Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada müəllimə hədə-qorxu gələrək 3000 manat tələb edən şəxsə hökm oxunub

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatalada müəllimə hədə-qorxu gələrək 3000 manat tələb edən şəxsə hökm oxunub.

Hadisə ötən ilin mayında baş verib. Belə ki, 32 yaşlı Zaur Qurbanov (ad və soyad şərtidir) qeyri-rəsmi münasibətdə yaşadığı Sevda Quliyevanın (ad və soyad şərtidir) qızının təhsil aldığı kursda müəllimi tərəfindən seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumat alıb. Bundan sonra Zaur Qurbanov kursda dərs keçən 70 yaşlı müəllim Əlirza Ağayevə (ad və soyad şərtidir) hədə-qorxu gələrək 3000 manat tələb edib. Pulu vermədiyi təqdirdə isə onu rüsvay edəcəyini bildirib. Adının ləkələnəcəyindən ehtiyat edən 70 yaşlı müəllim həmin pulun 1540 manatını 3 dəfəyə verib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Zaur Qurbanov bildirib ki, müəllimi daha əvvəldən tanımayıb və görməyib:

“10 ilə yaxındır ki, Sevda ilə münasibətimiz var. Qızı 7-ci sinif şagirdidir. Onunla da münasibətimiz yaxşıdır. Müəllimi tanımırdım. Sevda mənə dedi ki, uşaq dərsdə olarkən müəllim ona qarşı seksual xarakterli hərəkətlər edib. Qız da uşaqlardan utanaraq ağlaya-ağlaya nənəsigilə gedib. Kursun müdiri ilə danışıb vəziyyəti ona izah etdik. Səhəri gün müdir mənə zəng edib kursa çağırdı. Ora gedəndən sonra Əlirza özü də etiraf etdi. Mən uşağın psixoloji sarsıntı keçirdiyini və müalicə almalı olduğunu deyəndə kursun müdiri dedi ki, onun pulunu Əlirza versin. Əvvəlcə müəllim razılaşmasa da, iki gün sonra məni yenidən kursa çağıraraq 200 manat pul verdi. Bundan sonra hissə-hissə olmaqla ümumilikdə mənə 900 manat pul verib”.

Hadisə zamanı zərərçəkən Əlirza Ağayev ifadəsində bildirib ki, o Zaura ümumilikdə 1540 manat pul verib:

“Özüm Balakəndə yaşayıram. 65 yaşım tamam olduqdan sonra təqaüdə çıxmışam və həmin vaxtdan sonra yaşadığım evdə fizika fənnindən şagirdləri hazırlayaraq ailəmi dolandırıram. Bundan başqa 2016-cı ildən Zaqatalada hazırlıq kursunda dərs keçirəm. Bir gün də eyni qaydada sinfə girib dərsimi keçib getdim. Sinifdə cəmi üç qız şagird var idi. Bir gün sonra mənə zəng gəldi və telefonda danışan şəxs, yəni Zaur özünü dərs keçdiyim şagirdlərdən birinin qohumu kimi təqdim edərək kursa gəlməyimi tələb etdi. Biz kursda görüşəndə dedi ki, guya mən 7-ci sinifdə oxuyan şagirdə qarşı əxlaqsız hərəkətlər etmişəm. Uşaq psixoloji sarsıntı keçirib və mən pul verməliyəm ki, müalicə alsın. Mən belə bir hərəkət etmədiyimi dedim. O da mənə dedi ki, əgər pul verməsəm çəkib sosial şəbəkələrdə paylaşacaq. Adımın ləkələnəcəyindən, rüsvay olacağımdan ehtiyat edərək razılaşdım. Məndən 3000 manat istəyirdi. Mən isə müxtəlif vaxtlarda ümumilikdə 1540 manat pul verdim. Mən uşağa qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişəm. Sinifdə digər uşaqların gözü qarşısında bu hərəkətlərin törədilməsi də mümkünsüz bir işdir. Hesab edirəm ki, bu mənə qarşı pul tələb edilməsi üçün qurulmuş bir iş idi. Hazırda Zaur mənə vurulmuş maddi ziyanı ödəməyib. Bu ziyanın ödənilməsini tələb edirəm”.

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Zaur Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

//Kriminalqafqaz

Oxşar xəbərlər
OTACI