Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaq şəxsiyyətinin İNKİŞAFI - "Cəmiyyətin inkişafı fərdin inkişafından asılıdır"

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Psixologiya kitablarında qeyd olunduğu kimi, insan biopsixososial varlıq olduğu üçün onun inkişafına təsir edən amillər də əsasən 3 qrupa bölünür. Bunlar genetika, ictimai mühit və tərbiyədir."

Bunlarla bağlı Press.az -a geniş məlumat verən pedaqoq-psixoloq Könül Əli Əkbər bildirib ki, genetikanın təsirinə nəzər salsaq görərik ki, valideyinlərin genlərinin uşağa eyni səviyyədə təsir etməsinə baxmayaraq, bir çox hallarda atadan gələn izlər çoxluq təşkil edir:

"Bu həm xarakterdə, həm də xarici görünüşdə özünü göstərir. Uşağın sosial inkişafı isə əlbəttə ki, yaşadığı ictimai mühitin təsirindən asılıdır. Psixoloji inkişafa gəlincə isə dilindən, dinindən, irqindən və milli-etnik xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqlarda psixika eyni qanunauyğunluqlar  əsasında inkişaf edir. Bir uşağın şəxsiyyətinin inkişafı, sağlam psixologiyaya sahib olmasının təməli sağlam valideyn-övlad münasibətlərindən və ailədaxili münasibətlərdən başlayır. Uşağın qoşa qanadları ana və atasıdır. Bu qanadların möhkəm olması da, valideynlər arasında olan münasibətə bağlıdır. Ailə dəyərləri nə qədər möhkəmdirsə, ailədaxili nizam intizam nə qədər sağlamdırsa və ən əsası ailənin təməli qarşılıqlı sevgi üzərində qurulubsa o zaman uşağın qanadları da möhkəm olacaqdır deyə bilərik.

Hər bir adam müəyyən mənəvi zənginlik əldə etmək, əxlaqi cəhətdən saf olmaq, yüksək estetik zövqə malik olmaq üçün ilk növbədə fiziki cəhətdən mövcud olmalıdır, həm də kifayət qədər sağlam şəkildə mövcud olmalıdır ki, həmin keyfiyyətləri əldə etmək, yaşatmaq və təkmilləşdirmək üçün mübarizə edə bilsin. Sağlam bədəndə sağlam ruh olar. İnsanın formalaşmasında təkcə fiziki tərbiyə yox, həmçinin təlim-tərbiyə də önəmli rol oynayır. İstər evdə, istərsə də məktəbdə uşaq düzgün pedaqoji-psixoloji mühitdə böyüyərsə, onun psixikası normal şəkildə inkişaf edər. Əks halda uşağın şəxsiyyət kimi inkişafında müxtəlif qüsurlar baş verə bilər. İngilis filosofu Con Lokk düşünürdü ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doqquzu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud faydasız olur. Onun “Ağ lövhə” nəzəriyyəsinə əsasən insanın qəlbini ağ lövhə hesab etmək lazımdır. Bu halda isə uşağın fitri istedadı, valideynlərindən gələn xüsusiyyətləri inkar edilmiş olur ki, bu da düzgün yanaşma sayılmır.

Yuxarıda qeyd olunan amillərə nəzərən mövzuya müxtəlif prizmalardan yanaşmaq mümkündür. Məsələyə genetika tərəfdən yanaşsaq görərik ki, yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Bildiyimiz kimi hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və ata eyni genin sürətini daşıyırlar. Belə olan halda da, qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Ümumiyyətlə, bu sahənin mütəxəssisləri belə bir açıqlama verir ki, birinci dərəcəli qohumlar, yəni xalaoğlu, əmioğlu, əmiqızı və s. arasında evliliklərdə əsas məsələ dölün sağlam gen götürmə ehtimalının məhdudlaşmasıdır. Yəni döl hər iki valideyndən gen götürdüyü üçün yaxın qohumlarda müxtəlif xəstəliklər nəsil üzrə davam elədiyindən, məsələn, şəkərli diabet, döldə onların qalma ehtimalı daha çox artır. Ona görə də evlənən cütlüklərin qohumluq əlaqələrinin olmaması məsləhətdir.

Digər məsələ isə sağlam olmayan ictimai mühitin mənfi təsirləridir. Dil, adət-ənənə, din, mənəvi əxlaqi dəyərlər və bu kimi nəzərdə tutulan ictimai mühit insan şəxsiyyətinin inkişafına mənfi və müsbət mənada təsir etmək gücünə qadirdir. Uşağın təlim-tərbiyəsində baş verən qüsurlar birbaşa onun psixikasına, mənəviyyatına təsir edir. Mənəviyyatın pozulmasını isə insanın insanlıqdan çıxmasına bərabər hal kimi də qəbul edə bilərik. Uşağın inkişaf etməkdə olan şəxsiyyətini ictimai mühitin mənfi təsirlərindən qorumaq üçün insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltməyə doğru işlər görülməlidir. Biz təkzib edə bilmərik ki, mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət və təbiətlə bağlı  münasibətlər toplusudur. İnsanın mənəvi tərbiyəsi ailədən, məktəbəqədər tərbiyə müəssisələrindən, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir. Xüsusi tədqiqatlar vasitəsilə sübut edilmişdir ki uşaq artıq 3-4 yaşlarında öz milli mədəniyyətinin əsas streotiplərini emosional səviyyədə mənimsəmiş olur. Uşaq şəxsiyyətinin inkişafında xüsusi rolu olan ictimai mühiti, mənəviyyatı gözardı etmək mənfi nəticələrə gətirib çıxara bilər.

Bu istiqamətdə valideynlərin pedaqoji savadsızlığını, müəllimlərin peşə deformasiyasını qeyd etmək olar. Biz bilirik ki, təhsil şəxsiyyətin hərtərəfli inkişafını nəzərdə tutur. Ona görə də hər bir detal önəm daşıyır. İnsanın inkişafı davamlı olmaqla bərabər, bu davamlılığın sürəti hər yaşda eyni deyil. İstər valideynlərin, istərsə də müəllimlərin yaş psixologiyası haqqında müəyyən biliyə sahib olmaları, onlara inkişaf zamanı hər mərhələdə orqanizmdə və psixikada baş verən dəyişiklikləri izləməyə, ona uyğun düzgün təlim-tərbiyə yöntəmləri seçməyə imkan  verər. İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də öyrənmə qabiliyyətidir. Uşağa nəyisə öyrətməyə çalışan böyük, öncə həmin məsələ barəsində özünü təkmilləşdirməlidir. K.Uşinskinin dili ilə desək, “Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə  və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar.”

Uşaq şəxsiyyətinin inkişafına təsir edən amillərin düzgün istiqamətdə təsir göstərməsi üçün bir çox nüanslara diqqət edilməlidir. İlk öncə erkən nikahların, yaxın quhum evliliklərinin qarşısı alınması istiqamətində maarifləndirici tədbirlərin təşkili labüddür. Bu istiqamətdə maarifləndirici tədbirlərin sayı artırılmalıdır ki, yalnız şəhər əhalisi deyil, hətta ən ucqar region əhalisi də bu və bu kimi məsələlər haqqında məlumatlı olsunlar. Valideynləri tərəfindən erkən nikaha təhrik edilən qızlar həm təhsildən uzaqlaşdırılmaqla, həm də ərə verilməklə öz hüquqlarından məhrum edilirlər. Təhsildən uzaqlaşmış ananın uşağına olan münasibəti ilə təhsilli ananın münasibətindəki fərq gözlə görülə biləcək səviyyədədir. Məhz buna görə də Azərbaycanlı xeyriyyəçi və milyonçusu Hacı Zeynəlabdin Tağıyev qeyd edirdi ki, “Əgər bir oğlana savad verərsənizsə, bir şəxsə savad vermiş olursuz, əgər bir qıza savad verərsənizsə, bir ailəyə savad vermiş olarsınız.”

Uşaq şəxsiyyətinin formalaşması prosesində ailənin özünəməxsus rolu vardır. Psixoloqların dili ilə desək, uşağın 3 valideyni var, anası, atası və ana və atasının bir-birinə olan münasibəti. Əgər ailə daxilində müəyyən problemlər, münaqişələr, anlaşılmazlıqlar varsa, mütləq şəkildə böyüklər tərəfindən həll edilməli, əgər məsələ daha ciddidirsə, mütəxəssisə müraciət edilməlidir. Çünki yaşanan konfliktlər uşaqda psixoloji travmalar yaradır, daha ciddi problemlərin təməlini qoyur və s. Cəmiyyətə sağlam şəxsiyyət böyütmək istəyiriksə, öncə ailə mühitimiz sağlam olmalıdır. Çünki uşağın şəxsiyyət kimi inkişafının əsas mənbələrindən biri ətrafındakı adamların davranışını təqlid etməklə özünü göstərir.

Təlim-tərbiyə prosesində baş verən nöqsanların aradan qalxması üçün isə öncə müəllimin daxili motivasiyası və peşə məsuliyyəti olmalıdır. Müəllim şəxsiyyəti nə qədər parlaq, onun peşə keyfiyyətləri yüksək inkişaf etmiş olursa, bunun uşaq şəxsiyyətinə təsiri bir o qədər effektiv olar. Həmçinin uşağın hərtərəfli inkişafı üçün müəllim, valideyn, şagird üçbucaq şəkildə fəaliyyət göstərməlidir ki, gözlənilən nəticə əldə oluna bilsin.

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam qurmaq üçün təməlimiz möhkəm olmalıdır. Uşaqlıqda alınan travmalar vaxtında aradan qaldırılmasa, bütün həyat boyu insanı narahat edir, hətta ciddi problemlərin yaranmasına da səbəb olur. İnsanın şəxsiyyət kimi formalaşması uşaqlıq dövrünün hərtərəfli düzgün inkişafından asılıdır. Albert Banduronun “Sosial nəzəriyyəsi”ndə qeyd olunduğu kimi,  insanlar başqalarının davranışlarını müşahidə edərək öyrənirlər. Uşağı düzgün tərbiyə etməyin qaydalarından biri də odur ki, valideyn öncə özünü tərbiyə etməlidir. Bu barədə rus pedaqoqu K.Uşinski də haqlı olaraq qeyd edirdi ki, “Tərbiyə etmək üçün tərbiyə olunmaq lazımdır.” Əgər valideynin özündə psixoloji pozuntu, alkoqol içkilərdən və ya narkotik maddələrdən asılılıq, şəxsiyyət pozuntusu və ya digər hansısa problem olarsa, onun istər fiziki cəhətdən, istərsə də psixoloji cəhətdən sağlam uşaq böyütmək imkanları minimuma enir. Bu cür valideynin yanında uşaq böyütmək təbiidir ki, məqsədəuyğun deyil. Öncə bu valideynlərlə psixokorreksiyaedici tədbirlər görülməlidir.

İnsan inkişafı uzun, sağlam və yaradıcı həyat sürmək, dəyər verdikləri hər hansı məqsədlərə nail olmaq və hamı üçün ümumi olan planetdə ədalətli və dayanıqlı inkişafa fəal surətdə qoşulmaq üçün insanların azadlıqlarının genişləndirilməsi deməkdir. Uşağın inkişafına təsir edən əsas amillərlə yanaşı, digər amilləri də nəzərə almaq lazımdır. Bunlara misal olaraq Kütləvi İnformasiya Vasitələri, yaşadığı ərazinin flora və faunası, internet, keçirdiyi xəstəlikləri, baş verən qəzaları və digərlərini misal çəkmək olar.

Kütləvi informasiya vasitələri kimlərəsə geniş kütlələrin əxlaqına, mənəviyyatına bilavasitə nüfuz etmək şansı verir. Bu da mütləqdir ki, uşağın düşüncəsinə və hisslərinə bilavasitə təsir göstərir. Uşağın inkişafını belə mənfi təsirlərdən qoruyaraq təmin etmək lazımdır.

Coğrafi mühit insanın xarakterinin, qabiliyyətlərinin təkmilləşməsində müəyyən əhəmiyyət kəsb edir. Təkcə təbii ehtiyatlar deyil, həm də ölkələrin coğrafi cəhətdən yerləşməsi, coğrafi vəziyyəti cəmiyyətin inkişafına təsir göstərir. Onu da qeyd etmək yerinə düşər ki, bu təsir qarşılıqlıdır. Təbiətin sonrakı təkamülündə insanın da xüsusi rolu var. Flora və faunanın inkişafı demək olar ki, cəmiyyətin inkişafı ilə paralellik təşkil edir.

Uşağın inkişafına daha çox mənfi təsir edən amillərdən biri də internetdir. Bəzi uşaqlarda rəqəmsal oyunlardan, bəzilərində isə sosial şəbəkələrdən asılılıq var. Bu vəziyyət şəxsiyyətin inkişafını ləngidir. Bunun qarşısını almaq üçün valideyn nəzarətinin olması, uşağın boş vaxtlarının səmərəli təşkili üçün ona lazımi şəraitin yaradılması, daha çox sosiallaşmasına icazə vermək və ən əsası onu virtual aləmdən çəkib real aləmdə aktiv olmasını təmin etmək lazımdır.

Uşağın təkcə maddi ehtiyaclarını qarşılamaq hələ onu şəxsiyyət kimi formalaşdırmaq demək deyil. Şəxsiyyətin inkişafı həm də cəmiyyətin, dövlətin inkişafı anlamına gəldiyi üçün hər kəs bu məsələdə öz məsuliyyətini dərk etməli və öhdəsinə düşəni vicdanla yerinə yetirməlidir."

Pedaqoq-Psixoloq Könül Əli Əkbər

Oxşar xəbərlər
OTACI