Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

18 sentyabr - Milli Musiqi Günü münasibətilə bu gün mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Press.az “Report”-a istinadən  xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, tanınmış pianoçu Murad Adıgözəlzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi və başqaları iştirak ediblər.

Əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.

Mərasimdə çıxış edən nazir A.Kərimov qeyd edib ki, 18 sentyabr Azərbaycan xalqı üçün mühüm tarixlərdən biridir: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O elə bir şəxsdir ki, ondan sonra Azərbaycan musiqisində yeni bir cərəyan yaranıb. Qarabağda, mədəniyyət beşiyimiz Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyət bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. O, tanınmış musiqiçi olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, Azərbaycan və Azərbaycan musiqisi üçün bir simvoldur”.

O vurğulayıb ki, hər il musiqi günü ilə əlaqədar olaraq keçirilən festival bu il Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə görə təxirə salınıb: "Onun mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu günü qeyd edir. Bu bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Bu qayğı göz qabağındadır.

Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirilir. Biz bu il də festivalı keçirməyi planlamışdıq. Ancaq cəbhədə baş verən məlum məsələlərlə bağlı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olanlarin xatirəsinə ehtiram əlaməti olaraq biz bu festivalı təxirə salmalı olduq. Mən fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına başsağlığı verirəm”.

Sonda Mədəniyyət Naziri Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri I Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

 

Oxşar xəbərlər
OTACI