Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Bayramda qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyini artıra bilər”

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bayram günlərində ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxması, arterial təzyiqdə təhlükəli dəyişiklik, xroniki qastritlərin kəskinləşməsi, pankreatitlər, mədə-bağırsaq pozğunluqları, allergik reaksiyaların artması  və s. kimi ciddi fəsadlara səbəb ola bilər”.

Oxu.Az xəbər verir ki, adətən Novruz bayramında bu hallarla tez-tez rastlaşdıqlarını bildirən Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zığ Sağlamlıq Mərkəzinin həkim-terapevti Nuranə İsabalayevanın sözlərinə görə, bayram günlərində qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyinin artmasına səbəb olur:

“Bayram günlərində insanlarımızın əksəriyyəti qidalanmaya ciddi fikir vermir, yeməkarası fasilələrə, yeməklərin növlərinin düzgün müəyyənləşdirilməsinə diqqət yetirmir. Bu insan sağlamlığı üçün çox əhəmiyyətli məqamdır. Xüsusən, yağlı və qızardılmış, çox ədviyyatlı qida qəbulu zamanı yeməklər arasındakı fasiləni artırmaq, az-az və tez-tez yemək tövsiyə olunur.

Hətta biz-həkimlər olaraq, bayram günlərindəki ağır qidalanmadan sonra bir neçə saatlıq da olsa (heç olmasa, 6-8 saatlıq) ac qalmağı tövsiyə edirik. Bu mədə-bağırsaq sisteminin yükünün azaldılmasına səbəb olur. Bu baxımdan insanlarda mövcud olan tibbi diaqnozlar, xəstəliklər də mütləq nəzərə alınmalıdır”.

Həkim-terapevt, həmçinin xroniki xəstəliyi olan xəstələrin qida rejimlərində dəyişikliklər edilməsinin kəskin fəsadlara səbəb ola biləcəyini bildirib:

“Belə ki, şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması qanda şəkərin miqdarının çox yüksəlməsi ilə nəticələnə bilər. Bu, hətta bəzi xəstələrdə diabetik komalara belə gətirib çıxara bilər. Xroniki böyrək xəstələrininin də qidalanma rejimində dəyişiklik edilməsi, ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxmasına, arterial təzyiqin kritik göstəricilərinə səbəb olur. Bundan əlavə, ədviyyatla zəngin bayram şirniyyatlarının qəbulu insanlarda allergik reaksiyaların artması ilə nəticələnə bilər. Bu isə özünü yuxarı tənəffüs yolları və dəri nahiyəsində büruzə verir”.

N.İsabalayeva bayram günlərində hazırlanan qidaların saxlanma qaydalarına da riayət olunmasının zəruriliyini nəzərə çatdırıb:

“Bu günün yeməklərini çalışın digər günə saxlamayın! Bu, xüsusilə mayonezli salatlara və kremli qidalara şamil olunur. Həmin qidaların bir neçə gün sonra istifadəsi orqanizmdə çox ciddi fəsadlar verə bilər”.

Mütəxəssis bütün hallarda qidalanma ilə bağlı hər hansı narahatlıq müşahidə olunarsa, ərazi üzrə sahə/ailə həkimlərinə müraciət etməyi məsləhət görür. Evdə həkim müşahidəsi olmadan özbaşına müalicələrin daha ağır nəticələrə səbəb ola biləcəyini xüsusilə vurğulayır.

Oxşar xəbərlər
OTACI