Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis hər gün tutur, onlar isə azalmaq bilmir: “Əsl narkotacirlərin mühakimə olunmaları haqda məlumat yoxdur”

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Narkotacirlər asılılığı olan insanlardan istifadə edirlər. Onlara narkotik maddə verirlər ki, “sat, oradan qalan pul ilə sənin istifadə etdiyin narkotikdən verəcəm”. Narkotik asılılığı olan şəxsə də pul lazımdır ki, o narkotik maddəni əldə etsin”.

Press.az xəbər verir ki, bu sözləri narkotacirlərin sayının artması ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev deyib.

Xatırladaq ki, narkotik maddələrin istifadəsi və satışına görə hazırda həbsxanalarda 24 mindən çox məhbus var. Narkotacirlərə qarşı əməliyyatların genişlənməsi bu statistikanın artacağına şübhə yeri qoymur.

Maraqlıdır, polis narkotacirlərin kökünü niyə kəsə bilmir? Onların rahat fəaliyyət göstərməsi nə ilə bağlıdır?

Hüquqşünasın sözlərinə görə, narkotacir kimi saxlanılan şəxslərə bəraət verilməsi sayın artmasına səbəb olur:

“Külli miqdarda narkotik maddə ilə saxlanılan şəxslərə məhkəmə tərəfindən bəraət verilir. Hətta bəzən adı narkotacirdən istifadəçiyə çevrilir. Bəzən polislər hər tutulan şəxsi də narkotacir kimi qələmə verirlər. Bu da çox vaxt məhkəmə prosesində ortaya çıxır.

Narkotik istifadəçilərinin bəziləri, doğrudan da, narkotik satırlar. Narkotacirlər də məhz belə insanlardan istifadə edirlər”.

Ə.Mustafayev qeyd edib ki, əsl narkotacirlərin mühakimə olunmaları haqda məlumat yoxdur:

“Asılılığı olan şəxslərin əksəriyyəti işləmir, qazancı yoxdur. Onlar haradansa pul əldə etməlidirlər ki, narkotik maddə ala bilsinlər. Ona görə də narkotacirlərin qurbanına çevrilirlər. Əsl narkotacirlərin mühakimə olunmaları haqda məlumat yoxdur. Düzgün şəkildə əməliyyat aparılsaydı, həbs olunsaydılar, bu qədər geniş yayılmazdılar”.

Əsabəli Mustafayev narkotik maddələrə əlçatanlığın artdığını əlavə edib:

“Polis orqanları iş metodlarını dəyişməlidirlər. Bütün güclərini, resursları narkotacirlərlə mübarizəyə yönəltməlidirlər. Çünki o canilər resurslarından, qazanclarından istifadə edib, məsuliyyətdən yayına bilirlər.

Cəmiyyətdə belə bir fikir var ki, narkotacirlərə qarşı ciddi mübarizə aparırıq. Lakin bu belə deyil. Yayıldığını, əlçatanlığını görürük. Bu da effektli mübarizə aparılmadığının bariz nümunəsidir”.

Oxşar xəbərlər
OTACI