Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Efirə getməyən kadrlardakı rənglərin üzü...

07 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

(Tural Turanın "Möhtəşəmliyin çöküşü" kitabına Söz önü)

Möhtəşəmliyin çöküşünü izləməkdən

həzz alıram

yəhərlənmiş körpülərin üzərində...

Heykəllərsə döyüşə girir adamlarla...

Beli bükülmüş hasarlar

heykəllərin önünə atılmış kəlağayıya bənzəyir.

Piyadalar öz yerinə qayıdır

Yiyəsi ölmüş atların belində...

Əziz oxucum!

Qarşımda nəşrə hazırlanan "Möhtəşəmliyin çöküşü" şeirlər kitabının əlyazmalarıdır. Vərəqləyirəm...

Mətnlərin içində notların, rənglərin, xammal cizgilərin bədii-fəlsəfi çalarlara, bəşəri koloritlərə, fikrin koordinat sisteminə çevrilib özünəməxsusluq erasını yaratması mövzunu vahid bir məkana, harmonik qata, abstrakt mərhələyə gətirir. Əslində, müəllifin öz emal mexanizminin isbatı da məhz buradan başlayır. Həm də bütün səslər, rənglər, notlar şifrəli müstəvidə inkarçılıq fəlsəfəsinin içindən keçir, bir növ həmin gedişatla mövcud hadisələrə sirayət edib yansıyır. Bu minvalla mövzular öz bədii həllini o fəlsəfənin içində müəllifin fərdləşmə təzahürü ilə tapır. Beləliklə ədəbi təfəkkürün baxış diqtəsi ilə poetik sərlövhə çoxmənsubluq prinsipindən qopub təkmənsubluq prinsipinə yüksəlir. Bu vahidləşməyə çoxbucaqlılıq sferasında dairəvi sərhədsizlik şəkli də demək olar. Bu məqamda çoxbucaqlılıq özü sonsuzluqlarla müəllif arasında telepatiya rolunu oynayır desəm, yanılmaram. Şəkildən bir hissəyə baxaq:

Önünə atılan hər qəpik cingiltisi

Onun yarımçıq qalmış

toy-düyün havasıdı.

Hamının havası var, o cingiltidə

bircə rahibə dilənçinin havası yox...

və ya

Təklik qatar səsinə diksinməkdi,

naməlum bir məzar daşı üstə yuxulamaqdı.

Bəzən də qəbrini yuxuda görməkdi...

Qarşımdakı sözügedən şeirlər toplusundakı "Tanrı", "göy üzü", "qəbir", "alın yazısı", "dua" detallarının tez-tez təkrarlanması əslində, müəllifin bədii düşüncə hərəkətliliyindən, poetik iradəsindən, fundamental müşahidə sistemindən kənarda baş vermir. Bir az da açıq desək, özünəqayıdış dəlilinə, boyaların tükənməsinə, yolsuzluq faktına söykənmir. Əksinə, birbaşa mətn halına gətirilən hadisələrin önündə gedir. Gedir və pərdəarxası gah sonsuzluğu, gah tənhalığı, gah dua ünvanını, gah gerçək azadlığı, gah da müəllifin özünü şərti adlarla ehtiva edir. Sanki adlar fəlsəfəsi yaradır, bəzən özünə belə müxalif olur...

Məscidlər sərilib yerə -

namaz qılır adamların ayaqları altında.

Ağlayan divarlar hücum çəkir sineqoqlara.

Daha kilsələr

şam işığından qorxmağa başlayıb

gözlərini itirmiş küçələrdə...

Diqqətimi çəkən növbəti şəkildən bir parça isə müəllifin yaradıcılıq trayektoriyasının digər bir dördbucaq izini aşkara çıxarır. Belə ki, şeirlərdə mətndaxili ideoloji nüansların, işarələrin varlığı, heç şübhəsiz ki, danılmazdır. Sənətdə bu kimi amillər bir çox hallarda şüuraltı biixtiyar mühafizəkarlığın hökmü ilə özünün daşlaşmış məziyyətini qorumuş olsa da söz açdığım mətnlərdə bu hal əks effektini göstərir. Belə ki, məhz özəl cəhət ondan ibarətdir ki, həmin ideoloji elementlər eskiz olaraq olduğu kimi nəzərə çarpsa da, öz daxili mövcud xarakterini, əsrləri adlamış boyat enerjisini, hətta funksiyasını belə yanaşma tərzinin, interpretasiyanın təsir gücü sayəsində köklü şəkildə dəyişir. Bununla da yaradıcılıq psixologiyasının fərdilik xüsusiyyətləri, müəllif-mətn münasibətlərində üçüncü ənənəvi tərəfin iştiraksızlığı, eləcə də monoton, etolon sentimentallığın eroziyası özünü birmənalı şəkildə sübut edir...

Məscidlə üzbəüz binada

fahişəxana qapılarını

indi kilsə zəngləri döyür.

Açan yoxdu qapıları,

çünki bazar günüdü...

Bu şəkildən göründüyü kimi əksliklərin göstəricisi olan portret predmetlərinin qarşılaşmasında bədii fon tabesizliyi yaranmamaq üçün boyalı şifrələrin iştirakı, həmçinin fəza mühitinin bir təsir obyektinə çevrilməsi mövzuların içində cərəyan edən proseslərin sona qədər bəşəri xətdə, postmərkəzdə getməsində xeyli həlledici ola bilib.

...Yaradıcılıq nümunələrinə əvvəldən sona kimi nəzər yetirdikdə müəllifin özünə qədər olan mifik, ruhsal fraqmentlərin poetik ifadəsini də görməmək mümkünsüzdür. Ancaq necə məziyyətdə? Təbii ki, boz fikir bucağı strukturunda yox, dəzgah novatorluğunun lal təqdimatında...

Stopkadr: Əslində, sənət eyni düşünməyən fərdlərin tapındığı ağ işıqdı. Qarşımdakı şeirlərə işıq elitarlığı qədər təfəkkürlü oxucu, müəllifə- çağdaş poeziyamızın novator imzası Tural Turana sabahlarda uğurlar arzulayıram!

Görüşənədək...

Emil Rasimoğlu

Oxşar xəbərlər
OTACI