First slide

“Paşinyanı devirsələr, Azərbaycan ordusu bu mövqelərdən irəliləyəcək...” – Azad İsazadə ilə MÜSAHİBƏ

06 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Press.az xəbər verir ki, siyasi ekspert Azad İsazadə gundem.az-ın suallarını cavablandırıb. 

Həmin müsahibəni təqdim edirik. 

- Azad bəy, bir həftədən çoxdur ki, İrəvanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir. Sizcə, etirazçılar Paşinyanın hakimiyyətdən getməsinə nail ola biləcəklərmi? 

- İrəvanda revanşist qüvvələr çalışır ki, Paşinyan Azərbaycanla aparılan sülh danışıqlarını dayandırsın. Sözsüz ki, maksimal hədəf Paşinyanı devirməkdir. Bu gün Ermənistan cəmiyyətində müharibə qorxusu var. Onlar istəmirlər ki, yenidən savaş olsun. Başa düşürlər ki, müqavimət göstərməyə orduları, gücləri, həvəsləri qalmayıb. Ümid edirəm ki, bu müqavimət küçələrdə mitinqlərlə, şüarlarla bitəcək. Amma hər şey ola bilər. Azərbaycan üçün bu gün Paşinyanla iş görmək daha əlverişlidir. O, real vəziyyəti qiymətləndirir. Erməni baş nazir aparılan danışıqlardan hətta razı olmasa belə, istəyini nümayiş etdirir. Əgər Ermənistanda ciddi siyasi dəyişikliklər olsa, danışıqları pozsalar Azərbaycan da vəziyyətə uyğun addım atacaq. Burada rəsmi Bakının itirəcəyi heç nə yoxdur. 

- Paşinyana qarşı çıxan qüvvələr Rusiyaya yaxınlıqları ilə seçilir. Belə anlaşılır ki, İrəvandakı aksiyaların arxasında Kreml dayanır. O zaman sual yaranır - Rusiya Ermənistanda nədən narahatdır? Niyə bu ölkənin Türkiyə və Azərbaycanla münasibətlər qurmasını istəmir?

- Bu gün Rusiyanın Cənubi Qafqazda real təsir gücü, ruporu Ermənistandır. Gürcüstanda olan hakimiyyət ruspərəst olmasa da, Rusiyanın əleyhinə də çıxış etmir. Amma cəmiyyət radikal anti-rus ovqatındadır. Ermənistanı itirməklə Rusiya Cənubi Qafqazdakı bütün mövqelərini itirəcək. Burada Qərbin mövqeyi güclənəcək. Türkiyənin Cənubi Qafqazda mövqeyi onsuz da yüksəkdir. Əgər Ermənistanla sərhədlər açılsa Türkiyənin buradakı nüfuzu, gücü daha da artacaq. Ermənistanın müstəqil dövlət olması Rusiyaya sərf etmir. Biz bu gün məcburuq ki, Ermənistanla münasibətlərdə Rusiyanın da maraqlarını nəzərə alaq. Əgər Rusiyanın Cənubi Qafqaza təsir imkanları aradan qalxsa, buradakı üç dövlət daha tez dil tapar və vahid iqtisadi zona yarada bilər.

- İrəvanda Paşinyana qarşı çıxan müxalifətin nüfuzunu necə qiymətləndirirsiniz? 

- Erməni müxalifətinin nüfuzunu bir faktla qiymətləndirmək olar. Demək, İrəvandakı mitinqlərdə keçmiş prezidentlər Sərkisyan və Köçəryan iştirak edirlər. Amma xalqın qarşısında çıxış etmirlər. Deməli, nüfuzları o qədər də yüksək deyil. Başa düşürlər ki, çıxış etsələr, onları fitə basacaqlar. 

- Ermənistanda yaxın keçmişdə siyasi qətllər olub. Bu mənada Paşinyana qarşı sui-qəsd ehtimalını necə qiymətləndirirsiniz?

- Doğrudur, Ermənistanda həm uzaq, həm də yaxın keçmişdə siyasi qətllər olub. Parlamentdə, küçələrdə insanları siyasi mövqelərinə görə öldürülüblər. Hətta Köçəryan Qarabağda hakimiyyətə gələnə qədər Azərbaycanla sülh danışıqları aparan ermənilər naməlum şəraitdə aradan götürüldülər. Paşinyana qarşı da belə cəhdlərin olması istisna edilmir. 

- Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycanın bu ölkə ilə bağlı siyasətində hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Təbii ki, Ermənistan Azərbaycana müharibə elan etmək gücündə deyil. Amma təxribatlar, terror-diversiya aktları ola bilər. Yeni komanda danışıqlardan çıxıb, yeni şərtlər irəli sürəcək. Azərbaycan yeni revanşist qüvvələrlə hansısa yeni danışıqlara getməyəcək. Əksinə ölkənin təhlükəsizliyini təmin etmək üçün öz ərazimizdə daha əlverişli mövqelərdə möhkəmlənəcəyik. Hətta delimitasiya və demarkasiya olmadığı üçün Azərbaycan öz ərazisi hesab etdiyi mövqelərdə ordusunu yerləşdirəcək.

- Rusiyanın beynəlxalq aləmdə nüfuzunun kəskin düşməsi fonunda İrəvanda ruspərəst qüvvələrin fəallaşmasına Qərbin biganə qalmasını nə ilə izah etmək olar?

- Ermənistan-Qərb münasibətlərinə dair qoyduğunuz bu sual həmişə aktual olub. Biz görürük ki, Qərb Ermənistanın ruspərəstliyinə göz yumur. Qərbin Ermənistana münasibəti Azərbaycana olan münasibətindən bir qədər fərqlidir. Onlara bəzi şeylər bağışlanılır. İstər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük, istər Avrasiya İqtisadi İttifaqına üzvlük, istər Qazaxıstanda etirazları yatırmaq üçün ordu göndərmək məsələsində Qərb Ermənistanın addımlarına göz yumdu. İrəvanda Rusiyanın Ukraynada aparıdğı müharibəni dəstəkləyən mitinqlər keçirildi. Qərb buna da susdu. Həmin addımları Azərbaycan atsaydı, sözsüz ki, sanksiyalar altında qalacaqdıq. Ermənistanın İranla çox sıcaq münasibətlərinə də Qərb “dözümlü” yanaşır. Nədənsə, Ermənistan Qərbin sanksiyaları altına düşmür. Əgər ruspərəst qüvvələr hakimiyyətə gəlsə, Qərb Ermənistanla bağlı formal tənqidi bəyanatlar səsləndirəcəklər. Təəssüf ki, biz Qərbin Ermənistana qarşı sərt addımlarının, qərarlarının şahidi olmayacağıq. 

 

Oxşar xəbərlər
OTACI