Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

50 min il sonra yaşıl kometa Yerə yaxınlaşır

26 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

C/2022 E3 yaşıl kometası Yerə yaxınlaşır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, C/2022 E3 yaşıl kometası Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-də Bakı vaxtı ilə saat 20 radələrində olacaq.

Maksimal yaxınlaşmada Yerdən kometaya qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında görmək olacaq. Bu kometa yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçib.

C/2022 E3 kometası 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olub. Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn ediblər, heç bir halda kometaya bənzətməyiblər. Lakin Günəşə yaxınlaşdıqca obyekt kometaya xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılımtıl koma və quyruğu nümayiş etdirməyə başlayıb. Sonrakı hesablamalar göstərib ki, kometa çox dartılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik vahiddir. Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022 E3 kometası milyardlarla kometanın olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl kometa axırıncı dəfə 50 000 il əvvəl Yer kürəsinin yaxınlığından keçib.

Günəşin ultrabənövşəyi şüalarının təsirindən iki atomlu karbon molekullarının - dikarbonun parçalanması prosesi (bu prosesə fotodissosiasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometanın başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, ikiatomlu karbonun mövcud olması kometaya yaşıl rəng verir. İkiatomlu karbon molekulları fotodissosiasiya prosesi nəticəsində nüvədən uzaqlaşmamış parçalandığından onlar kometanın quyruq hissəsinə düşə bilmirlər və ona görə quyruq yaşıllaşmır.

Ehtimal olunur ki, budəfəki gəliş C/2022 E3 kometasının son gəlişidir. Çünki nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə onun trayektoriyası dartılıb, uzunsov ellipsdən açıq hiperbolaya çevrilib.

Beləliklə, C/2022 E3 kometası bu səfərdən sonra Günəş sistemini həmişəlik tərk edəcək.

Oxşar xəbərlər
OTACI