First slide

Qurban Qurbanov: “Səfərə çox böyük inamla gedirik”

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Səfərə çox böyük inamla və çəkinmədən gedirik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis son dəqiqəyədək yaxşı oyun üçün mübarizə aparmağa çalışacaqlarını bildirib:

“Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, matça hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı mübarizə, oyun göstərmək niyyətindəyik”.

Qurbanov rəqibin həm hücum, həm də müdafiə potensialının yaxşı olduğunu vurğulayıb:

“Hər mövqedə bacarıqlı oyunçuları var. Onları daha yaxından tanıdığımız üçün rahatıq. Bu bizə bir az rahatlıq verə bilər. Amma matçın gedişində gərgin oyun alına bilər. Biz Bakıdakı görüşdə də bir-birimizə oynamaq üçün imkan vermirdik. Düşünürəm ki, Macarıstanda çox hərəkətli qarşılaşma baş tutacaq”.

Təcrübəli baş məşqçi hələlik yarımmüdafiə xəttində kimin oynayacağına tam qərar vermədiyini söyləyib:

“Oyunçuların sabahkı durumlarına da baxacağıq. Bu gün axşam orada yüngül məşqimiz olacaq. Oyunadək qərar verəcəyik. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik”.

Mütəxəssis penaltilərə xüsusi vaxt ayırmadıqlarını diqqətə çatdırıb:

“Amma il boyu bunun üçün hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. İstəyirik ki, 90 dəqiqədə hər şey həll olunsun”.

Qurbanov hər mövqedə etibarlı çıxış etmək istədiklərini deyib:

“Hər bir komandanın müdafiəsində açıq zonalar olur. Biz daim buna diqqət yetiririk və boşluqları aradan qaldırmağa çalışırıq. Sabah mütləq yaxşı mübarizə aparmalıyıq. Son saniyələrədək bunu bacarmalıyıq. Rəqib azarkeşlərinin önündə oynadığı üçün bir az üstünlüyə malik ola bilər”.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Oxşar xəbərlər
OTACI