First slide

Qara Dərviş: “TikTok” “papaq altında yatan” kişiləri tapıb çıxartmağa xidmət edir” - MÜSAHİBƏ + FOTO

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qocalmısan”, “Sən günəşsən”, “Yorğun” və digər mahnıları ilə dinləyicilərin rəğbətini qazanan, “Qara Dərviş” ləqəbi ilə tanınan rok ifaçısı Hikmət Poladzadə Oxu.Az-a müsahibə verərək oxucuları maraqlandıran suallara aydınlıq gətirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Bu gün Qara Dərviş müəyyən qədər tanınır, sevilir və dinlənilir. Neçə yaşından başlamısınız fəaliyyətə?

- Musiqi ilə erkən yaşlarımdan tanışam, ancaq “Qara Dərviş” olaraq 2008-ci ildən fəaliyyət göstərirəm.

- Yazdığınız mahnılarınızın çoxu depressiv, qəmli və müəyyən qədər düşündürücüdür. Necə ortaya çıxır bu mahnılar?

- Mahnı müəyyən qədər qəmgin, müəyyən qədər düşündürücü, müəyyən qədər depressiv və ya sevindirici, şən əhval ruhiyyəlidirsə, bu bəlli zaman çərçivəsində toplananların bir vaxtdan sonra təzahürüdür. Planlı formada olmur bu iş, gözləmədiyim bir vaxtda ola bilər. Ətrafımda olan hər hansısa bir şey buna təkan verə bilər. Öncədən düşünülmüş bir şeylər olmur.

- Qara Dərvişi bizə tanıtdıran hansı mahnı, hansı ifa oldu?

- Bu sualın cavabı fərqli ola bilər. Çünki fərqli zaman dilimlərində, fərqli janrlarla, fərqli kütlələrə müraciət, xitab etmişəm. Və hər biri fərqli illərdə, fərqli hitlərlə qeydə alınıb. Buna görə də konkret bir mahnı adı çəkə bilmirəm. Sualı “Qara Dərvişin, həqiqətən də, hansı əsərləri ilə tanınmasının tərəfdarıyam?” kimi cavablasam, bu “cəsəd sevdası”, “yorğun”, “sığmazam” mahnılarım ola bilər. Bunların bəstəkarı kimi yadda qalmağı tərcih edərdim. 

- “Mən bəşəriyyətə gərəyəm” - müsahibənizdə belə demisiniz. Bu ifadəni bir az aça bilərsiniz? Bəşəriyyətə sizcə necə şəxslər lazımdır?

- “Bəşəriyyətə gərəyəm“ ifadəsi mənim ifadəm deyil, əslində. “Nəsimi” filmində rastlaşa bilərsiniz bu ifadə ilə. Mən bunu necə şərh edirəm onu deyim. Biz bir təkamül parçasıyıq və bu ümumbəşəri bir prosesdir. Biz bu təkamülün bir parçası olduğumuza görə də yaxşı və yaxud pis hər nə ediriksə, təkamül üçün edirik. Bir-birimiz üçün etmirik, ümumi inkişaf üçün edirik. Ona görə də mən bu formada ifadə etmişəm ki, mənim yazdıqlarım yaratdıqlarım konkret bir nəfər, bir düşüncə üçün deyil, ümumi təkamül, insan və bəşər inkişafı üçün nəzərdə tutulub. Məncə bəşəriyyətə onun təkamüllü inkişafının doğru təminatçıları lazımdır. Keyfiyyətli kadrlar, keyfiyyətli düşüncələr, keyfiyyətli fəlsəfə daşıyıcıları lazımdır ki, bəşəriyyət inkişafa doğru getsin, özünü məhvə aparmasın.

- Varmı elə bir şəxs ki, Qara Dərvişə kömək olub, dəstək olub? Kimin adını çəkə bilərsiniz?

- Təbii ki, müəyyən zaman çərçivəsində fərqli insanlardan dəstək, kömək görmüşəm. Bu ailə üzvlərim də olub, yaxın ətrafımdakı dostlarım da olub ki, mənə müəyyən vaxtlarda fərqli çətinliklərdə davamlı dəstək göstəriblər. Və mən bunu “Qara Dərviş olduğum üçün bu dəstək mənə olunub” kimi dəyərləndirmirəm. Bu tamamilə həmin insanların ürəyinin böyüklüyüdür. Qarşılıq gözlənilmədən, qarşılıq istənilmədən görülən hər şey müqəddəsdir. 

- “Qara Dərviş fəlsəfəsi” tam olaraq nədir, nəyi aşılayır?

- Qara Dərviş fəlsəfəsi insan modelini aşılayır. Fərqli zaman, fərqli məkan və ortama görə insan düşüncəsinin yaxşı və pis tərəfdən nələrə qadir ola bildiyini aşılayır. Eyni zamanda insan necə ola bilərdi? və əslində haradadır? Nədir və kimdir?...Bu düşüncəni aşılayır.

- “TikTok” platforması ilə aranız necədir? Hazırda mahnıların tanınıb, məşhurlaşmasında əvəzsizdir. Hətta gəlir mənbəyi olaraq istifadə edirlər. 

- Nizami Gəncəvinin ifadəsi var: çox içəndə su da insana ziyan verir. Bu ifadədən də yola çıxıb deyə bilərik ki, hər şeyin çoxu zərərdir. “TikTok” və bunun kimi digər sosial platformalar hamısı “papaq altında yatan kişiləri” tapıb çıxartmağa xidmət edir. Bu platformalarda insanlar öz yaratdıqlarını sərgiləyib, dediyiniz kimi daha asan yolla, daha böyük kütlələrə çıxa bilərlər. Amma bu həmişə bizim istədiyimiz, planlanıldığı kimi fəaliyyət göstərmir. Sel gələndə daşqın özü ilə nə gətirir? Çöpü, ağacı, daşı, qumu nəyi varsa gətirir, yaxşını pisi seçmədən nə varsa yığır gətirir. Bunu da bir sel kimi düşünün yaxşıları da pisləri də hamısı bir yerdə gəlir. Artıq bunun içindən seçim etmək dinləyicinin zövqünə, qulaq aşinalığına, musiqi qulaq tərbiyəsinə bağlıdır, istər musiqi baxımından istər digər sənət növləri baxımından. 

- “Şəhvətə gətirmir daha gözlərin, qocalmısan gözəlim” fikrimcə qadına deyiləcək ən ağır sözdür... Ümumiyyətlə çox sevilən “qocalmısan” ifası yaşanmış bir hadisə əsasında yazıldığı hiss olunur, mahnılarınızda yaşadıqlarınızı yazırsınız yoxsa yaşamaq istədiklərinizi?

- Heç düşünmüsünüz, ola bilərdi ki, elə həmin qadın özü özünə deyir bu sözləri aynanın qarşısında? Ehtimallar çoxdur, sonsuzdur, bu da bir ehtimaldır. Bu günə qədər nəzərdə tuturduq ki, bunu kimsə, hansısa bir kişi həmin qadına deyir. Gəlin indi düşünək, bəlkə elə qadın özü özünə deyirmiş bunu. Əsər yazılanda tamamilə dinləyicisinə xitabən yazılır. Kim oradan nə götürmək istəyirsə, onu götürür. Yaşanılanların içində yazılan əsər də ola bilər, yaşanmadan da yazılan əsərlər ola bilər. Yaradıcı insanları yaradıcı olmayan insanlardan fərqləndirən ən əsas cəhət odur ki, yaradıcı insanlar yaşamadıqları şeyləri obrazlaşdırıb əsərlərində yaşaya bilirlər. 

- Azərbaycanda rok janrı nə dərəcədə inkişaf edib, bunun məktəbi varmı?

- Azərbaycanda rok janrı o qədər də inkişaf etməyib. Əslində heç digər janrlar da o qədər inkişaf etməyib. Ölkə xaricinə çıxdıqda və ölkə xaricindəki musiqi bazarını gördükdə yenidən ölkəyə qayıdanda baxırsan ki, əslində məsələ rokda və ya cazda deyil. Azərbaycanda musiqi sektoru inkişaf etməyib. Musiqidə inkişaf o deməkdir ki, həmin musiqinin nümayəndələri, o musiqinin icraçıları davamlı olaraq professional, irimiqyaslı konsertlər, tədbirlər, hər hansı masterklaslar, turlar, festivallar keçirməlidir ki, biz bu janrın varlığını hiss edək. Hansı janr davamlı olaraq bu şəkildə diqqət mərkəzindədir? Demək olar ki, repdən başqa heç bir janr o qədər də diqqət mərkəzində deyil. Rep və meyxana, yerdə qalan istənilən janr Azərbaycanda demək olar ki, ikinci dərəcəlidir, rok janrı da onların siyahısındadır. Amma daha öncəki illərə nisbətən fərq hiss olunur. 2022-ci ildə Azərbaycan Rokfestini həyata keçirdik. Hansı ki, müasir Azərbaycan tarixində ilk rok festivalıdır. Bunu davamlı olaraq hər il reallaşdırmağa çalışacağıq. Təbii ki, bunun üçün də bizə musiqiçilərin dəstəyi və yeni əsərləri lazım olacaq. Rok məktəbi də Azərbaycanda elə caz məktəbi kimidir. Bu ənənəvi yolla deyil, müəllimdən tələbəyə gedir. Biz bunu usta-çıraq adlandırırıq. Hər hansısa bir məktəb, konservatoriyada rok dərsləri ala bilmirsiniz. Azərbaycanda belə bir şey yoxdur. Ancaq Azərbaycan rokunun özünəməxsus incəlikləri, xarakteri, kimliyi olduğu da danılmaz bir faktdır. 

- Özünüzü yalnız hiss etdiyiniz olur? Çünki burada daha çox toy biznesi üstünlük təşkil edir. Ümumiyyətlə, İnsanlar roku nə dərəcədə qavrayır?

- Öncəki illərə nisbətən daha az hiss etməyə başlayıram onu. Çünki ölkədə nə qədər bu janra diqqət ayrılırsa, təbii ki bu janrın nümayəndələri də başını qaldırıb “a bizi yada saldılar, biz də iş görək” deməyə başlayır. Ona görə də daha çox eşidilməyə başlayır. Nə qədər çox diqqət ayıracağıqsa, nə qədər çox vaxt ayırıb, qayğı göstərəcəyiksə buna o qədər də çox bəhrələnəcəyik bundan.

- Bir çoxları Qara Dərvişi dinləyir, Qara Dərviş bəs kimi dinləyir?

- Açığı yaxşı olan, gözəl olan hər şeyi dinləyirəm, fərq qoymuram. Meyxanadan tutmuş muğama kimi, rokdan tutmuş caza kimi istənilən janrı dinləyirəm. Bu ümumiyyətlə elə bir şeydir ki, musiqiçi üçün musiqi eyni zamanda həm dinləmə, həm də yeni bir şey öyrənib qulağını inkişaf etdirmək üçün bir vasitədir. İstənilən təqdirdə keyfiyyətli olan hər şeyi dinləmək gözəldir və maarifləndiricidir. Konkret adlar çəkməli olsam, Şebnem Ferah, Hayko Çepkin, “Opez”, “Dream theater” və başqaları. Bunlar hamısı mənim üçün maarifləndirici və musiqi zövqümü inkişaf etdirən bir prosesdir. 

Oxşar xəbərlər
OTACI