Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan Brüsseldə "rusca" danışacaq: İrəvan Ukraynanın məhv edilməsində maraqlıdır

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlara qədər Kremli Ermənistanın əsas düşməni elan edən baş nazir Nikol Paşinyan bu mövqeyini artıq dəyişib, Rusiyanın Ukrayna savaşında məğlub olacağı təqdirdə, Ermənistanın müstəqilliyini itirəcəyini qabardır... İndi rəsmi İrəvan israrla Ermənistanı Rusiyanın "təhlükəsizlik çətiri" altına yerləşməyə can atır, halbuki, Azərbaycan-Türkiyə İttifaqından tam qoruna biləcəyinə də qətiyyən əmin deyil...

Cənubi Qafqazda savaş və diplomatiya paralel faktorlara çevrilib. Artıq bir neçə gündür ki, Ermənistan hərbi təxribatlar törədir. Rəsmi İrəvan Rusiyanın sifarişi ilə Brüssel görüşünün pozulmasına cəhd göstərir. Ancaq bütün bu cəhdlər hələlik Ermənistanın hərbi-siyasi rəhbərliyinin istədiyi situasiyadan uzaqdır.

Məsələ ondadır ki, rəsmi İrəvan Brüssel görüşündən imtina şansı qazana bilməyib. Ermənistan baş naziri Nikol Paşinyanın mayın 13-də axşam saatlarında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə görüşəcəyi bildirilir. Növbəti gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüş keçirəcəklər. Və Azərbaycan ordusunun son "dəmir yumruq" zərbəsindən sonra erməni baş nazirin Brüsseldə özünü diskomfort durumda hiss edəcəyi də qətiyyən şübhə doğurmur.

Təbii ki, savaş meydanında üstün olan tərəf danışıqlar masası ətrafında öz mövqeyini və şərtlərini diqtə etmək hüququna sahibdir. Brüssel görüşündə də bu hüququn ön planda olacağını elə əvvəlcədən təxmin etmək mümkündür. Və bu görüşün nəticəsi olaraq, rəsmi İrəvanın yekun sülh sazişinin imzalanması ilə bağlı qərar vermək məcburiyyətində qala biləcəyini də ehtimal etmək olar.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Əslində, erməni siyasi dairələrindən gələn mesajlar da Ermənistanın gələcək taleyi baxımından, olduqca pessimist məzmun daşıyır. Hətta Ermənistanın keçmiş siyasi elitasına daxil olan şəxslər belə, baş nazir Nikol Paşinyana vaxt itirmədən yekun sülh sazişinin imzalanmasını məsləhət görürlər. Və bütün bunlar Ermənistan üçün ayrılmış ola biləcək geopolitik zamanın tükənmək üzrə olduğunu təsdiqləyir.

Ermənistan diplomatiyasının veteranı, keçmiş prezident Levon Ter-Petrosyanın müşaviri, vaxtilə Qarabağ danışıqlarında birbaşa iştirak etmiş Jirayir Liparityan baş nazir Nikol Paşinyanı sülh sazişini dərhal imzalamağa çağırıb. Onun fikrincə, əgər, erməni baş nazir bunu etməkdə bir az da geciksə, növbəti müharibə qaçılmaz olacaq və Ermənistan daha ağır itkilərlə üzləşəcək.

Keçmiş erməni diplomat Paşinyan hakimiyyətinin özündən əvvəlki iqtidarları "Qarabağın Azərbaycana verilməsi" ilə bağlı ittihamlarını da məntiqsiz hesab edib: "Qarabağ bizim deyil və bu səbəbdən də biz onu necə təhvil verə bilərik? Biz Qarabağı artıq itirmişik. Son savaşın nəticələrindən sonra Ermənistanın Qarabağ mövzusunda hər hansı mövqe və ya iddia irəli sürmək imkanı qalmayıb".

Göründüyü kimi, reallığı və həqiqətləri anlayanlar hər halda, olmamış deyil. Ancaq rəsmi İrəvan erməni toplumunun uydurma xəyalları reallıq kimi qəbul etmək vərdişləri qarşısında hələ də acizdir. Paşinyan hakimiyyəti radikal-revanşistlərin və erməni diasporunun təzyiqlərinə müqavimət göstərə bilmir. Ona görə də, həm çevriliş, həm də radikalların terror törədə biləcəyindən ciddi şəkildə qorxur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Ancaq Ermənistanda dövlət çevrilişi baş versə belə, bu ölkənin düşdüyü "geopolitik labirint"dən çıxa bilməyəcəyi indi inkaredilməz reallıqdır. Ermənistanda hansı siyasi qüvvələrin hakimiyyətə gəlməsindən asılı olmayaraq, yekun sülh sazişini mütləq imzalamaq məcburiyyətində qalacaq. Üstəlik, itirilmiş geopolitik zaman Ermənistanı daha ağır şərtlərlə də üzləşdirəcək. Və bu, erməni toplumunun hələ də anlaya bilmədiyi önəmli məqamlardan biridir.

Maraqlıdır ki, nüfuzlu "Foreign Policy" nəşrində yer alan məqalədə də bu məqamlar xüsusi olaraq, vurğulanıb. Cənubi Qafqazda mövcud vəziyyətin təhlili əsasında gəlinən rəy ondan ibarətdir ki, atəşkəs rejimində iki düşmən ölkə yekun sülh sənədini imzalamaq şansı qazanıb. Ancaq Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın mövcud situasiyanın hələ uzun müddət "dondurulmasında" maraqlı olması buna əngəl törədir.

"Foreign Policy" hesab edir ki, istənilən sülh sazişi mütləq Azərbaycanın xeyrinə olan məzmun daşıyacaq. Nəticədə Rusiyanın Cənubi Qafqazdakı mövqeləri kəskin şəkildə zəifləmiş olacaq. Ona görə də, Kreml sülh prosesini mümkün qədər bloklamağa cəhd göstərir. Rusiya ötən ilin ikinci yarısında kriminal erməni oliqarx Ruben Vardanyanı bölgəyə göndərməklə, müvəqqəti də olsa, öz planlarını aktiv fazaya keçirtməyə nail olmuşdu. Ancaq Azərbaycanın prinsipial davranışları Rusiyanın "Vardanyan layihəsi"ni iflasa uğratmaq üçün yetərli oldu.

Təbii ki, bütün bunlar Ermənistanın geopolitik manevr imkanlarının zaman keçdikcə, daha da məhdudlaşmaqda davam etdiyini göstərir. Rəsmi İrəvan ABŞ və Qərbdən umduğu prinsipial siyasi-diplomatik dəstəyi ala bilməyib. Halbuki, rəsmi İrəvan bu məqsədlə Rusiya ilə münasibətlərini korlayaraq, israrla Qərbə yaxınlaşmağa can atırdı. Erməni diplomatiyasının Vaşinqton uğursuzluğundan sonra isə rəsmi İrəvan bu dəfə Qərbə arxa çevirib, Rusiyanın "təhlükəsizlik çətiri" altında sığınacaq tapmağa ümid bəsləyir. Halbuki, buna nail ola bilsə belə, Rusiyanın artıq Ermənistana təhlükəsizlik təminatı verə bilməyəcəyini anlamaq o qədər də çətin deyil.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Əslində, reallığı rəsmi İrəvan hər kəsdən daha yaxşı başa düşür. Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin iddiasına görə, baş nazir Nikol Paşinyan bu barədə öz yaxın ətrafı ilə qapalı toplantı keçirib. Erməni nəşrinin əldə etdiyi məlumata görə, qapalı toplantıda Vaşinqton görüşündən sonra Ermənistan üçün yaranmış uğursuz situasiya müzakirə olunub. ABŞ və Qərbin Ermənistanı Azərbaycanla sülh danışıqlarında dəstəkləməyə həvəs göstərmədiyi etiraf olunub.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Vaşinqton görüşündən dərhal sonra Rusiyaya səfər etməsinin əsas səbəbini öz yaxın ətrafına məhz ABŞ və Qərbin Ermənistanın maraqlarına önəm verməməsi ilə izah etməyə çalışıb. Bu, əslində, erməni baş nazirin uzun müddətdən bəri yürütdüyü Qərbə yaxınlaşma siyasətinin artıq iflasa uğradığını etiraf etməsi anlamına gəlir. Hər halda, baş nazir Nikol Paşinyanın Qərbdə onun Rusiya səfərinin riyakarlıq hesab edilməsi qarşılığında Ermənistanın maraqları çərçivəsində davranmaq məcburiyyətində olduğunu vurğulaması da belə düşünməyə tamamilə əsas verir.

Maraqlıdır ki, son vaxtlara qədər Kremli Ermənistanın müstəqilliyi qarşısında ən böyük əngəl elan edən erməni baş nazir Rusiyaya münasibətdə mövqeyini ciddi şəkildə dəyişdiyini də qətiyyən gizlətməyib. Belə ki, erməni baş nazir Rusiyanın Ukrayna savaşında məğlub olacağı təqdirdə, Ermənistanın üzləşə biləcəyi situasiyanı təsəvvür etmək belə, istəmədiyini vurğulayıb. Onun fikrincə, bu, baş verərsə, Ermənistanı böyük fəlakətlər və müstəqilliyi itirmək təhlükəsi gözləyə bilər. Çünki Ermənistan Rusiyanın dəstəyi olmadan Azərbaycan-Türkiyə tandeminə qarşı müqavimət göstərmək şansına sahib deyil.

Təbii ki, bütün bunlar rəsmi İrəvanın qeyri-ardıcıl siyasi kursa məhkum qaldığını göstərir. Rəsmi İrəvan bir müddət öncəyə qədər ABŞ və Qərbə sığınmaq üçün əlindən gələn hər şeyi edirdi. İndi isə vaxtilə az qala Ermənistanın əsas düşməni kimi təqdim etdiyi Rusiyanın "təhlükəsizlik çətiri" altına yerləşməyə can atır. Halbuki, bu "təhlükəsizlik çətiri"nin artıq Ermənistanı əvvəlki kimi qoruya bilməyəcəyi də inkaredilməz reallıqdır. Buna baxmayaraq, baş nazir Nikol Paşinyanın Brüsseldə Kremlin verdiyi təlimatları tam şəkildə icra edəcəyi qətiyyən şübhə doğurmur.

(musavat.com)

Oxşar xəbərlər
OTACI