First slide

Ər-arvad arasında etibarnamə söhbətinə Ədliyyə Nazirliyi də CAVAB VERDİ - Cərimə yazıla bilməz

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birgə nikah dövründə əldə edilən nəqliyyat vasitəsini idarə etmək üçün ər-arvad arasında etibarnaməyə ehtiyac olub-olmaması ilə bağlı çoxlu fikirlər dolaşırdı. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi etibarnamənin vacibliyini bildirirdi, lakin hüquqşünas Ərşad Hüseynov və ekspertlər, o cümlədən sabiq deputat, tanınmış hüquqşünas Çingiz Qənizadə etibarnaməyə ehtiyac olmadığını bildirdi.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir: "Eyni zamanda həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilib".

Təəssüf ki, bəzi şəxslər Nazirliyin bu cavabını düzgün anlamayaraq qanunauyğun olmayan şərh veriblər. Bu isə sürücülərdə yenidən çaşqınlıq yaradıb. Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin bu cavabına şərh və ya izah deyilməsi yanlışdır, çünki "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddəsinə əsasən, ölkəmizdə normativ hüquqi aktlara, onun ayrı-ayrı müddəalarına rəsmi şərh vermək səlahiyyəti yalnız Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və həmin normativ hüquqi aktı qəbul etmiş dövlət qurumuna məxsusdur (məsələn, qanuna şərhi Konstitusiya Məhkəməsindən başqa, yalnız Milli Məclis özü verə bilər): "Ədliyyə Nazirliyinin əməkdaşlarının hamısı demək olar ki, hüquqşünasdır. Bu müddəanı çox gözəl bildiklərinə görə, həm də Ədliyyə Nazirliyinin mərkəzi icra hakimiyyəti orqanı kimi əsasnaməsinə uyğun olaraq onlara hər-hansı bir qanunvericilik aktının, onun müddəasının şərh edilməsi ilə bağlı verilmiş sorğuya məhz şərhlə yox, bu məzmunda cavab verməli idilər. Göründüyü kimi, Ədliyyə nazirliyinin cavabı kimi yayılan məlumatda hər-hansısa bir şərh, izahat yoxdur. Bu isə istinad etdiyimiz qanunvericilik aktlarına tam olaraq uyğun normal bir yanaşmadır.

Lakin Ədliyyə nazirliyinin bu cavabında bizim əvvəllər dəfələrlə səsləndirdiyimiz mövqeyimizi bir az da qüvvətləndirən istinad vardır. Belə ki, Ədliyyə nazirliyinin nümayəndəsi öz cavabında mədəni şəkildə, peşəkarcasına, mübahisəli məsələnin şərhini verməsə də, İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə və 332.1-ci maddəsinə istinad edib və bununla da demək istəyib ki, həmin məsələ ilə bağlı İXM-nin müddəları necə var elə də tətbiq edilməlidir. Məcəllənin 1.3-cü maddəsində isə aydın şəkildə deyilir ki, İXM-də bütün tərkib əlamətləri göstərilməyən hər-hansı əmələ görə heç kəs inzibati məsuliyyətə cəlb oluna bilməz. Yəni hər-hansı bir əməlin​ inzibati xəta olduğu yalnız İXM-lə müəyyən oluna bilər. Əgər konkret əməl (o cümlədən də nikah haqqında şəhadətnamə ilə nəqliyyat vasitəsini idarə etmə) İXM-də xəta kimi göstərilmirsə, heç kim məsuliyyətə cəlb edilə bilməz.

Nazirliyin istinad etdiyi digər norma isə İXM-nin 332.1-ci maddəsidir. Həmin maddəyə də əvvələr dəfələrlə şərh vermişik. Qeyd olunan maddədə də hər şey kifayət qədər aydındır. Bu maddədə göstərilir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olmayan şəxs nəqliyyat vasitəsində deyilsə və onu idarə edən şəxsin etibarnaməsi yoxdursa, bu halda cərimə tətbiq oluna bilər. Həmin maddənin "Qeyd"ində sahiblik hüququ olan şəxsə kifayət qədər aydın anlayış verilib. "Qeyd"də göstərilir ki, "nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs" dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Göründüyü kimi, nəqliyyat vasitəsinə sahibilik hüququ olan şəxslərdən ən birincisi onun mülkiyyətçisidir. Birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin mülkiyyətçisi dedikdə isə bizim əvvəllər verdiyimiz şərhdə olduğu kimi, həm ər, həm də arvad çıxış edir.​ Bu da Mülki Məcəllənin birmənalı mövqeyidir. Çünki, "mülkiyyətçi" anlayışına izahı yalnız Mülki Məcəlləyə istinad edilərək vermək olar. Mülki Məcəllə bu məsələdə digər normativ hüquqi aktlardan üstündür. Təkrar da olsa bir daha bildirirəm ki, Mülki Məcəlləyə görə, birgə nikah dövründə əldə edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi ər və arvadın hər ikisidir. Deməli, ər və arvadın hər ikisi bir-birinə etibarnamə və ya hər hansı başqa sənəd vermədən ortaq mülkiyyətləri olan avtomobili idarə edə bilərlər" - deyə hüquqşünas Ərşad Hüseynov bildirib.

O, əlavə edib ki, Ədliyyə nazirliyinin bu cavabını şərh və ya izah adlandırmaq, ondan hüquqazid nəticələr çıxarıb, ictimaiyyəti çaşdıran yanlış şərhlər vermək, bu məsələdən sui-istifadə etmək doğru deyil.

Oxşar xəbərlər
OTACI