Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İkinci Milli Yaylaq Festivalı başa çatdı - FOTO

31 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatıb.

Press.az AZƏRTAC-a istinadən xəbər verir ki, festival iştirakçıları üç gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Festivalın keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu sahələr qurularaq qonaqların ixtiyarına verilib. Festivalın ilk günündə türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan festivalda 22 ölkədən 300-ə yaxın qonaq iştirak edib.

İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilib. AZƏRTAC bu festivalın informasiya tərəfdaşlarındandır.

Xatırladaq ki, Birinci Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib. İlk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

Oxşar xəbərlər
OTACI