First slide

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə telefonla danışıb

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub.

Bu barədə Press.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub.

C.Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və s. istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb.

Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamafobiya və terrorçuluq meylləri, yoxsulluq ilə mübarizədə İƏT üzv dövlətlərinin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI