Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Üzr istəmək fikrim yoxdur, şəhərdə yaşaya bilmirlərsə …”

17 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sözügedən video düz beş il bundan əvvəl çəkilib – 2018-ci ildə. Niyə bunu indi gündəmə gətiriblər, başa düşmürəm. O vaxt nə pandemiya, koronavirus, nə də müharibə var idi. Həmid Həmidovun verişilini çəkəndə gənclər ucadan danışırdılar. Mən də fikir bildirdim ki, müəyyən insanlar şəhərə gələndə urbanizasiya prosesini keçə bilmirlər. Bunu beş il bundan əvvəl də demişəm, indi də deyəcəyəm. Heç kimdən üzr istəmək fikrim də yoxdur. Hansı insanlar ki şəhərdə yaşaya bilmirlər, onlar digər insanlardan üzr istəməlidirlər. Lap dərinə getsək, mənim nəslim-köküm hamısı Bakıya kənddən, rayondan gəlib. Babalarımın, nənələrimin heç biri “Tarqovı”da anadan olmayıb. Amma onlar Bakıya gələndə ağıllarına da gəlməyib ki, gedib o boyda dahi Üzeyir bəyin – hansı ki bizim himnimizi bəstələyib – abidəsinə ayaqqabı atsınlar. Heç vaxt ağıllarına gəlməyib ki, Prezident tərəfindən Hacı Zeynalabdin Tağıyevin büstünün açılışından dörd-beş saat sonra gedib onun təsbehini qırsınlar. O Hacı – hansı ki şəhərin yarısını tikib, Bakıya su çəkdirib. Babalarım, nənələrim halbuki Bakıya gələndə cavan olublar. Heç birinin o vaxt ağlına gəlməyib ki, bulvarda salyuta baxmaq üçün “Mirvari” kafesinin damına çıxıb, fit çalıb, qışqırsınlar və sair… Söhbət məhz bu kateqoriyadan olan insanlardan gedir”.

Bu sözləri Pravda.az-a eksklüziv açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, rayonlularla şəhərlilərin arasında ayrıseçkilik etməsi heç vaxt mümkün deyil: “Çünki 75 faizimiz rayondan gəlməyik. Söhbət mədəniyyətsiz, tərbiyəsiz insanlardan gedir. İnanırsınız, öz şəhərimdə nəfəs ala bilmirəm. Xaricilər də baxır, deyirlər ki, axı niyə biz belə olmalıyıq? Mən də belə düşünürəm: axı niyə biz belə olmalıyıq? Niyə axı tərbiyəli olmamalıyıq? Ruslarda belə bir misal var: digərinin məscidinə kimsə öz qayda-qanunu ilə getmir. Məscidə gəlmisənsə, o məscidin qayda-qanunu ilə yaşa. Axı sənə heç kim demir ki, bunu etmə, onu etmə… Gəl, yaşa”.

B.Bağırzadə “şəhidlərimizin çoxu rayonlarımızdan, kəndlərimizdəndir, aktyor həmin şəhidlərimizə hörmətsizlik edib” deyənlərə isə belə cavab verib: “Allah şəhidlərimizin hamısına qəni-qəni rəhmət eləsin. Hamısı mərd, cəsur insanlar olub. Allah onların valideynlərinə səbir versin. Hər dəfə onların şəkilləri sosial şəbəkələrdə qarşıma çıxanda inanın mənə, ölüb yerə girirəm. Əsl namuslu, kişi adamlar olublar. Sağ olsaydılar, inanın, onların da xoşlarına gəlməzdi ki, o boyda Şuşanın yetirməsi Üzeyir bəyin abidəsinə ayaqqabı atsınlar, yaxud Hacının təsbehini qırsınlar, restoranın damına çıxsınlar, küçələrdə söyüş söysünlər… Belə tərbiyəsizliyi görəndə şəhidlərimizin də ruhu şad olmur. Onlar bu torpağı azad etməyiblər ki, digərləri gəlib burada özlərini belə səviyyəsiz aparsınlar. Mənim iki babam – hansı ki kənddən, rayondan gəliblər – onlar 1941-1945-ci illərdə müharibədə olublar, faşizmə qarşı müharibə aparıblar. Rəhmətlik atam da Birinci Qarabağ müharibəsində “milis” işçisi kimi Şuşada döyüşüb. Biz bunları görmüşük. Onların ruhu şad olmaz ki, “biz vuruşmamışıq, bu gün “xuliqan”lar, tərbiyəsiz insanlar özlərini belə aparsınlar…” Söhbət təkcə Bakıdan getmir. Hələ kəndlərimizdə, rayonlarımızda da özlərini nalayiq aparanda adama təsir edir. Məgər bölgələrdə yoxdur? Orda da var. Vətənini sevən insanam. Kim mənə sübut etmək istəyirsə ki, mən Vətənimi sevmirəm, o, çox böyük səhv edir. Ağsaqqal Rəşid bəy, alim adam, deməkdən ki, “Bəhram Bağırzadə düz deyir, ay camaat, ay insanlar, özünüzü düzgün aparın, tərbiyəli olun…” Öyüd-nəsihət verməkdən, durub deyir ki, rayondan gəlib şəhərdə damlara şifer vurublar. Bu da bizim alimimizin cavabı. İnsanlara başa salmaqdan ki, özünüzü düzgün aparın, gedin elmə yiyələnin, oxuyun. Durub şifer, qır söhbəti edir. Bir tərəfdən başa düşürəm, yaşlı adamdır, qəlbinə toxunmaq istəmirəm. Allah cansağlığı, uzun ömür versin….”

Oxşar xəbərlər
OTACI