Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvanda Nazirlər Kabinetinin ləğvi və nazirliklərin Bakıya tabe edilməsi... - Anar Əsədlinin ŞƏRHİ

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hələ bu ayın əvvəlində Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda müəyyən əməliyyatlar keçirmək üçün, o cümlədən xüsusi təlimat əsasında dövlətin xüsusi maliyyə-audit qrupunun oradakı dövlət strukturlarında yoxlamalara dair hazırlıqlara başlamasından, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Naxçıvanda güc strukturları ilə  xidməti müşavirə keçirəndən sonra bildirmişdik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda baş verənlər gözlənilən idi və hətta müəyyən qədər də gecikmişdi".

Press.az xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında AY Partiya sədri Anar Əsədli bildirib.

 

Onun sözlərinə görə, hazırda məlum olur ki, DTX Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində ciddi yeyintilər aşkar edərək rəhbər şəxslər arasında həbslərə başlayıb. Məsələnin vəzifə səlahiyyətlərini aşmaq, sui-istifadə hallarına yol verərək cinayətlər törətmək planında hüquqi tərəfləri olduğu qədər də, siyasi tərəfinin olması da kimsədə şübhə doğurmaya bilməz:

"Xüsusilə son 30 ildə Naxçıvanın idarə edilməsində rəsmi Bakının rolunun kifayət qədər zəif olması oranın nəzarətsiz qalmasına və idarəetmədə bir çox özbaşınalıqların geniş yayılmasına səbəb olub. Özbaşınalıq o həddə idi ki, Naxçıvanı idarə edənlər bu bölgəni xanlıq, özlərini isə xan hesab edirdilər. Əlbəttə rəsmi Bakı bu vəziyyətlə sona qədər barışa bilməzdi. Bu mənada hökumətin siyasi iradə nümayiş etdirərək Naxçıvan Muxtar Respublikasının idarəçiliyi ilə bağlı dərin struktur dəyişikliklərinə getməsini Azərbaycan Yüksəliş Partiyası olaraq gecikmiş olsa da doğru  qərar hesab edirik".

Anar Əsədli qeyd edib ki, Muxtar Respublikanın Nazirlər Kabinetinin ləğv edilərək, nazirliklərinin birbaşa paytaxt Bakıda olan nazirliklərə baş idarələr formasında, eləcə də rayonların icra hakimiyyətlərinin rəsmi Bakıya tabe etdirilməsinin də doğru qərar olacağını düşünürük: 

"Baş verən bu olaylara Naxçıvanın indiki rəhbərliyinin hər hansı müqavimət göstərməsinə qarşı dövlətin hüquq-mühafizə orqanlarının qeyd-şərtsiz tədbirlər görməsi gecikməməlidir. 

Hələlik Naxçıvandakı dövlət strukturlarında başladılan yoxlamaların, həbslərin nəticəsinin nə ilə bitəcəyini tam bilməsək də, burası dəqiqdir ki, rəsmi Bakı artıq Naxçıvan Muxtar Respublikasının hüquqi olaraq əlahiddə mövcud olmaması ilə bağlı siyasi qərar verib. 

Xüsusilə 2020-ci ildə tarixi zəfərlə bitən İkinci Qarabağ müharibəsi, ardınca 2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsi fonunda bütün dünyanın qəzəbinə gələn, tətbiq olunan öldürücü sanksiyalar və embarqolarla Rusiyanın regional planda zəifləməsindən sonra Azərbaycanda belə bir islahatın başladılması diqqətdən qaça bilməzdi və unitar dövlət quruluşuna sahib Azərbaycanda Naxçıvanın statusu ilə bağlı yeni qərarlar verməyin zəruriliyini aktuallaşdırmalı idi.

Bu mənada AY Partiya hesab edir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən dövlət strukturlarının Azərbaycanın mərkəzi idarəetmə aparatına tabe etdirilməsi doğru addım olacaq. Lakin məsələ əsasən siyasi olduğu üçün belə bir haqlı sual doğur, illərdi lətifə qəhrəmanına çevrilən Naxçıvan xanı haqda deyilənlər niyə indi gözə göründü?

30 il 1 il deyil, 5 il deyil, 10 il də deyil, 30 il bir nəslin dəyişməsi, yeni bir nəslin yetişməsi deməkdir. Bir nəsil yetişən bir dövrdə Talıbov ərköyünlüyünə niyə göz yumuldu? Kim daşıyacaq 30 illik özbaşnalığın məsuliyyətini? Sadəcə həbs olunan sıravi və qismən ranqlı məmurlar mı? Bəs Talıbov ailəsini həbs etməyə Bakının gücü çatarmı?

 Bu kimi suallar bütün ictimayyəti maraqlandırır. Biz sadcə həbs dalğasının sonunu gözləyirik. Son söz sonda deyilər. Amma əsas məsələ odur ki, saatın əqrəbləri Azərbaycan xalqının xeyrinə tərəf dönməkdədir. Xalqın zülm-zillət içində inləməsində əli olan hər kəs elə bu xalqın gözünün önündə həm hüquqi həm mənəvi cəzasın çəkəcək".

Oxşar xəbərlər
OTACI