First slide

Sülhməramlıların səddini yaran ekofəal: “İlk gündən blokada yaratmaq niyyətində olmamışıq”

26 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Artıq 46 gündür ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Gənc fəallar gün ərzində olduğu kimi, gecə də yüksək fəallıq göstərirlər.

Oxu.Az-ın suallarını həmin aksiyada iştirak edən, Rusiya sülhməramlılarının canlı səddini yaran ilk ekofəallardan biri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Kənan Kərimli cavablandırıb.

- Necə oldu ki, sözügedən ərazidə aksiya başlatmaq qərarı verildi?

- Aksiyamız 2022-ci il dekabrın 12-dən başlayıb və dünyanın həssas yanaşdığı mövzulardan birinə - ekoloji tarazlığın qorunmasına - həsr edilib. Faydalı qazıntı yataqlarının qanunsuz istismarı, təbii sərvətlərin talan olunmasına qarşı Xankəndi-Laçın yolunda hərəkətə maneə törətmədən, vətənpərvərlik ruhunda müxtəlif mahnılar, ekoloji şüarlar səsləndirilir. Biz bu gün də Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə dinc aksiyamızı həyata keçiririk.

Sözügedən yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün tam olaraq açıqdır. Orada heç bir yolun kəsilməsindən söz gedə bilməz. Bizim istəyimiz odur ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması üçün mütəxəssislərimizə şərait yaradılsın. Biz ilk gündən blokada, humanitar fəlakət yaratmaq niyyətində olmamışıq.

- Bir müddət əvvəl Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq etiraz aksiyası keçirən ekofəallara təşəkkür edib, gənclərin aksiyada rolunu yüksək qiymətləndirib.

- Prezidentin aksiya iştirakçılarına dəyər verməsi bizdə böyük ruh yüksəkliyi yaratdı. Bu, biz ekofəalları daha da əzmləndirdi. Gecə-gündüz demədən, havanın soyuq keçməsinə baxmayaraq, sülhməramlıların qarşısında əliyalın dayanaraq, dünyaya bir daha məqsədimizin nə olduğunu sübut edirik. Sadəcə, ekoloji terrora son qoyulmasını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeydiyyatında olan mərmər, gümüş, qızıl yataqlarımızın xilas olunmasını, həmin yataqların monitorinqinin keçirilməsini istəyirik.

Bu gün də eyni tələblərimizi irəli sürürük ki, sərvətlərimizin talanmasına son qoyulmalıdır. Bu, bizim haqq işimizdir. Aksiyada iştirak etmək vətəndaş borcumuzdur. Hazırda da aksiya öz axarı ilə davam edir, iştirakçıların əhvali-ruhiyyəsi yüksəkdir və tələblər dəyişməz olaraq qalır. 

- Havanın soyuq olması çətinlik yaratmır ki? 

- Heç bir çətinlik yoxdur. İlk gün isti çadırın olmaması qismən çətinlik yaratdı. İndi isə belə bir problem yoxdur. Gün ərzində iştirakçılar beş dəfə qidalanır, istədikləri zaman isti çay, qəhvə ilə təmin edilirlər. 

- Aksiya nə zamana kimi davam edəcək?

- Tələblərimiz nə vaxt yerinə yetəcəksə, ona kimi aksiyamızı davam etdirəcəyik. Artıq 46 gündür ki, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekofəllar, gənclər və digər şəxslər oradadırlar. Bizim tələblərimizdən geri dönmək niyyətimiz yoxdur. Mən özüm 10 gün orada qaldım, sonra isə gəlib-getdim. Aksiya başlayandan sonra sayımız durmadan artdı. Yaxın günlərdə yenidən getməyi planlaşdırıram. Aksiyada 100-dən çox şəxs iştirak edir. 

- Rusiya sülhməramlılarının canlı səddini yaran ilk ekofəallardan birisiniz. Bu necə planlaşdırıldı?

- Biz orada ETSN yanında İctimai Şuranın üzvü olaraq səddi keçməyi planlaşdırdıq. Əlisilahsız keçdik və ilk gündən tələblərimizi bildirdik. Qarşı tərəf iddia edir ki, biz yolu bağlamışıq. Tamamilə səhv məlumatdır. Biz yol kəsmədən orada dayandıq və həmin gün sülhməramlıların sayı az idi. Daha sonra onlar oraya əlavə canlı qüvvə cəlb etdilər. Hər gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılır. 

- Bildirilir ki, həmin yolda dayanan Rusiya sülhməramlılarının arasında ermənilər də var...

- Hərbi ekspert Telman Qasımov erməni dilində bəyanat verən zaman sülhməramlıların arasında olan ermənilərdən biri reaksiya verdi. Daha sonra həmin adam geri çəkildi.

- Havaların soyuq keçməsi ilə əlaqədar ermənilər yaşadıqları Azərbaycan ərazilərində təbiətə qarşı qənim kəsiliblər. Onlar oradakı ağacları kəsərək təbiəti məhv edirlər. Ağacların ermənilər tərəfindən kəsilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yer alıb. Qızıl və molibden mədənlərinin qanunsuz istismarı ilə yanaşı, bu məsələlərin də ekofəalların gündəminə gətirilməsi nəzərdə tutulubmu?

- Qeyd edim ki, tələbimiz yalnız qızıl yataqlarını deyil, bütün ekoloji vəziyyəti monitorinq etməkdir. Orada ağaclar məhv edilir, sular çirkləndirilir, yataqlar qeyri-qanuni istismar olunur. Biz haqlı olaraq əraziyə keçib monitorinq etmək niyyətindəyik. 

 

Oxşar xəbərlər
OTACI