Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qərbi Azərbaycana qayıtmağın vaxtı yetişib...

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarını azad edib. İndi əsas məsələ vaxtilə Qərbi Azərbaycandan qovulan soydaşlarımızın öz dədə-baba yurdlarına gediş-gəlişini təmin etməkdir.

Press.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı bildirib.

Tarixçi alim soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının mümkünlüyünü istisna etməyib:

“Hamıya aydındır ki, indiki Ermənistan Respublikası adlandırılan ərazi əslən tarixi Azərbaycan torpaqlarından ibarətdir. Orada azərbaycanlıların məzarları var. Ermənistan hakimiyyəti ərazisindəki azərbaycanlılara aid bütün tarixi və mədəni abidələri darmadağın edib. Sonuncu nümunə İrəvandakı Təpəbaşıdır.  Məsələ burasındadır ki, hər bir şəxs özünün valideynlərinin, dədə-babalarının məzarını ziyarət etmək haqqına malikdir. Ancaq bu gün Ermənistandan vəhşicəsinə qovularaq qaçqına çevrilən azərbaycanlıların həmin hüquqları kobudcasına pozulur. Azərbaycanlılar tarixi yerlərindəki məzarlarını ziyarət edə bilmirlər. Azərbaycanlılar dədə-baba torpaqlarına qayıda bilmirlər”.

Deputatın sözlərinə görə, Ermənistan tərəfi Qərbi Azərbaycandan olan insanların hüquqlarını təmin etməlidir:

 

“Soruşulur, əgər azərbaycanlılar öz tarixi torpaqlarında qayıdıb yaşaya bilmirlərsə, onda Azərbaycan ərazisindəki ermənilər bu hüquqdan necə istifadə edirlər? Bu gün Azərbaycan ərazisində ermənilər yaşayırlar. Onların saylarından asılı olmayaraq, kilsələri var. Həmin kilsələrdən Bakının mərkəzində var və dövlət tərəfindən qorunub saxlanlır. Ancaq Ermənistanda anadan olmuş azərbaycanlıların bu hüquqları yoxdur. Əgər ermənilərin hüquqlarını biz təmin ediriksə, Qərbi Azərbaycandan olan insanların hüququnu da Ermənistan təmin etməlidir”.

 

Qeyd edək ki, ötən həftə erməni separatçılarının Qarabağda törətdikləri təxribatlara şanlı Azərbaycan ordusu “Qisas” əməliyyatı ilə tutarlı cavab verib. Qısa zaman ərzində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror əməliyyatından sonra Zəngəzur dəhlizinin açılması, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsi, qərbi azərbaycanlıların öz dədə-baba yurduna qaytarılması, Göyçə və Zəngəzurun da qaytarılması məsələləri gündəmə gəlib.

 

Ekspertlər düşünür ki, ermənilər 10 noyabr üçtərəfli bəyanata əməl etmədiyi təqdirdə, Azərbaycan öz tarixi torpaqlarına qayıdış məsələsini önə çəkməli və bununla bağlı Ermənistan qarşısında tələblər qoymalıdır. 

Oxşar xəbərlər
OTACI