Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacı Şahin şəhid dəfnindəki dini şüarlarla bağlı münasibət bildirib

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İmam Hüseyn məzhəbindən asılı olmayaraq Azərbaycan xalqı üçün əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu birləşdirici mövzudur. Bunu birdəfəlik hamımız bilməliyik. Kimsə sözügedən mövzudan istifadə edib təxribat salırsa, ayrı-seçkilik edirsə, bu, İmam Hüseynin məramına ziddir”. 

Press.az xəbər verir ki, bu sözləri “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli şəhidlərin dəfnində səsləndirilən dini şüarlarla bağlı Real TV-yə müsahibə verərkən deyib.

O söyləyib ki, bir çox Azərbaycan bölgələrində gənc insan vəfat edən zaman İmam Hüseyn yad olunur: “Ya Hüseyn” deyirlər. Bu bizdə adət həmişə olub. Mən şəxsən fərqli məzhəblərin yaşadığı bölgələrdə bunun şahidi olmuşam. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. İmam Hüseyn şəhidlər sərvəridir və istər-istəməz şəhidlərin dəfnində, şəhidlik mövzusu gələndə yad olunur. Hamı bunu normal qəbul edir”. 

İlahiyyatçı qeyd edib ki, dini ayinlər dəfn mərasimində tam şəkildə icra olunur və buna Müdafiə Nazirliyinin əməkdaşları da şərait yaradır: “Qurum nümayəndələri insanları sıraya düzürlər. Şəhidlər Xiyabanında bir çox hallarda cənazə namazları qılınır. Dəfn tam şəriət qaydaları çərçivəsində həyata keçirilir”.

Ş.Həsənli vurğulayıb ki, belə məqamlarda şəhid ailələrinin də razılığına diqqət yetirilməlidir: “O kadrlarda da gördük ki, şəhid anası “mən İmam Hüseynə qurban olum” deyir. Paralel şəkildə hər bir şey uzlaşmalıdır. Milli və dini şüarlar qarşı-qarşıya qoyulmamalıdır”.  

İlahiyyatçı dini və milli dəyərlərin toqquşdurmağı Azərbaycan xalqına xəyanət hesab edir: “ Bu, çox yanlış istiqamətdir. Millət olaraq milli-mənəvi dəyərləri formalaşdırmışıq. Bu, bayrağımızda da əksini tapıb. Bəzən bu dəyərlər o qədər yaxınlaşır ki, arada sərhəd itir. Dini dəyərlərimiz milli bir adət kimi yaşanır və ya əksinə. Məsələn, Novruz bayramımız milli adətimizdir, amma buraya dini rəng də qatırıq. Burada qəbahət bir şey yoxdur. Sadəcə, ayıq-sayıq olmalıyıq ki, hansısa şüarlardan kimlərsə sui-istifadə etməsin. Şəhid mərasimləri xalqın birlik yeridir və bunu mütləq qorumalıyıq”. 

O həmçinin bildirib ki, bəzən yersiz həssaslıq da nümayiş olunur: “Biri yazır ki, filan ölkə buranı işğal edib. Elə bir şey yoxdur. Azərbaycanın özünəməxsus dini, milli kimliyi var. Bu, dəfn mərasimlərində də təzahür olunur”.

İlahiyyatçı əlavə edib ki, hər şey həddində olmalıdır və mərasimin ümumi gedişatına xələl gətirilməməlidir: 

“Şəhid anlayışımız dinimizdən gəlib. Peyğəmbərimizə göndərilən dində şəhadət ən uca zirvə kimi təqdim olunur və İmam Hüseyn Allahın elçisinin övladıdır. Dünyada elə bir müsəlman tapa bilməzsiniz ki, İmam Hüseynə hörmət eləməsin. Bunu hansısa bir məzhəbə bağlamaq kökündən yanlışdır. Bir neçə valideyn şəhid övladına xitabən deyir ki, İmam Hüseynə salamımızı çatdır. Bu, əslində, şəhidlik məqamının ucalığıdır. Mən şəhidlərimizin valideynlərinə deyirdim ki, onları dünyadan köçən zaman peyğəmbər qarşılayır. Heç biri narahat olmasın ki, övladları dünyadan köçən zaman yanında yaxınları olmadı”. 

Oxşar xəbərlər
OTACI