Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Liderlərin kritik səfəri: Kiyevdən hansı mesajlar veriləcək?

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Avropa İttifaqının Ukraynaya dəstəyini nümayiş etdirmək üçün bu gün Kiyevə səfər ediblər. Kiyev səfərinə Rumıniya Prezidenti Klaus Yohannis da qoşulub.

Liderlərin müharibə başlayandan bəri Ukraynaya ilk səfərlərində mühüm mesajların veriləcəyi gözlənilir. Ölkə rəhbərləri bu gün səhər saatlarında Polşadan Kiyevə gedən qatarla yola düşüblər. Onlar qatarda oturduqları masa ətrafında söhbət edərkən görüntüləri lentə alınıb.

Hazırda dünya mediasının diqqəti 4 ölkə liderinin Ukrayna səfərinə yönəlib. Liderlərin Prezident Volodimir Zelenski ilə görüşdən sonra mühüm mesajlar verəcəyi gözlənilir.

Bundan başqa Avropa İttifaqı Komissiyasının sabah Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük müraciəti ilə bağlı rəy verəcəyi planlaşdırılır. Liderlərin səfərinin bu dövrə təsadüf etməsi diqqət çəkir. Çünki Avropanın ən böyük ölkələri Ukraynanın üzvlük prosesinə o qədər də müsbət baxmır.

Cəmi bir neçə həftə əvvəl Almaniya kansleri Olaf Şolts üzvlük üçün Ukraynaya qapılarını bağlayıb və Kiyevə imtiyaz verilməsinin üzvlük gözləyən digər ölkələrə qarşı ədalətsizlik olacağını bəyan edib.

Dünən Rumıniyada çıxış edən Fransa prezidenti Makron isə bildirib ki, Avropanın Ukraynani arxayın etməsinin vaxtı çatıb.

“Biz avropalılar elə bir nöqtədəyik ki, aydın siyasi siqnallar göndərməliyik, Ukrayna xalqı isə qəhrəmancasına müqavimət göstərir”, - Makron açıqlamasında bildirib.

Almaniya ilə Ukrayna arasında gərginlik müharibənin ilk həftələrindən artmaqdadır. Bu, Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfərini daha da diqqətəlayiq edir.

Bir müddət əvvəl Almaniya Prezidenti Frank Valter Ştaynmayerin Ukraynanın paytaxtı Kiyevə planlaşdırılan səfəri prezident Zelenski tərəfindən rədd edilib. Almaniya mediası Şolts rəhbərliyinin Ukraynaya göndəriləcək silahları bilərəkdən gecikdirdiyini və hökumətin bu xəbərlərdən sonra "Gepard" zenit tanklarının Ukraynaya çatdırılmasına razılıq verdiyini iddia edib.

Bugünkü səfərin iki ölkə münasibətlərində yeni səhifə aça biləcəyi maraq doğurur. Lakin hələlik 5 ölkə liderinin görüşünün nəticələri məlum deyil, danışıqlar davam edir. Görüşdən sonra mətbuata bəyanatla çıxış edəcəkləri gözlənilir.

modern.az

Oxşar xəbərlər
OTACI