First slide

“Qazi adına ləkə gətirənlər müharibədə döyüşənləri, şəhid ailələrini narahat edirlər” - RƏY

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qazi, şəhid ailəsi adından sui-istifadə, eləcə də qazi olmayan bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi utancvericidir. Çünki bu kimi hallar müharibədə döyüşən şəxsləri, şəhid ailələrini ciddi şəkildə narahat edir”.

Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev deyib.

İB sədri bildirib ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində iştirak edən həqiqi döyüşçülər heç vaxt qazi adına ləkə gətirməz:

“Təəssüf ki, qazi adından istifadə halları da müşahidə olunur. Hətta müharibəyə aidiyyəti olmayanlar arasında dələduzluq yolu ilə bu statusa yiyələnmək istəyənlər var. Ya da statusu olmadan sağlam biri hərbi geyim geyinib, əlil arabasına oturaraq bu addan istifadə edir. Qazi, şəhid ailəsi adından sui-istifadə yolverilməzdir. Belə halların qarşısının alınması üçün ciddi cəza tədbirlərinin görülməsi məsləhətdir. Yalnız bu halda digərlərinə örnək olmaq olar. Dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısı fonunda qanunazidd əməllər ictimaiyyət tərəfindən qınanılmalıdır. Çalışırıq ki, belə şəxsləri tənbeh edərək yollarından çəkindirək”.

Onun sözlərinə görə, bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməsi, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək cəhdləri yolverilməzdir və belə halların qarşısı qətiyyətlə alınmalıdır:

“Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallarla bağlı ictimaiyyət nümayəndələri də qəti addımlar atmalıdır”.

M.Mehdiyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişi ilə 44 günlük müharibə bitdikdən sonrakı dövrdə şəhid ailələrinə, qazilərə hərtərəfli dəstək, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində kifayət qədər təqdirəlayiq addımlar atılır:

“Çox sayda şəhid ailəsinə və əlillərə qısa müddətdə mənzillərin təqdim edilməsi, avtomobillərin verilməsi, reabilitasiya vasitələri ilə təmin edilməsi həyata keçirilib”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu isə “Report”a deyib ki, dövlət şəhid ailələri, qazilər üçün çox böyük işlər görür:

“Xüsusən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanımın bu sahədəki fəaliyyətini yüksək qiymətləndiririk. Müəyyən narazılıqlar var ki, buna da müəyyən məmurların öz işinin öhdəsindən gələ bilməməsi səbəb olur. Qaldı digər məqama, saxta qazi olmur. Qazi olmadan, yəni müharibə görməyən, səngər görməyən şəxslər var ki, özünü “qazi” kimi təqdim edir. Bunlara qarşı da dövlət də, cəmiyyət də öz sözünü deməlidir”.

Oxşar xəbərlər
OTACI