Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arvadına sataşanı bıçaqladı, uşaqlara görə analarını öldürdü - Bakıdakı qətlin təfərrüatı

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Keçmiş həyat yoldaşını öldürməkdə təqsirli bilinən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb. Lakin boşanmalarına baxmayaraq onların arasında münaqişə davam edib.

Hadisə baş verən günü özü ilə bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib. Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerində keçinib.

Saxlanılan İlkin Abdullayev ifadəsində bildirib ki, 2011-ci ildə tanış olduğu Səriyyə Abdullayeva ilə rəsmi nikahla ailə həyatı qurub. Birgə nikahdan iki uşaqları olub. Evləndikdən sonra o ailəsi ilə birlikdə atasına məxsus mənzildə yaşayıb. İlk illərdə yoldaşı ilə münasibətləri yaxşı olub. 
2014-cü ildə qonşuluqda yaşayan Abbas (adı şərtidi) adlı şəxsin Səriyyəyə söz atmasını bilib. Həyat yoldaşı əsəbiləşməməsi üçün ona heç nə deməsə də, bu barədə sonuncunun anasından eşidib. Məlumatı yoldaşından deyil, onun anasından eşitdiyinə görə qəzəblənib və bununla bağlı aralarında mübahisə yaranıb. 

Münasibətləri getdikdə pozulub və 2016-cı ildə onlar məhkəmə yolu ilə rəsmi qaydada boşanıblar. 

Məhkəmə qətnaməsinə əsasən övladları Səriyyənin himayəsində qalıb. Boşandıqdan sonra arvadı atasının evinə köçüb. 

2016-ci ildə İlkin cəzalandırmaq məqsədi ilə Abbasa bıçaqla xəsarət yetirib və törətdiyi əmələ görə həbs edilib. 

Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. 1 il 10 ay cəza çəkdikdən sonra əfv olunub. Azadlığa çıxdıqdan sonra bir müddət mühafizəçi işləyib. Uşaqlarına görə Səriyyə ilə barışmaq istəyib. Lakin qadın onunla barışmayaraq uşaqlarını ona göstərməyib və onu narahat etdiyi üçün polisə müraciət edib. Bu səbəbdən onu polis bölməsinə çağırıblar və o, Səriyyəni narahat etməyəcəyi haqda izahat verib. 

Keçmiş yoldaşının onunla barışmaq niyyətinin olmadığına görə qadının başqa şəxslərlə görüşməsindən şübhələnib. Düşünüb ki, qadın ailə həyatı qursa, onun uşaqlarına başqa kişi atalıq edəcək. Buna görə o, Səriyyəyə kiminləsə görüşəcəyi halda uşaqları ondan götürəcəyini bildirib.   

İlkin Abdullayev ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü o, uşaqlarını görmək üçün binalarının qaşısına gedib və yoldaşının işdən qayıtmasını gözləyib. 

Saat 19:00 radələrində Səriyyənin atası ilə birlikdə gəlib mənzilə qalxdığını görüb. Arxalarınca 9-cu mərtəbəyə qalxıb qapılarını döyüb. Qapını açan Səriyyə ondan nə istədiyini soruşub. İlkin dəhlizə daxil olub qapının yanında dayanıb və uşaqları ona verməsini tələb edib. Bu zaman Səriyyə qışqırıb atasını çağırdıqda sonuncu mətbəxdən çıxaraq onlara yaxınlaşıb və bıçaqla sağ qoluna xəsarət yetirib. 

Bundan əsəbləşən İlkin cibindən çıxardığı bıçaqla qadının müxtəlif nahiyyələrinə zərbələr vurub. Səriyyənin yerə yıxıldığını görüb oradan qaçıb. Evə çatıb atasına Səriyyəni bıçaqladığını və özünün də xəsarət aldığını bildirib. Atası tərəfindən xəstəxanaya aparılıb və orada polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi zamanı İlkin Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi məhəkəmdən zərərəçəmiş şəxsə ömürlük cəza verilməsini xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə İlkin Abdullayev xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 18 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Oxşar xəbərlər
OTACI