First slide

"Azərbaycan futbolu üçün böyük qələbədir" - Regekampf

04 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Rapid”inə 2:1 hesablı qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Press.az xəbər verir ki, o, əvvəlcə oyun haqqında fikirlərini səsləndirib.

- Futbolçularım döyüşdü, çox gözəl oyun göstərdi. İlk dəqiqələrdən sona kimi güclü idik. Bu gün qələbəyə layiq idik. Oyunçularıma matçdan əvvəl dedim ki, bizə pozitiv nəticə lazımdır. Növbəti mərhələyə adlamaq üçün iki oyun keçirməliyik. Vyanadakı qarşılaşma çox çətin olacaq. Son dəqiqələrdə qol buraxdığımız üçün çox narazı qaldım. Amma bizim üçün heç nə dəyişmir. Gözləyirəm ki, komandam orada da eyni cür davranacaq. Avstriyada da qələbə qazanmağa çalışacağıq. Buna çalışmasaq, heç bir şansımız olmayacaq".

- Rəqibin zəif cəhətləri nələr idi ki, ondan yararlanıb qələbə qazandınız?

- Rəqibə imkan vermirdik ki, oyunu arxadan qursunlar. İkinci hissədə onlara çoxlu boş zona və düşünmək üçün vaxt verdik. Sonlarda komanda o qədər aktiv deyildi. 5 oyunçu dəyişməli olduq. Ola bilsin ki, bunun təsiri oldu. Amma bayaq dediyim kimi, nəticədən və komandamın çıxışından razı qaldım.

- Son saniyədə buraxılan qol səfərdə “Neftçi”yə nə dərəcədə problem yarada bilər?

- Buraxdığımız qol bizə təsir etməyəcək. Futbolda bu cür hallar baş verə bilər. İlk 75 dəqiqədəki oyunu orada da nümayiş etdirməliyik. Hər bir epizoda köklənmək və qol şanslarından yararlanmaq lazımdır. Bu cür səviyyədə şansa etibar etmək olmaz.

- Bugünkü qələbə sizə mərhələ adlamağa kömək edəcək?

- Düşünürəm ki, “Rapid”ə qalib gəlmək asan deyil. Nəyi düzgün eləmədiyimizə baxmalı, analiz eləməliyik. Toparlanmalı, konsentrasiya olunmalı və komandanı çempionat matçına da hazırlamalıyıq. Ondan sonra Vyanadakı görüşdə nə edə biləcəyimizə baxarıq.

- “Aris”lə ilk oyunla müqayisədə “Neftçi”nin çıxışında böyük fərq var. “Neftçi”yə tələb xeyli artıb. Bu səviyyəni qoruya bilməməkdən ehtiyatlanmırsınız?

- Bu tempi qoruyub saxlamalıyıq. Bu səviyyəni qorumağa çalışmalıyıq. Bəzi səhvlər edirik, bunların üzərində işləyib, daha yaxşı olmalıyıq. Əminəm ki, cavab görüşündə də şansımız olacaq.

- Oyunun sonlarına yaxın yorğuluq var idi və həftəsonu “Şamaxı” ilə səfərdə qarşılaşacaqsınız. Heyətin kasad olduğunu nəzərə alsaq, sizə çətin olmayacaq?

- Hər oyun çətindir, hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Amma oyunçularımız daha yaxşı məşq etməlidirlər. Kifayət qədər oyunçumuz var. Yaxşı qarışıq heyət hazırlamalıyıq ki, çempionat matçında da qələbə qazanaq. Bütün konsentrasiyam “Şamaxı” ilə görüşədir. İstəyim orada da qələbə qazanmaqdır.

- Bu gün sizə ən çətin olan nə idi?

- Hava şəraiti. Hamı üçün çox çətin idi.

- “Aris”lə oyundan fərqli bir qədər məyus görünürsünüz. Bu, son dəqiqədə buraxılan qolla bağlıdır, yoxsa yaxşı oynamamağınızla?

- Xeyr, sadəcə burada hamını üzgün görürəm. Mən çox sevinirəm. Çünki komandamın səviyyəsinə bələdəm. Onların üzərində cavab görüşündə nə dərəcədə təzyiq olacağını bilirəm. Klubumuz və Azərbaycan futbolu üçün böyük qələbədir. Mükəmməl fanatlarımız var. Buna görə onlara bird aha təşəkkür etmək istəyirəm. Onlar mükəmməl idilər və ən yaxşısına layiq idilər. Əminliklə deyə bilərəm ki, cavab matçında qələbə üçün hər şeyi edəcəyik.

- Son 15 dəqiqədə yaxşı oynamamağınızın səbəbi meydana sonradan daxil olan futbolçular idi?

- Meydana sonradan daxil olan futbolçuları da başa düşməyə çalışıram. Onlar meydançaya daxil olanda hesab 2:0 idi, nəticə poziti idi. Əllərindən gələni etməyə çalışdılar ki, ən azı bu nəticəni qorusunlar. Bunun üçün çox vuruşdular. Hava şəraiti də hündürboy oyunçularımıza çox təsir elədi. Komandamızda hündürboylu oyunçu çoxdur. Düşünsək ki, 3-4 yüz faizlik qol epizodlarımız var idi. Onlardan da yararlanmaq lazımdır.

- Komandanızın son dəqiqədə qol buraxması arxayınlıqdan qaynaqlanır?

- Köklənməklə bağlı problem yoxdur. Son dəqiqələrə nəzər yetirsəniz, meydanın sağ cinahında top Rəhmanda olarkən gördü ki, Donyo soldan irəli qaçır. Vaxt aparmaq üçün topu saxlamadı, ötürmə verməyə çalışdı ki, 3-cü qolu vursunlar. Bəzən bu cür hallarda komanda olaraq dərs çıxarmalısan. Bu cür turnirlərdə daha çox təcrübəyə ehtiyacımız var. Paltardəyişmə otağında da onlara dedim ki, pozitiv epizodda qalsınlar. Başa saldım ki, Rəhman nə etmək istəyirdi. Hamımızın bir düşüncəsi var idi ki, daha çox qol vuraq.

- Avstriyada daha sərin hava şəraitində oynayacaqsınız. Belədə daha fərqli “Neftçi” görə biləcəyikmi?

- Bəzən Avstriyada buradakından da isti olur. Uzun müddət orada yaşamışam. Ümidvaram ki, orada hava daha sərin olacaq. Havanın isti olması təkcə bizə yox, ümumiyyətlə, oyun baxımından çətinlik yaratdı. “Aris”ə qarşı görüşlə müqayisə etsək, bu gün hava daha isti idi. İlk saniyələrdən futbolçularımız böyük pressinq tətbiq edirdi. Belə olduqca çox enerji sərf edirlər. Bəzən belə süərtli tempdən sonra bərpa olunmaq çətindir. Eddi ardıcıl 3 belə oyun keçirə bilər. Çox hazırlıqlıdır, amma dediyim amillər hətta ona da təsir etdi. Ondan soruşdum ki, nə baş verir, dedi ki, nəfəs ala bilmirəm. Bu cür hallar digər futbolçularda da oldu. Səbəb axtarmaq istəmirəm. Oyunun təzyiqi də üzərimizdə çətinlik yaradırdı. “Aris”lə görüşdən sonra çox sevinirdik. Həmçinin çox güc itirmişdik. Bu gün də matça yaxşı başladıq, iki qol vurduq. Bəzi epizodlarda oyunçularımın limitlərindən də çoxunu meydanda ortaya qoyduqlarını görürdüm. Bu üzdən son 15 dəqiqədə çətinlik yarandı.

- “Rapid” sizə kifayət qədər boşluqlar verirdi. Meydandakı “Rapid”i gördükdən sonra düşünmürsünüz ki, bu rəqibə daha çox qol vurmaq olar?

-   Xeyr, "Rapid"ə hörmətlə yanaşmaq lazımdır. Kənardan oyunu necə gördüyünüzü bilmirəm. Məncə, səfərdə matç Bakıdakından da ağır olacaq. Çünki "Rapid" çox çətin komandadır. Ehtiyatlı olmaq lazımdır. Avstriyada hər şeyin asan olacağını düşünmək olmaz. Ora 100 faiz hazır gemtəliyik. "Rapid"in də yaxşı fanatları olacaq. Onlar da təzyiq göstərəcək. Komandamızda bəyəndiyim amillərdən biri odur ki, hamı ürəklə oynayır. Vyanaya sona qədər mübarizə aparmağa gedəcəyik.

Oxşar xəbərlər
OTACI