First slide

Azərbaycanın Fransadakı səfirliyi erməni təxribatı ilə bağlı məlumat yaydı

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən "Şuşa İli" çərçivəsində hazırlanmış Qarabağla bağlı filmin nümayişi zamanı ermənilər təxribat törətməyə çalışıb.

Səfirlikdən Press.az-a verilən məlumata görə, "Şuşa İli" çərçivəsində 16 iyun 2022-ci il tarixində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən "ERE TV" telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi baş tutub.

Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında Səfirlik tərəfindən təşkil olunmuş telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı baş tutub.

Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıb. Onlar "Şuşa Azərbaycan deyil","Qarabağ bizimdir" kimi təxribatçı şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıb.

Səfirlik tərəfindən fransız polisinə müraciət edilib və onların bu cəhdlərinin qarşısı alınıb. Fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlayıb. Qeyd olunmalıdır ki, Fransada fəaliyyət göstərən FRA Nor Seround təşkilatı Daşnaksütyun partiyasının davamçıları hesab olunur.

Erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi uğurla baş tutub, film Fransa ictimaiyyətinin böyük marağına səbəb olub. Sözügedən film iyun ayının sonunda "ERE TV" telekanalında yayımlanacaq.

Oxşar xəbərlər
OTACI