First slide

Qızlar Universitetində nə baş verir? - Telefonunu oğurladılar, özünü imtahana buraxmadılar

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ali təhsil müəssisələrində sessiya imtahanları davam edir. Bu imtahanları uğurla verən tələbələrlə yanaşı, uğursuzluğa düçar olanlar da az deyil. Əliyeva Gülcənnət Akif qızı Biləsuvar rayonun Çaylı kəndində anadan olub.

2016-cı ildə Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olub. 2018-ci ildən dərslərində, imtahanlarda ardıcılı olaraq iştirak edib. Bu il yanvar ayının 8-də “ Azərbaycanın mühacirət - repressiya ədəbiyyatı” fənnindən kəsilib. Yenidən 2022-ci ilin fevral ayının 7-də kəsir imtahanını verib. Elə başına gələn anlaşılmazlıqlar da bundan sonra başlayıb. Tələbə qız imtahan zalına girərkən kreditlə aldığı 702 manatlıq telfonu qaydalara uyğun olaraq, pəncərənin önünə qoyub, imtahan bitəndən sonra tapa bilməyib. Tələbə qız iddia edir polis əməkdaşı ərizəni ona bilərəkdən yanlış yazdırıb. Hadisədən sonra Gülcənnət hüquqşünas məsləhəti alır. Ona bildirilir məbləğin az göstərilməsi işin bağlanması ilə nəticələnə bilər. Belə də olur. Cinayət işi bağlanır, lakin Gülcənnət Əliyeva bu dəfə şikayət ərizəsi ilə Baş Prokurorluğa müraciət edir. Baş Prokurorluğun məsələyə hüquqi qiymətindən sonra tələbə qızın müraciəti ilə Nəsimi rayon 20-ci Polis Bölməsində cinayət işi açılır və iş Tuqay Mehdiyevin icraatına verilir. Gülcənnət Əliyeva iddi edir ki, polis bölməsində ərizə yazarkən ona deyilir ki, ərizəsinə “heç kimdən şikayətçi deyiləm” ifadəsi əlavə olunsun. Gülcənnət Əliyeva bununla razılaşmır və ərizəni hadisənin təfəürratına uyğun olaraq yazılır. Bir müddət sonra 20-ci Polis Bölməsinin əməkdaşı universitetə gəlir və ona dekanlığın, elə də rektor Sevinc Rəhimovanın iştirakı ilə telfonunun tapıldığını deyir. Ancaq telefon tələbəyə təhvil verilmir. Universitet rəhbərliyi isə tələbəni polisə şikayət etdiyinə görə təhbeh edir. Lakin tələbə fikrindən daşınmır. Bundan sonra universitet rəhbərliyi diplom müdafiəsi ərəfəsində olan Gülcənnət Əliyevanı kəsir imtahanına buraxmır. Səbəbini isə belə izah edir ki, universitetin adını oğurluq hadisəsində hallandırmısan. Bu azmış kimi, tələbənin tapıldığı deyilən telefonu belə polis bölməsi tərəfindən “telefon ekspertizadadır” deyilərək, hələ də təhvil verilməyib. Bakıda kirayə yaşayan Gülcənnət indi işlətmədiyi telefona görə həm kredit ödəyir, həm də bitirə bilmədiyi universitetin illik 2200 manatlıq təhsil haqqını. Tək və təqaüddə olan anasının himayəsində yaşayan, heç bir yerdə işləməyən Gülcənnətin şikayətləri əsasında həm polisə, həm də təhsil aldığı universitetə üz tutduq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirdi ki, məsələni diqqətdə saxlayacaqlar və qısa müddətdə telefon sahibinə qaytarılacaq. Daha sonra Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova ilə görüşdük. Rektor bizi alayarımçıq dinlədikdən sonra atası, universitetin təsisçisi, professor Ağarəhim Rəhimovun qəbul otağına apardı. Çəkliş qurupumuzu top-tüfənglə qarşılayan professor tələbəsi Gülcənnət Əliyeva üçün gördüyü dırnaqarası xeyrxah işləri sadaladı, çəkliş qurupumuzu məsələni işıqlandırdığına görə thdid etdi. Onu da əlavə etdi ki, dövlət imtahanı ərəfəsində olan 4-cü kurs tələbəsini polisə şikayət etdiyinə görə kəsir imtahanına buraxmayacaq. Bundan sonra dekan Mirvari Akkoç yolumuzu kəsib, üzünün göstərilməməsi şərti ilə məsələyə münasibət bildirmək istədiyini dedi: Tələbənin problemini Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun da diqqətinə çatdırdıq. Nazirliyin sözçüsü izah etdi ki, tələbə ixtisas üzrə müəyyən olunan müddətdə tələb edilən kreditləri yığa bilmədiyi halda, xaric edilmir. Amma Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimov bununla bağlı Nazirliyə qətiyyən müraciət etməyəcəyini bildirdi. Beləcə telefonunu itirən qız polisə müraciət etdiyinə görə təhsilini davam etdirə bilmir, eyni zamanda, tapılan telefonu da hələlik ona təhvil verilmir. Ən pisi isə budur ki, indi Gülcənnət Əliyeva kimdən kömək istəyəcəyini bilmir.

apa.az

 

Oxşar xəbərlər
OTACI