Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Anoreksiya xəstəsi: “Mənə “gombulsan” dedilər, yemək yemədim, qusdum, sonra da...”

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qışda yeyib-içib, əylənirik. Elə ki yay fəsli yaxınlaşır, hamı başlayır arıqlamağa. Çəki atmağın isə müxtəlif yolları var. Orqanizm individual olduğu kimi pəhriz üsulları, arıqlama yolları da fərqlidir. Lakin bəzən artıq çəki, köklük insana o qədər kompleks yaradır ki, bu, birbaşa sinir sistemini zədələyir. İnsanlar stresdən anoreksiya xəstəliyinə tutulurlar.

Bir çox ölkələrdə gənc qızlar və yeniyetmələr tez-tez bu dəhşətli xəstəlikdən zərər görürlər. Sümüklər, qaraciyər, böyrəklər və ürək xəstəlikləri ilə birgə, anoreksiya ölümə səbəb ola bilər. Bəs bu xəstəliyin yaranma səbəbi nədir? Onu ilkin mərhələdə aşkarlamaq mümkündürmü? Ümumiyyətlə, bu xəstəlikdən sağalmaq olur, yoxsa ölüm qaçılmazdır?

Mövzu ilə əlaqədar bir çox mütəxəssis açıqlamalar, tövsiyələr verib. Lakin necə deyərlər, bu vəziyyəti daha yaxşı o dövrü keçən bilər - deyib, anoreksiyadan əziyyət çəkən biri ilə həmsöhbət olduq.

Oxu.Az-ın bu və digər suallarını anoreksiya xəstəliyindən əziyyət çəkən 2005-ci il təvəllüdlü Nübar Cəfərova cavablandırıb.

- Hazırda çəkiniz nə qədərdir?

- Bu gün 41 kq-a qədər kökələ bilmişəm. Amma əvvəl 36 kq olmuşam.

Niyə bu qədər arıq olmusunuz? Genetikdir, yoxsa necə?

- Mən, ümumiyyətlə, kompleksli biri olmuşam. Hər xırda söz mənə təsir edirdi. Yeddinci sinifdə oxuyanda sürətlə kökəlməyə başladım. Bu, o qədər gözə batırdı ki, sinif yoldaşlarım mənə lağ edirdi. Ailəm isə fikir vermirdi. Həmin ərəfələrdə boyum 1,4 m olardı. Çəkim isə 47-50 kq-a qədər qalxmışdı. Hamı deyirdi kökəlmisən, kök insanları göstərib - “sən köklükdə onu da keçmisən”, - deyirdilər. Məndə o qədər kompleks yaranmışdı ki, ac qalmağa başladım.

Əslində anam da bu yaşlarda çox arıq olub. Ailə qurandan sonra kökəlməyə başlayıb. Ona görə də ailəm arıq olmağıma elə də xəstəlik kimi yanaşmadı.

- Kompleks etdiyiniz üçün arıqlamağa başladınız?

- Təəssüf ki, bəli. Yeməkdən imtina etdim. Ancaq su, çay, kofe içərək günümü keçirirdim. Qəti şəkildə yemək yemirdim. Sonra internetdə arıqlama çayları barədə oxudum, videolara baxdım. Qızlar o çayların adamı arıqlatdığını deyirdilər. Artıq hazırlıqlara gedən ərəfələrdə başladım o çaylardan içməyə. Mədəmi çox incidirdi, amma çəki atdığım üçün dözürdüm. Bir müddət sonra məni 80 kq çəkidə olan sinif yoldaşıma, qrup yoldaşıma oxşadıb, kompleksə salan insanlar dedilər ki, “nə qəşəng arıqlamısan”. Bu söz məni yaxşı edirdi.

- Bəs evdə görmürdülər siz yemək yemirsiniz? Bunu necə gizlədirdiniz?

- Qusurdum. Çox təəssüf ki, bu da anoreksiyanın bir simptomu olub, bilməmişəm. Nə yeyirdimsə, qusurdum. Mədəm o qədər kiçilmişdi ki, haradasa 1-2 ay özüm özümü qusdururdumsa, sonra məndən asılı olmadı. Vərdiş kimi formalaşdı və yediklərimi qaytarmağa başladım.  

Ancaq su içəndə, saqqız çeynəyəndə özümü tox hiss edirdim. Axşam gəlirdim, məsələn, evdə hamı olanda, məcbur olub süfrədə otururdum, yeyirdim, sonra da qusurdum. Ya da yalandan deyirdim ki, dərsdən çıxanda yemişəm.

- Həkimə nə zaman getdiniz, bu diaqnoz sizə nə zaman qoyuldu?

- Özümü halsız hiss etməyə başladım. Qan dəyərlərim aşağı düşürdü, özümü yorğun hiss edirdim. Həkimə getdik, analizlərə baxdı. Köynəyimi çıxardı və bədənimin vəziyyətinə baxdı. Bir qədər sual-cavab etdikdən sonra mənə anoreksiya olduğumu dedi. Ailəm buna reaksiya vermədi, “yemək ye, düzələcək”, - dedilər. Amma həkim mənə psixoloq və psixiatr müayinələrindən keçməyimi də tövsiyə etdi. Dedi ki, psixoloji özün-özünə təsir edirsən.

Müalicə yazdı, amma mən kökəlmək istəmədiyim üçün həmin müalicələri etmədim. İnternetdən görüb götürdüyüm diyetlərə əməl edirdim, arıqlama çaylarını içirdim. O zamana qədər ki, artıq çəkim çox azaldı və insanlar məni görəndə - “bu nədir, bir az kökəl, pis görünürsən”, - deməyə başladılar. Mən isə güzgüyə baxıb özümü arıq görəndə xoşbəxt hiss edirdim.

- Bəs anoreksiyanın nə dərəcədə böyük fəsadlar yaradacağını bilirdinizmi?

- Bu barədə internetdə oxumuşdum. Düzü mən inanmırdım anoreksiya olaram. Amma bir müddət sonra o qədər arıqladım ki, üzümdə, əllərimdə, damarlar tam üzə çıxmağa başladı. Yavaş-yavaş qorxmağa başladım. Özümü güclə yemək yeməyə vadar edirdim. Amma bədənim yeməyi qəbul etmirdi, qusurdum. Bir yerdən sonra ən kiçikölçülü geyimlər belə əynimə boş olurdu.

Bir müddət sonra yuxusuzluq başladı. Bir neçə gün səhərə qədər yata bilmədim. Səhər isə hazırlıqlara gedəndə yuxulu, halsız olurdum. Yuxu rejimim o qədər pozulmuşdu ki, məcbur olub yuxu dərmanı içirdim. Yalnız onda çox az yata bilirdim. Gecə saat 12-də yatıb səhər saat 5-də oyanırdım.

- Hazırda yemək yeyə bilirsinizmi?

Bəli, özümü məcbur edib yeyirəm. Gündə üç dəfə yemək yeyirəm. Ürək bulantısı olsa da, fikir verməməyə çalışıram. Başa düşürdüm ki, belə davam eləsəm, heç yaxşı olmayacağam. Təsəvvür edin ki, sinifdə hamı kofta ilə oturanda, mən gödəkçə ilə otururdum. Çünki qidalanmadığım üçün qan dəyərlərim normadan çıxmışdı. Əlim ayağım buz kimi olurdu, əsirdim.

Hazırda ötən günlərə nisbətən bir az özümü yaxşı hiss edirəm. Amma əsəblərim çox korlanıb. Ən xırda bir şey məni qıcıqlandırır, özümdən çıxarır. Nə bilim hər şey üçün həyəcanlanıram. Həkimə gedirəm, yaxşı bir şey eşitməyəndə ağlamağa başlayıram. Deyirlər ki, yaş və çəki bir-birinə uyğun deyil. Yaşıma görə çəkim 50-56 kq olmalıdır. Mən isə zorla yemək yeyərək çəkimi artıra bilmişəm. Bu, irəliləyiş hesab olunur.

- Sizin kimi arıqlamaq üçün heç də sağlam olmayan yollar seçən, arıqlama çayları, həkim nəzarəti olmadan pəhriz seçən gənclər çoxdur. Onlara nə tövsiyə edərdiniz?

- Mən bu xəstəliklə üz-üzə qalmağımı bir az yaşımın azlığı ilə əlaqələndirirəm. Amma heç kimə tövsiyə etmirəm. İnsan hansı çəkidə olur-olsun özü-özünə xoş gəldiyi halda gözəl görünür. Mənə “gombulsan”, “necə pis görünürsən” deyən insanlar, arıqladıqdan sonra “çox arıqsan”, “skeletə” oxşayırsan deməyə başladılar. Yəni başa düşdüm ki, onlar hər bir vəziyyətdə danışmağa söz tapacaqlar. Amma indi mənə baxın? Nə yata bilirəm, nə normal yemək yeyə bilirəm. Normal yeyib, yatan insanlara həsrətlə baxıram.

Kənar təzyiqlərə görə addım atmaq, boş-boş insanların sözlərinə görə kompleks yaşamaq lazım deyil. Hər yaşın, hər çəkinin öz gözəlliyi var. Sadəcə idman etməklə, fiziki aktivliyinizi artırmaqla hər şeyi normada saxlaya bilərsiniz. Psixoloji cəhətdən güclü olmaq lazımdır. Mənim psixologiyam pozuldu, heç mənası yox imiş. Kim nə deyir desin, əsas siz özünüzü necə hiss edirsiniz, ona baxın. Halım olmur, amma əvvəlki həyatıma qayıtmaq üçün internetdə gördüyüm bütün videolardakı hərəkətləri ev şəraitində edirəm. Hazırlıqlara piyada gedib-gəlirəm. Hər şey yeyirəm ki, mədəm öyrəşsin. Bu çətin dövrə qalib gələcəyimə inanıram.

Oxşar xəbərlər
OTACI