Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XTQ-də xidmət etmiş qazi: “Ordumuz dövlətin diqqətindən və xalqın sevgisindən hər zaman güc alıb”

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də törətdiyi təxribatlara ordumuzun layiqli cavabı bir daha onu göstərir ki, bizim savaşımız əzəldən bu yana haqq savaşıdır. Azərbaycan Ordusu dövlətin diqqətindən və xalqın sevgisindən hər zaman güc alıb”.

Press.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi İbrahim Həsənov deyib.

Onun sözlərinə görə, qələbənin qazanılmasında və düşmənə layiqli cavabın verilməsində əsas amillərdən biri Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan xalqının orduya inamıdır:

“İstər 44 günlük müharibəsi dövründə, istərsə də digər vaxtlarda düşmən təxribatlarının qarşısının alınmasında orduya olan inam, bizə göstərilən mənəvi dəstək qələbə qazanmağımıza gətirib çıxardı. Bilirsiniz ki, müharibə dövründə erməni mediasında belə ordumuzun gücü haqqında yazılar gedirdi. Düşmən etiraf edirdi ki, Azərbaycan hərbçiləri yaralansalar belə yıxılmır, bizi geri çəkilməyə vadar edirdi. Bu, hər zaman belə olub. Çünki biz heç kimin torpaqlarını zəbt etməmişik. Hər kəs Azərbaycanın ərazi bütövlüyü uğrunda canından-qanından keçməyə hazırdır”.

Əslən, Füzuli rayonundan olan Vətən müharibəsi qazisi İbrahim Həsənov bildirir ki, düşmənə nifrət və torpaqlarımızın işğaldan azad edilməsi istəyi onda uşaqlıqdan olub:

“Biz Füzuli rayonundan çıxmaq məcburiyyətində qalanda mənin yeddi yaşım var idi. O vaxtdan arzum hərbçi olmaq və şəhidlərimizin qisasını almaq idi. On üç il Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişəm. Vətən müharibəsində tək istəyim o idi ki, qələbə sevincini yaşadıqdan sonra şəhid olum. Şükür Allaha, o sevinci yaşaya bildik. Ata-baba yurdum Füzulinin işğaldan azad olunmasında şəxsən iştirak edə bildim”.

Müharibədən sonra işlə təmin olunan və hazırda Dost Agentliyində fəaliyyət göstərən İ.Həsənov ölkə başçısı İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğısından söz açıb:

“Biz hər zaman Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqətini hiss etmişik. Dövlətimizin rəhbərliyinin davamlı olaraq şəhid ailələri və qazilərlə görüşməsi, onların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir. Azərbaycan Ordusu bu diqqətdən və xalqın sevgisindən hər zaman güc alıb. Bu güc sayəsində həmişə düşmənin gözünə dik baxaraq ona layiqli cavabı verib. Mənfur düşmən bizim gücümüzü bilir. Odur ki, biz istənilən zaman döyüşə və istənilən təxribatın qarşısını almağa hazırıq”.

Oxşar xəbərlər
OTACI