Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Çıxarışı olmayan mənzillərin satışında dələduzluq halları daha çox olur”

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur. Bu barədə məsələ Ombudsmanın illik məruzəsində əksini tapıb.

Diqqət etsək görərik ki, xüsusilə Bakı və Abşeronda bəzi çoxmənzilli binalardakı evlər çıxarış olmadan, müqavilə əsasında satılır. Məlumdur ki, çıxarışlı mənzil hər kəs üçün əlçatan deyil. Demək olar ki, yeni tikilən binalardakı mənzillər müqavilə əsasında çıxarışsız satılır. Çox riskli olmasına baxmayaraq, bu mənzillərə üstünlük verənlər də az deyil. Bir çox şəxslər qiymət fərqinə görə, üz tutduqlarını söyləyirlər.

Bəs görəsən, əsas səbəb nədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tikinti şirkətləri başqa bir yol olmadığı üçün məcbur qalıb müqavilə üsuluna üz tuturlar:

“Yeni tikilən binalardakı mənzillərin ilkin sənədi müqavilə olur. Bina tikilib başa çatana qədər tikinti şirkətləri o mənzilləri müqavilə yolu ilə satır. Başqa bir satış mexanizmi olmadığından məcburən bu yola üz tuturlar. Elə binalar var ki, uzun müddət tikilməsinə baxmayaraq, hələ də çıxarış verilməyib”.

Ekspert qeyd edib ki, mənzillərin çıxarışının olmamasının müxtəlif səbəbləri var:

“Çıxarışsız mənzillərə qadağa qoyulması təklifi Ombudsmana olan şikayətlər əsasındadır. Çünki tikinti şirkətləri bir mənzili bir neçə nəfərə satıb. Şikayət çoxdur. Düşünürlər ki, qadağa qoymaqla problem həll olunacaq. Bu, yanlış yanaşmadır. Bu gün Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş qəzalı bina var. Həmin binaları da tikinti şirkətləri sökürlər. Müqaviləli mənzillər ləğv olunacaqsa, ilk növbədə çıxarış verilməlidir. Yeni tikilməkdə olan binanın satış mexanizmi dəyişilməlidir”.

E.Fərzəliyev əlavə edib ki, qanunla qadağa edilsə, o zaman müqavilə əsasında mənzili olan vətəndaşların mülkiyyət hüququ pozulacaq:

“Mexanizm dəyişilməlidir. Çıxarışsız mənzillərin alqı-satqıları aparılmalıdır. Tikinti şirkətləri tərəfindən deyil. Bunun üçün yeni qurum yaradılmaldır. Həmin mənzillər çıxarışı olmadığı üçün sığortalana bilmir. 

Vətəndaş mənzilinin çıxarışı olmadığı üçün evinə qeydiyyata da düşə bilmir. Çıxarışı olmayan mənzili ipoteka krediti ilə almaq olmur. Satış mexanizmi qurularsa, mülkiyyət hüququ alınarsa, ipoteka ilə satıla bilər. Yeni mükəmməl mexanizm formalaşdırmaq lazımdır”.

Hüquqşünas Şəmsəddin Əliyev qeyd edib ki, çıxarışı olmayan mənzillərin satışında dələduzluq halları daha çox olur:

“Bu məsələ son zamanlar daha çox aktual problemə çevrilib. Etibarlığı daha az olur. Bu tip mənzillər kifayət qədər dövriyyəyə buraxılıb. Çıxarışı olmayan mənzillərin satışının qadağa olunması düzgün təklifdir. Bununla bir sıra çətinliklərin qarşısı alınacaq. Real çətinliklər həllini tapacaq. Qadağa olunmasının tərəfdarıyam”.

Oxşar xəbərlər
OTACI