Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşa Talıblı: "Onda gördüm dar ağacım hazırdı..."

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

80-ci illər ədəbi nəslinin istedadlı nümayəndələrindən biri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı uzun illərdir ki, Rusiyanın Volqoqrad şəhərində yaşayıb, yazır-yaradır. Həmyerlimizin qürbətdə olmasına baxmayaraq yaradıcılıq nümunələri müntəzəm olaraq ölkə mətbuatında silsilə şəklində dərc olunub, oxuculara təqdim olunur.

Onu da qeyd edək ki, Paşa Talıblı 1961-ci ildə Borçalıda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində oxuyub.

Daşlar, qanadlar...

...yenə işlərini boşa tuturlar,

eh...yenə quşları daşa tuturlar.

...yenə bu uşaqlar daşnan oynayır,

daşnan oynayırlar uşaqlar yenə.

 

...daşnan oynayırlar uşaqlar yenə,

yenə başlarını daşnan qatırlar,

yenə başlarını daşlar ağrıdır.

Yox, məni ağrıtmır atılan daşlar,

mənim ürəyimi quşlar ağrıdır!

 

...quşların qanadı məni ağrıdır,

məni bu daşların yönü ağrıdır.

Quşlar qanadından ağrıyır, Allah,

qanadlar dünyanı ağrıdır!

 

Gedib qanadına dəyir quşların

yenə uşaqların atdığı daşlar!

...quşlar oynayırlar qanadlarıynan;

çırpırlar daşlara qanadı quşlar!

 

...yenə bu uşaqlar daşnan oynayır,

quşlar oynayırlar qanadlarıynan.

 

Mən qələmin soyundanam...

 

...mən kiməm: ya dəli ya xam!

Mən kiməm ahın əlində?

...kəndirim göydən sallanır,

ucu Allahın əlində!

 

...bu şer də yarımçıqdı;

yazdım, möhürbəndi qaldı.

...qələmdən düşdüm varağa,

bənd-bənd möhürləndim qaldım.

 

...hesab birdi, lap yarı böl;

öz odundan ayır odu.

...ya dəli, ya xam -kimdisə,

hər kimdisə şair odu!

 

...hava da belə məğşuşdu,

payızın son ayındandı.

...mən qələmin soyundanam,

Allah nəyin soyundandı?

 

Bir cüt nar...

 

...gəlib çıxdım nar vaxtına payızın.

Kim dumanda, kim gümanda azırdı...

...qollarımı çalın-çarpaz bağladı-

onda gördüm dar ağacım hazırdı.

 

Zalım payız, qara saçım ağardı...

...gülüm dönüb tikan olsa nə dersən?

Öz qanımın dalğasında boğulsam...

Dalğasından təkan alsam nə dersən?

 

..."nərmə-nazik bayatımı" havalar?

Dəvə-dəllək oyunları yoğunmu?

Bir cüt narın xəstəsi də deyiləm...

Zalım payız, bir cüt nar da yoxunmu?

 

...gəlib çıxdım nar vaxtına, gec oldu?

Gecmi oldu?..qurtarmırdı uzun yol!

...gəlib gördüm dar ağacım hazırdı!

Cəlladımmı? Cəlladım da özün ol!

 

Səsin çəkisi...

 

(Hər şey birdən-birə oldu...)

                                  O.Vəli

 

...səs sükutdan daha yalqız,

daha yalqız masmavi göy!

...hər şey birdən-birə oldu,

hər şey birdən-birə, hər şey!

 

...birdən-birə bulud gəldi-

beşi ayrı, beşı birdi!

...gözüm sükutun ağzında

öz səsimi eşidirəm!

 

...durub getməmək olmazdı!

Nə dəyişəcək qalmaqla?

...eşidirdim: səsim necə

çoxalır nəfəs almaqla!

 

Nəfəs aldıqca çoxalır...

...nə əkmişdi nə dərdi səs?

...nəfəsin muzdu qədərdi,

öz sükutu qədərdi səs!

 

...birdən-birə oldu hər şey,

hər şey birdən-birə, hər şey!

...səs sükutdan daha yalqız,

daha yalqız masmavi göy!

***

Necə var elə də yazdım;

sağ əlim solun başına!

...quş kimi qunun başına,

qurd kimi çölün başına.

 

Mən nə yaram, nə yarım yox...

...qızılamsa əyarım yox!

...diri ikən dəyərim yox!

Nə gəlməz qulun başına?

 

...bulud nəyimdi, göy nəyim?

Belə köhnədən-köhnəyəm?!

...yellənir qanlı köynəyim!

Nə qalır yolun başına?

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü: Paşa Talıblı

Oxşar xəbərlər
OTACI