Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin hansı qərarı verəcək? - “Bunu etsə, Azərbaycanla əlaqələrə zərbə vuracaq”

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Prezident İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər”.

Press.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspert Azərbaycan prezidentinin məsələ ilə əlaqədar açıqlamasını şərh edib:

“Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir. Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir.

Vardanyan bununla hiyləgər gediş etmək istəyir. İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər. Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq. Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutyunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər.

Demək, belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir”.

Elxan Şahinoğlu Rusiya prezidentinin Ermənistana səfərinə də diqqət çəkib:

“KTMT-yə üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “Böyük İyirmilər”in sammitinə qatılmayan Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki G20-nin İndoneziya sammitindən fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər.

Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə Prezidentləri ilə telefonla danışıb. Kreml rəhbərinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndiyə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil. O, bunu edərsə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, KTMT İrəvanda Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana, təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcək. Bu sənədin qəbul edilməməsi Paşinyanın kefini pozmayacaq, əksinə, erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördünüz, KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”.

Oxşar xəbərlər
OTACI