ayaqlarımın altı qabar olmuşdu. Gəldik Bakı-Zəngilan qatarına mindik. Gördüm, özümü pis hiss edirəm, anama dedim ki, vəziyyətim pisdir. Orada azərbaycanlı qadınlar var idi. Anam onlara yaxınlaşıb dedi ki, qızımın ağrısı tutub. Nəhayət, Cəbrayıl rayonuna gələndə anam və bir nəfər məni qatarda yatızdırdılar və oğlum Namiq dünyaya gəldi...”

O, gec-tez yenə doğulduğu doğma Qafan rayonuna gedib orada yaşayacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Zivər Muradovanın “Həyat hekayəsi”ni “Baku TV”nin yutub kanalında da izləmək mümkündür.

 

Oxşar xəbərlər
OTACI