First slide

Paris və İrəvan arasında gizli anlaşma

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təəssüflər olsun ki, bu gün bəzi dövlətlər dünyada xaos və anarxiya, ədalətsizlik və hüquqların pozulması, soyqırım və deportasiya kimi bəşəriyyəti təhdid  edən amillərin əsas lokomotivi rolunda çıxış edirlər. Belə dövlətlər arasında ilk sırada,sözsüz ki, Makronun başçılıq etdiyi Fransa dayanır.

Makron və Paşinyanın  Aİ -nın monitorinq qrupunu həmişəlik Ermənistanda saxlama planları

Dekabrın 6-da Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyada sual-cavab sessiyası zamanı bəyan edib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatının uzadılması zəruridir. O, bunu missiyanın sərhəddəki monitorinqinin "eskalasiya riskini azaltması" ilə izah edib.
Göründüyü kimi, rəsmi Paris öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün müxtəlif bəhanələrdən istifadə etməyə davam etməkdədir. Bu dəfə Fransa Avropa İttifaqının xüsusi missiyası adı altında Qafqazda xaos və anarxiya yaratmaq niyyətindədir. Fransanın qısamüddətli hədəfi müvəqqəti missiyanın mandatını uzatmaq, uzunmüddətli məqsədi isə, onu daimi missiyaya çevirməkdir.
Avropa İttifaqının xüsusi missiyasının müki adamlar adı altında Ermənistana gəlişi, sözsüz ki, Makron və Paşinyanın gizli danışıqlarında əldə edilmiş razılıqla bağlıdır. Cari ilin sentyabrında Parisdə baş tutan Makron - Paşinyan görüşündə Rusiyanı və İranı qıcıqlandırmamaq üçün xüsusi missiyanı - mülki şəxslərdən ibarət olan qrup adlandıran ikili, əslində isə, Mehridən Şərqi Zəngəzura qədər olan strateji vacib coğrafiyanı Fransanın müəyyən strukturlarının istehkam qalasına çevirmək niyyətindədirlər. Bir zamanlar Rusiyanın "forpostu" kimi yaşayan Ermənistanda Rusiyaya nifrəti ilə seçilən N. Paşinyanın hakimiyyətə gəlməsi və onun atdığı addımlar, sözsüz ki, bu dövlətin  Kremli sataraq Fransanın koloniyasına keçməyə razı olduğunun göstəricisidir.
Rusiyanın Ermənistandan çıxarılması  və onun Fransanın timsalında Aİ ilə əvəzlənməsi planı bu gün Paris və İrəvanın əsas hədəfləri sırasında bəlkə də ən birincidir. Belə ki,hələ oktyabrın 20-də Nikol Paşinyan erməni mətbuatına verdiyi açıqlamada "Ehtiyac yaranarsa Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşdirilən monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər"  qeyd edilirdi.
Yeri gəlmişkən, bu məsələdə ən təəcüblü məqam Rusiyanın hazırki proseslərə sakit yanaşması və eskalasiyanın yüksəlməsinə istiqamətlənən Paşinyan - Makron planı qarşısında susqunluğudur. Hərçənd, NATO- ya daxil olan Fransanın seçdiyi xüsusi qrupun Rusiya hərbçiləri və sərhədçilərinə bir neçə km qalmış bölgəyə göndərilməsi rəsmi Moskva üçün ciddi siqnal və təhdiddir.
Digər tərəfdən, hər kəsə məlumdur ki, bu kimi missiyaların Ermənistana gəlişi bu dövlətin  işğalçı siyasətinə dəstək vermək və rəsmi İrəvanı üzərinə götürmüş öhdəliklərdən yayındırmaq deməkdir.


Təəsüflər olun ki, hazırda Fransa hökuməti məhz qeyri - sabitləşdirici funksiyanın dünyada və Cənubi Qafqazda daşıyıcısı rolunda çıxış etməkdədir.

Çox uzağa getməyək, misal  olaraq Ukrayna və Rusiya arasında davam edən müharibədə də, Makronun hansı məqsədlər güddüyü üzə çıxmış oldu. Hələ müharibənin başlanmasına qədərki və başladığı dövrdə Fransa liderinin guya ki, iki tərəf arasında barışıqla məşqul olması imicini yaratması cəhdi səmimiyyətdən olduqca uzaq idi. Təsadüfi deyil ki, Ukrayna prezident Zelenski fevral ayından ötən vaxt ərzində Qərb liderləri arasında  ən çox tənqid etdiyi şəxs E. Makrondur. Onun danışıqlar prosesində "sülhyaratma missiyası" haqqında danışan Ukrayna lideri dəfələrlə Fransa prezidentinin təkliflərini rədd etdiyini bildirərək onun vasitəçiliyini uğusuz adlandırıb. Sitat: O, vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi və bunu edə bilmədi.

Yuxarıda sadalananlar azərbaycanlı oxucu üçün çox tanışdır. Fransa lideri E. Makronun Cənubi Qafqaza yanaşmasında da, ərazi bütovlüyünə hörmətsizliyi, terrorçuluğun və işğalçılığın dəstəklənməsi sezilməkdədir.

Fransa xarici işlər nazirinin Aİ - nin xüsusi missiyasının vaxtının uzadılmasını təklif etməsi, Makron hökumətinin  qlobal miqyasda aktual məsələləri kənara ataraq Qafqaz -Xəzər regionuna müdaxilə etməsi deməkdir və təsadüfi deyil. Məsələ burasındadır ki, qarşıdakı aylarda Ermənistan ordusunun mümkün təxribatı fonunda Paris və İrəvan Aİ -nin xüsusi monitorinq missiyasının hesabatı vasitəsilə rəsmi Bakını günahlandıran qətnamə qəbul etmək məqsədini güdə bilər.  

Sülh danışıqlarına xələl gətirən Fransa

Hazırda   Qarabağ məsələsində qızışdırıcı bəyanatlar verən Fransanın utanmazcasına Praqa görüşünün davamı olaraq dekabrın əvvəlində Azərbaycan, Aİ və Ermənistan liderləri arasındakı görüşdə iştirak etmək istəyi, Nikol Paşinyanın Azərbaycan tərəfinin razı olmayacağını bilə - bilə Fransanın iştirak edəcəyi halda görüşə razı olması ilə bağlı dedikləri, əlbəttə ki, İrəvan və Parisin hansı məqsədlər güddüklərinin göstəricisidir.

Yeri gəlmişkən, bu həmin Fransadır ki, iki il əvvəl Azərbaycan qarşısında Ermənistan kapitulyasiya aktına imza atarkən və rəsmi Bakı qarşısında öhdəliklər götürdüyü bir vaxtda sülh prosesinin pozulması üçün cəld şəkildə "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifini irəli sürmüşdü. Bunun da nəticəsidir ki, Xankəndidəki erməni separatçıları və erməni hərbi birləşmələri hələ də "müstəqillik" və ya "Ermənistana birləşmə" ümidləri ilə yaşamaqda və regionda sülh prosesinin icrasına mane olmaqdadırlar.  Təsadüfi deyil ki, artıq iki gündür ki, Qarabağdakı erməni separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi "nümayəndə heyəti" Fransada səfərdədir. İki gün ərzində separatçılar Fransa Senatının bütün parlament qruplarının rəhbərləri və Milli Assambleyanın bütün fraksiyalarının məsul şəxsləri ilə görüşüb.  Fransada səfərdə olan A.Arutyunyan qondarma "Artsax"ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb. Görüşdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub.

Qəmər adaları ilə bağlı BMT və Qoşulmama Hərəkatının tələbini icra etməyən Fransa

Əgər Fransa doğrudan da, haqqı olan xalqlara müstəqillik verməyə iddialıdırsa o zaman buyursun Qəmər adalarının Mayot adası məsələsində üzərinə düşən öhdəliyi icra etsin.

1975-ci ildə müstəqil Qəmər Adaları Respublikası yarandı və tərkibindəki 4 ada ilə (Mayot da daxil olmaqla) BMT-nin tamhüquqlu üzvü oldu. Keçirilmiş referendumun nəticələrinə əsasən, BMT Baş Məclisi bütün 4 ada üzərində (Qrand-Komor, Anjuan, Moxeli və Mayot) Qəmər Adaları Respublikasının suverenliyini tanıdı və Fransanı həmin adaları tərk etməyə çağırdı. Lakin, Fransa BMT-nin tələbinə məhəl qoymadı.

1976-cı ildə Qəmər adaları hökuməti yenidən BMT-dən dövlətin ərazi bütövlüyünün qorunması üçün tədbirlər görməsini tələb etdi. Bu dəfə Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından istifadə edərək qətnaməyə veto qoydu. BMT Baş Məclisi 12 dekabr 1979-cu il 34/69 qətnaməsi ilə yenidən Qəmər adalarının Mayot adası üzərində hüquqlarını tanındı və Fransadan müstəqil bir dövlətin ərazisini tərk etməsini bir daha tələb etdi.

2019 -cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq etmiş və 2009-cu ilin 29 martında burada keçirilən referendumu və Qəmər adası olan Mayotun Fransanın 101-ci departamentinə çevrilmə prosesini qınamış və etibarsız saymışdır. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini qanunsuz olan, Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan "Balladur Visa"sını ləğv etməyə çağırmışdı.

Göründüyü kimi, bütün bunlara baxmayaraq Fransa Qəmər adaları məsələsində beynəlxalq hüquqa tüpürərək işğalçı və müstəmləkəçi olmasını sübut etmiş oldu.

Müstəmləkəçi Fransanın Azərbaycana yol göstərməsi gülüncdür

Bu gün  Benin, Burkina-Faso, Çad, Ekvatorial Qvineya, Qabon, Qvineya, Fildişi Sahili, Kamerun, Komor adaları, Konqo, Mali, Niger, Mərkəzi Afrika Respublikası, Seneqal, Toqo və Yuxarı Voltada Fransa hökumətinin apardığı siyasət beynəlxalq hüququn pozulması və müstəqil dövlətlər sayılan bu ölkələrin suverenliklərinə qəsddir.
Bu gün Azərbaycanı olmayan sərhəd xəttini keçməkdə günahlandıran və bununla bağlı müxtəlif qərarlar qəbul edən Fransa yaxşı olardı ki, dönüb öz tarixinə baxsın. O Fransakı, özündən minlərlə km uzaq olan dövlətlərə ordu yeridir, onların daxili işlərinə qarışır, "xərac" verməyən hökumətlərin liderlərinə qarşı sui - qəsdlər törədir və ya devirir.

Səlib yürüşünə çıxan Makron

Makronun Qafqazla bağlı bu qədər sərt mövqe nümayiş etdirməsinin digər səbəblərindən biri  Türkiyə və türk amili ilə bağlıdır. Misal üçün artıq məlumdur ki, dünənə qədər Afrika qitəsində ən böyük paya sahib olan Fransa Türkiyə tərəfindən sıxışdırılıb. Bunun birinci səbəbi Fransaya qarşı keçmiş koloniyalarda kin və nifrətdir. Tarixi ləkələrlə dolu olan, müharibə və müharibədən sonra daim keçmiş koloniyalarına qarşı cinayətlər törətmiş, xalqları uzun illər əsarətdə saxlayan, dini və etnik mənsubiyyətinə görə yüzlərlə insanı kütləvi şəkildə qətlə yetirən Fransa bütün dünya xalqlarını bezdirən siyasəti ilə məşhurdur. Buna görə Fransa parlamentinin, xarici işlər nazirinin bugünlərdə  Azərbaycanı ittiham edən bəyanatlar səsləndirmələri gülüncdür. Yaxşı olardı ki, Makron məhz onun hakimiyyəti dövründə dünyada nüfuz itirdiyinin səbəbləri haqqında düşünsün. Misal üçün, Türkiyə Afrikaya yeni daxil olmuş ölkə olsa da, inam, qarşılıqlı maraq və tərəfdaşlıq ruhuna əsaslanan səmimi yanaşması ilə qitənin bir çox ölkəsinin könlünü fəth etməkdədir. Keyptaun Universitetinin araşdırmasına görə, Türkiyə qitədəki ölkələrlə vicdanlı münasibətinə görə Afrika ilə əlaqələrini inkişaf etdirə bilir. Türkiyənin təmiz keçmişi var. Türkiyə Afrikanı heç vaxt müstəmləkəsi etməyib. Türkiyənin qitədə müstəmləkə irsi olmaması afrikalılarla türklər arasında inam yaradır və onun işini asanlaşdırır. Araşdırmaların nəticələri belədir.
Türkiyənin bütün qitədə 40-dan çox səfirliyinin olduğunun qeyd edildiyi araşdırmada bildirilib ki, Ankara on ildən az bir müddətdə qitədə bir çox qurum yaradıb, humanitar yardımlar paylayıb, təhsil təqaüdü verib, məktəblər təsis edib, inkişaf layihələrini dəstəkləyib.
Hazırda Afrika, Aralıq dənizi hövzəsində nüfuzunu itirən və Türkiyəyə qarşı qurmağa cəhd etdiyi mümkün koalisiyaya daxil olan dövlətlərin rəsmi Ankara ilə münasibətlərini nizama salmaları, sözsüz ki, Parisi qıcıqlandıran əsas faktorlardan biridir. Bir - birinin ardınca xarici siyasətdə uğursuzluğa duçar olan Makron bu dəfə ermənilərdən istifadə edərək hakimiyyətinin ilk günündən Türkiyəyə qarşı başladığı "səlib yürüşündə" qalib gəlmək niyyətindədir.  Xaçlı yürüşlər haqqında qeyd edilmişkən, bu mövzuda Fransanın ənənəvi olaraq yürütdüyü xarici siyasət kursu maraqlıdır. Məşhur türk tarixçisi Rəşid Erer xaçlı səfərlərinin sırf türklərə qarşı olduğunu qeyd edərək göstərir ki, "beşinci və altıncı yürüşlər istisna olmaqla, 236 xaçlı səfərlərinə qatılanların başında həmişə fransızlar (franklar) gəlmişlər. Fransız mənşəli Papa II Urban tərəfindən ilk səfərə Fransada qərar verilmiş, gedənlərin əksəriyyəti də fransızlardan mütəşəkkil olmuşdur. Fransızlarla ermənilər arasında yaxınlıq və səmimi münasibətlər Birinci Dünya müharibəsində, xüsusilə Qurtuluş Savaşında da davam etmiş, fransız zabitlərinin komandanlığı altında təşkilatlanan ermənilər türklərə qarşı cinayət və qətllər törətmişdilər".
Fransanın sabiq prezidenti Nikola Sarkozi "Etiraflarım" adlı kitabında qeyd edir: "...Türkiyənin Avropa İttifaqına daxil olması istiqamətində yeritdiyi siyasət və göstərdiyi canfəşanlıq şəxsən mənə çox tərs gəlir. Bu fikrin altında yatan strateji hesablamaları görür və başa düşürəm. Türkiyənin mövcud istəkləri bu dövrlərdə qurulan strateji ortaqlıqla gerçəkləşə bilər. Ancaq torpaqlarının çox cüzi bir hissəsi Avropada yerləşən, eyni zamanda müsəlman olan Türkiyənin 99%-i xristian avropalılardan ibarət Avropa İttifaqına daxil olmaq istəyini anlaya bilmirəm... Avropa İttifaqının Türkiyənin erməni soyqırımının tanınması yönündə ciddi addımlar atmağa cəsarət etmədiyini də anlaya bilmirəm. Türkiyə əgər Avropa İttifaqına daxil olmaqda qərarlıdırsa, mütləq və mütləq erməni soyqırımını tanımalıdır..."

Fransa tarixinin ən az legitimlik dərəcəsi olan hökuməti

Hazırda sosioloji sorğuların nəticələrinə görə Fransa Prezidenti Emmanuel Makronun etimad reytinqi iki ayda 6 faiz bənd azalaraq 32 faiz təşkil edib. "Echos" və "Radio classique" nəşrləri üçün sosioloji sorğu keçirən "Elabe" şirkətinin yaydığı məlumata əsasən, Fransa liderinin reytinqi koronavirus pandemiyasının yaratdığı böhranın başlanğıcından bəri bu qədər aşağı olmayıb. Makronla yanaşı, baş nazir və hökumətin digər üzvlərinin reytinqi də 30 faizdən aşağı düşüb. Buna ən böyük səbəb vətəndaşların problem və istəklərinin Makron hökuməti tərəfindən nəzərə alınmaması, hazırda Avropa İttifaqı və Fransanın iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə təhdidlər fonunda hökumətin hədəflərə çatmamasıdır.
Doğrudan da, hadisələr göstərir ki, hazırda  V Fransa Respuublikası dövrünün ən qeyri - sabit çağını yaşamaqdadır. Daxili siyasətdə ideoloji pərakəndəlik və siyasi-iqtisadi baxışlara görə ayrı-ayrı qruplar arasında dərin ziddiyyətlərin getdiyi bir dövrdə rəsmi Paris beynəlxalq münasibətlər sistemində də səriştəsizliyini ortaya qoyub. Özünü Avropanın mərkəzi dövləti sayan, BMT TŞ-nin daimi üzvü Fransa indiyə qədər heç bir beynəlxalq çağırışın öhdəsindən gəlməyi bacarmayıb.

Fransanın apardığı siyasət Avropa İttifaqının Azərbaycanla bağlı ümumi kursuna ziddir.
Bundan başqa, bu gün Emmanuel Makronun Azərbaycana qarşı apardığı siyasət Avropa İttifaqı daxilində də ciddi narazılıqla müşahidə edilir. Belə ki, bir çox Avropalı ekspertlər Makronun Qafqaz siyasətini Avropa İttifaqının ümumi xarici siyasət kursuna zidd hesab edir və İttifaq daxilində ciddi ideoloji, siyasi, iqtisadi məsələlərlə bağlı fikir ixtilaflarına gətirib çıxartdığı qeyd edilir.
Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyi, enerji sahəsində cari ilin iyun ayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfəri çərçivəsində tərəflər arasında "Strateji Tərəfdaşlığa dair memorandumun imzalandığı, xüsusiylə Ukraynadakı müharibə fonunda ölkəmizin Qitənin enerji və nəqliyyat təhlükэsizliyində daha da artan yeri və rolu fonunda və hazırda digər aktual sənədlərin  qəbul edilməsinin planlaşdırıldığı bir vaxtda Fransa liderinin atdığı addımlar Birliyin təməl prinsiplərinə Fransa tərəfindən endirilən zərbədir. Bundan başqa, Avropa İttifaqının lideri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşlərdə əldə olunan razılıqların davamı olaraq gü növbəti görüşlərin keçirilməsinin Makron tərəfindən qarşısının alınması və masa arxasındakı gündəliyin dəyişdirilməsinə cəhdlər, Birliyin maraqlarının Fransa tərəfindən tapdalanması deməkdir.

Fransa başa düşməlidir ki, rəsmi Paris nə qədərki, separatçılığa və işğalçılığa dəstəyini davam etdirəcək heç bir halda bölgədəki proseslərdə yaxından - uzaqdan iştirak edə bilməz və onun qəbul etdiyi qətnamələr, səsləndirdiyi təkliflər rəsmi Bakı tərəfindən rədd ediləcək. Qarabağın dağlıq hissəsi digər ərazilərimiz kimi vahid və unitar Azərbaycanın tərkib hissəsidir. Həm Fransa, həm Ermənistan, həm də Xankəndidə əyləşib ipi xaricdə olan separatçılar bunu nə qədər tez başa düşsələr, o qədər yaxşı olar.

///Milli.az

Oxşar xəbərlər
OTACI