Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nişanlı qızların yeni standartları: Son model “iPhone“, lüks restoran, Mayamidə bal ayı...

20 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hal-hazırda toy etmək əvvəlki illərlə müqayisədə çox çətindir. Çünki istər ailələrin, istərsə də qızların tələbləri çox artıb. Bəzən görürük ki, oğlan evi bu tələbləri qarşılaya bilmir, qarşılasa da, böyük çətinliklərlə bunu edir, maddi sıxıntılar ortaya çıxır. Çünki banklardan kredit götürərək bunu edirlər. Sonra da görürük ki, evlilik vaxtı bu kreditləri ödəmək üçün çətinliklər ortaya çıxır, ödəyə bilməyəndə cütlüklər arasında münasibətlər korlanır. Bəzən xanım “ərim borcun içində batır” deyib boşanır, amma düşünmür ki, toy edərkən bahalı restoran, bahalı gəlinlik, lazım olandan artıq qızıl aldırmağım buna səbəb olub...” 

Press.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Bu gün nişanlı qızların yeni tələblərinin çoxluğu barədə danışan psixoloq bildirib ki, hazırda evlilik çox çətin prosesə çevrilib: 

“Əvvəllər bayramlarda valideynlər qızın evində gedib bayramlaşardılar, imkanı çatan qədər kiçik xonçalar aparardılar, lakin indi tələblər dəyişib - Qurban bayramında qız evinə qoç aparılmalıdır, kəsilməlidir və s. Bəzən qızın ailəsi və qız özü elə tələblər qoyur ki, oğlanın ailəsi çox çətinlik çəkir. Ona görə bu gün evliliyə can atan oğlanlar azdır. Bu gün hansı oğlandan “evlənmək istəyirsən?” deyə soruşsan, cavabı yox olacaq və bunu maddi durumla əlaqələndirəcək, yaxud da “hələ evlənmək yaşım deyil, 30-dan sonra düşünərəm” deyəcəklər. Çünki qızlar elə tələblər qoyurlar ki, oğlanlar da fikirləşir ki, müəyyən zaman keçməlidir, mən bu istəkləri qarşılayacaq gücdə olmalıyam, sonra ailə qurmalıyam. 

Ümumiyyətlə, müasir insanlar sanki zadəgandırlar, özlərini aristokrat ailə kimi göstərmək istəyirlər, düşünürlər ki, əlimdə bahalı telefon varsa, zəngin insan kimi görünəcəm, amma marka geyinən, bahalı qır-qızıldan çox istifadə edən insanlar şüuraltında mənəvi baxımdan kasıbdırlar. Çünki mənəvi baxımdan zəngin olanlar dəbdəbəyə önəm vermirlər. İndiki ailələr dəbdəbə, məşhurluq istəyir. 

Baxın, bu gün məşhur övladlarının toyları olur, təntənəli məclis keçirilir, aylarla mətbuatda filankəsin övladının toyu olacaq başlıqlı yazılar dərc olunur, amma nəticə nədir? 6-8 ay sonra həmin gənclər boşanırlar. Çünki bu sadəcə göstəriş xətrinədir. Onlar göstəriş xətrinə hər şey edirlər, sonda da hər şey bitir”. 

Onun sözlərinə görə, qızların, onların ailələrinin bugünkü standartlarını qarşılamaq demək olar ki, mümkünsüzdür:

“Bu gün bütün tələbləri qarşılayaraq toy etmək üçün oğlan evinin minimal 50 min manat pulu olmalıdır. Əvvəllər bal ayı anlayışı yox idi, yaxud istirahətlər daha uyğun büdcəli idi, indi isə qızlar elə yerlərdə bal ayına getmək istəyirlər ki, xərci 10 min manat olur. Onlar Mayamiyə, Baliyə istirahət üçün getmək istəyirlər. 

Yaxud nişanlanan kimi oğlandan ən son model “iphone” markalı telefon istəyirlər. Mənə görə, bir qız hansısa kişiyə tələb qoymamalıdır. Kişi istəyərsə, bunu sənə hədiyyə edər. Əgər sən bunu tələb olaraq onun qarşısına qoyursansa, deməli yoxluq içindəsən. Niyə bir qadın onu özü əldə etmir, yaxud bunun üçün çalışmır? 

Boy-boy bahalı mebellər alıb evlərə yığırlar, sonra ikinci əl saytlara baxırıq ki, bir neçə ilə o mebelləri ucuz qiymətə qoyub satırlar. Bu lazımsız mebelləri niyə alıb evə yığırıq? Xaricə baxsaq görərik ki, kifayət qədər imkanı olan şəxslər də ikinci əl mebel, ya hər hansısa əşyanı ala bilir, amma bizdə bunu edənə pis baxırlar, ona bədbəxt, yazıq damğası vururlar”. 

Xarici təcrübəni nümunə gətirən G.Orucova sadəliyin tərəfdarı olduğunu qeyd edib və gənclərin ailə büdcəsini düşünməyinin vacibliyini vurğulayıb:

“Xaricdə evlənən cütlüklər hərəsi bir üzük alır, törən keçirilir və orada bütün nəsil-kökün yığışması vacib deyil. Ancaq yaxın bildiyin adamları dəvət edirsən, süfrəyə 20 cür nemət tökməyə də ehtiyac yoxdur, çünki gələnlər sənə əziz olan, yaxın insanlardır və sənin xoş gününü paylaşmaq üçün səmimi şəkildə oradadırlar. Cütlüklər işləyib maaşlarını birləşdirib özlərinə ev alırlar, yaşamlarını təmin edirlər, birlikdə istirahətə gedirlər. Amma bizdə evlilik çox çətin, müşkül bir məsələdir. Çünki qız bütün tələbi oğlanın üzərinə ötürür ki, sən bunları etməlisən. Bunları da etməyə beş insandan birinin gücü çatır. Ətrafa nəzər salsaq görəcəyik ki, hamı “iphone” istifadə etmək, lüks yerlərdə toy etmək, ən bahalı qızıl dəstinin gətirilməsini istəyir. Bu gün oğlan evi olmaq borca düşmək deməkdir. 

Bu gün qızlar sosial şəbəkələrdə hər şeyi bölüşürlər, başqaları da baxıb düşünür ki, məndə də olmalıdır. Bunlarla ayaqlaşmaq isə çox çətin məsələdir, ayaqlaşanda da sonda borclar yığılır, borclar ödənə bilməyəndə də ailələr dağılır. Siz ailə quranda düşünməməlisiniz ki, mən bu insanı borca salım, əksinə, düşünməlisiniz ki, indi onu xərcə-borca salmayım ki, gələcəkdə büdcəmiz olsun. Bu gün demək olar ki, heç kim ortaq büdcəni düşünmür, yalnız “qarşımdakına nə aldıra bilərəm” fikri ilə ailə qururlar”. 

Oxşar xəbərlər
OTACI