Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: “Ana südünü artıran dərman yoxdur, amma bəzi dərmanlar lazımi hormonları çoxaldır”

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ana südü ilə qidalanan uşaqlarda bronxial astma, allergiya, alt və üst tənəffüs yolu infeksiyaları, orta qulaq iltihabı, piylənmə, 1-ci tip diabet kimi xəstəliklərə, həmçinin ani körpə ölümünə daha az rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin rəsmi saytına müsahibəsində deyib.

- Əkbər müəllim, öncə bilmək istərdik ki, körpə neçə yaşına qədər ana südü ilə qidalanmalıdır?

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk altı ay yalnız ana südü ilə qidalanmasını, altı aydan sonra isə əlavə qidalarla birlikdə iki yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir. Bir yaşa qədər nə qədər əlavə qidalara keçsək də, əsas qidalanma mənbəyinin ana südü olduğunu unutmamalıyıq.

Ana südü ilə qidalandırma yeni doğulmuş uşağın inkişafı üçün lazım olan ilkin təməl ehtiyaclarını tam təmin edir. Hər körpə üçün ən ideal qida öz anasının südüdür.

Qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin həm körpəyə, həm də anaya bir çox faydaları var.

Uzunmüddətli südvermənin faydalarına aiddir:

* Beynin inkişafını dəstəkləyir;

* Ana südü ilə qidalanma sonrakı illərdə ürək xəstəlikləri, piylənmə, diabet, xərçəng və s. kimi xroniki xəstəliklərin yaranma riskini azaldır;

* Ana südünün qida dəyəri çox yüksək olduğuna görə uşağın ehtiyaclarını tam qarşılayır;

* Onun tərkibindəki qoruyucu hüceyrələr və immunoqlobulinlər hər zaman uşağı qoruyur;

* Ananı yumurtalıq və süd vəzi xərçəngindən qoruyur;

* Doğumdan sonra ananın daha tez toparlanmasına yardımçı olur.

Onu da qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin uşağa psixoloji olaraq heç bir neqativ təsiri yoxdur.

- Ana südünün hansı qoruyucu funksiyası var?

- Ana südünün qoruyucu funksiyalarına aiddir:

* Onun qoruyucu xüsusiyyətləri uşağın immunitetinin inkişafına kömək edir;

* Ana südü ilk altı aya qədər körpənin bütün protein, yağ, dəmir, vitamin və s. kimi ehtiyaclarını qarşılayan möcüzəvi qidadir və körpəni bütün infeksiyalardan qoruyur;

* Ana südü ilə qidalanma körpənin diş-çənə sisteminin formalaşmasında önəmli rola malikdir;

* Ana südü ilə qidalanan uşaqlarda bronxial astma, allergiya, alt və üst tənəffüs yolu infeksiyaları, orta qulaq iltihabı, piylənmə, 1-ci tip diabet kimi xəstəliklərə, həmçinin ani körpə ölümünə daha az rast gəlinir;

* Onun tərkibində kifayət qədər dəmir olduğu üçün ilk altı ay anemiyaya, demək olar ki, rast gəlinmir;

* Körpənin fiziki və zəka inkişafının formalaşmasına kömək edir;

* Ana südü körpənin mədə-bağırsaq traktına tam uyğundur;

* Ana südündə fermentlər antimikrobial təsir edir və körpəni qızılca, məxmərək, suçiçəyi kimi virus infeksiyalarına qarşı ilk doqquz ay qoruyur.

- Süd çatışmazlığı olan analar bəzi dərman vasitələrindən istifadə edirlər. Bu nə dərəcədə doğrudur?

- Bu, süd çatışmazlığı olan anaları ən çox maraqlandıran sualdır. Qeyd etmək istəyirəm ki, sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. Südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır. Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub.

Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsir kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanlardan istifadə etmədən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər.

- Sonda gənc analara məsləhətlərinizi bilmək istərdik. Doğuşdan sonra onlara körpələrini ana südü ilə qidalandırmağı necə düzgün təşkil etmək olar?

- Ana südü ilə qidalanmanın ən asan və əlverişli seçim olmasına baxmayaraq, südvermə qaydalarını bilmədən uşağın tam qidalanmasını, eləcə də ananın rahatlığını və sağlamlığını təmin etmək çətindir.

Südvermənin ilk qaydası anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasını təmin etməsidir. Həmçinin, körpənin ananın döşünə erkən bağlanmasının təmin edilməsi olduqca vacib məsələdir.

Kolostrum (doğuşdan sonra yaranan ilk ana südü) yeni doğulmuş körpə üçün ideal qidadır. Belə ki, kolostrumda olan yüksək miqdarda protein, vitamin və minerallar körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Eyni zamanda, onların immun sisteminin qurulmasında mühüm rol oynayır.

Oxşar xəbərlər
OTACI