First slide

"Yanan ağaclara yaxınlaşanda adam ayağı gördüm" - İlkin Süleymanov

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə İlkin Süleymanov ifadə verib. O bildirib ki, Nərminin oğurlanmasının da, öldürülməsinin də ona heç bir aidiyyəti yoxdur.

"Moskvada ali təhsil almışam, bir müddət də orada işləmişəm. Xeyli vaxtdır ki, Dondar Quşçu kəndində yaşlı valideynlərimlə birlikdə yaşayırdım. 2019-cu il oktyabrın 12-də atam insult keçirdiyinə görə eyni kənddə yaşayan bacım İlhamə Süleymanova o vaxtdan tez-tez bizə gəlib, atama qulluq edirdi. İlhamə bizdə qaldığı müddətdə, yaxud da Bakıda yaşayan övladlarının yanına getdiyi dövrdə onların kənddəki evində qalırdım. Çünki darvazanın qıfılı olsa da, evin, içəridəki otaqların açar-kilidi yox idi. Üstəlik, həyətdə toyuq-cücə vardı. Axşamlar gedirdim, səhər saat 10.00 radələrində qayıdırdım", - təqsirləndirilən şəxs bildirib.

O, Nərmin itkin düşdüyü gün axşam bacısının evində qaldığını deyir. Onun sözlərinə görə, bunu təsdiqləyən şahidlər də var: "Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gedəndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur”.

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da danışıb: "Mən valideynlərimin yanında olmasın deyə, siqareti küçədə çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam 7 radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün darvazanın qarşısına çıxdım. Onda gördüm ki, qarşıda - dərə tərəfdə, Nazim dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Orada meyvə, qoz ağacları var. Ora qonşular gizlicə zibil atır, yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki, ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı. Qorxdum ki, yenə yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər. Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır”.

İlkin Süleymanov vurğulayıb ki, hadisə yerində böyük ölçüdə ayaqqabı izləri və araba təkərinin yerlərini görüb. Ona görə Nazim Vəliyevə deyib ki, çalışıb o izləri tapdamasın, hüquq-mühafizə orqanlarına lazım ola bilər. Yanğını telefonuyla videoya çəkəndə Nazim Vəliyevlə bu haqda danışıqları da orada əks olunub.

İlkin Süleymanov ifadəsini mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

Xatırladaq ki, İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

//Stefa.az

Oxşar xəbərlər
OTACI