Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sözün əllərindən tutan Tural Turan!

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tural Turanın şəxsiyyəti və poeziyasının gücü bir oxucu kimi məni "Möhtəşəmliyin çöküşü" kitabının təqdimatına gətirdi.

Şairi çapdan çıxan 6-cı kitabı ilə yenidən tanıdım.

Şairin yeni şeirlərini öz səsində eşitmək də çox xoşuydu.

Bu kitab haqqında, ümumiyyətlə, Tural bəyin yaradıcılığı haqqında gəldiyim qənaət ondan ibarətdir ki,

sanki Tural Turanın poeziyası "köçəri" bir poeziyadır!

Yəni şairin şeirləri bir əbədi xoşbəxtliyi özünə ev, ünvan edib həyatın "dad"ını çıxartmır.

Bu poeziyada qəriblik də yox!

Bu poetik ağrılarda, acılarda ah,nalə də yox, əksinə, inam var, ümid var, güclü olmaq istəyi var.

Bu ağrı, acıların özünə, bütün çarəsizliklərə açacaq bir günəş var.

Şairin özünəməxsus yaradıcılığında insana lazım olan hər bir şey var.

Torpaq var, sevgi var, səma var...

Və burada, bu poeziyada ölüm də var.

...Son şeirimi içimdə aparmaqdı məqsədim.

İstəyirəm onun

ilk oxucusu Tanrı olsun

və bir də bu dünyaya qayıtmayanlar.

(Göy üzünün nəbzi)

Şair baxış fərqliliyi ilə, baxış bucağı ilə seçilir. Özünü vəziyyətə uyğunlaşdırmır.

Ölçülərdən və uyğun vəziyyətlərdən qaçır.

Onun şeirləri AYRI şeirlərdir, O, AYRI şeirlər yazır!

...Yanaqlarından bir təbəssümlük kərpic düşüb elə bil.(Sən gül).

Qəzet köşklərində üz cizgiləri satılır indi...(Manşetdəki təbəssüm).

Gülümsəyin uşaqlar!

Alın yazınızı Tanrıya gülümsəyin...(Gülümsəyin uşaqlar)

Şairdən fərqli olaraq, mən filoloq deyiləm. Filoloji terminlərin, adlanmaların çoxundan xəbərsizəm. Yəni özümün başa düşdüyüm kimi ifadə etsəm,

Tural bəyin şeirləri TƏSƏVVÜRlü şeirlərdir.

Təsəvvür edirsən, təsəvvür etdiyini düşünürsən və görürsən bir şeirdə bir neçə ünvana "köç" etmisən,

bir neçə ünvandasan.

Gerçəkliyin bir başqa rənginə bürünmüş reallığı da öz yerində.

Darıxma,

bütün darıxanları saat əqrəbləri kiridir.

Kirimə, qucaqla bütün təbəssümləri.

Sonda arxa divarı uçuq bir ev

çıxaracaq kirəmitini başından

diz çökəcək qarşında gülümsəyərək...

Eləcə, Tural Turanın yaradıcılığında MİSTİKA da var. Ancaq bu şeirlər oxucunu QİYAMƏTə səsləmir.

Bu mistika heç də ümidsizliyə, heç də bədbinliyə çağırmır.

Bu şeirlər doğuluşludur, bu şeirlər yaşam tərzli, yaşantılı günlərdir!

Bu şeirlərdə dünya məsumdur, bu şeirlərdə sabahları ölümsüz görmək arzusu var.

...Sığalla göy üzünün saçlarını

üzünə düşən o dağınıq buludlara daraq çək!

Bu gecə özün doğulacaqsan deyəsən,

Yaradanın baxışlarına varaq çək;

(Aldanmış dualar)

Şair poeziyasında düşüncə "kir"liliyinə, əxlaq "kir"liliyinə qarşıdır. Əxlaq kirliliyi duyğusallıq deyil, axı.

Duyğusal olmayan nə varsa, insana, insanlığa yaddır.

15 yaşlı Vətən ölür bir nikahda,

15 yaşın boynu vurulur

bir nişan üzüyündə,

15 yaşında işğal edilir

bir uşağın bədəni...

(15 yaşlı Vətən)

​​Şeirlərində Tanrıya, təbiətə, insanlara bağlı olan şair dostumun yeni şeirlərini oxumaq ümidi ilə!..

 

Hikmət Nikbin

Şair-publisist

Oxşar xəbərlər
OTACI