First slide

Ekspert: "Məşğulluğun yüksəldilməsi Qarabağa qayıdışın effektivliyini artıracaq”

18 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq”

Press.az xəbər verir ki, bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

“Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34 500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək”, - o qeyd edib.

Ekspert hesab edir ki, ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunmasına ciddi ehtiyac var: “Bu gün investorların 70 %-i gözləmə mövqeyindədir. Bölgəyə gələcək istər yerli, istərsə də xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm də qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular və digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların və proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq”.

 

 

Oxşar xəbərlər
OTACI