First slide

Brend yaratmaq istəyənlər hansı məqamlara diqqət yetirməlidirlər?

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər arasında öz brendini yaratmağa iddialı şəxslər az deyil. Amma bu proses çoxları üçün elə də asan görünmür. Bir brend necə yaradılır? Brend yaradarkən əsas hansı amillərə nəzər salmaq lazımdır? Dövlət bu istiqamətdə hansı dəstək mexanizmləri təklif edir?

Sahibkar Afət Əhmədova deyir ki, brendi qurmamışdan əvvəl onun layihəsini hazırlamaq lazımdır:

“Bu layihədə bazara nə təklif etmək istədiyi, onun öhdəlikləri göstərilməlidir. Həmçinin bazar araşdırılmalı, bazara təklif olunacaq məhsulun orada olub-olmadığı öyrənilməlidir. Nəticə müsbət olarsa, həmin məhsulun digər məhsullardan üstün tərəfi müəyyənləşdirilməlidir. Əgər belə bir tərəf yoxdursa, bazarda mövcud məhsullardan seçilmirsə, o zaman bazara girmək bir az mənasız sayılır.

Sahibkar brend qurub bazara çıxarırsa, onun 5 illik planı olmalıdır. Orada birinci il hansı fəaliyyət ilə məşğul olacağı, ilk 3 ilində hansı işlər görüləcəyi, daha sonra birinci 5 ilin sonunda oturuşmuş brend olacağı göstərilməlidir. Tam oturuşmuş olmasa da, hər halda müəyyən qədər formalaşmalıdır. Burada söhbət yerli bazardan gedir. Əgər ixrac da düşünülürsə, görüləcək iş daha çoxdur. Çünki Azərbaycan bazarı bir az kasad bazardır. Burada yerli istehsalçılar çox da böyük çeşiddə məhsullar təklif etmir. Söhbət qeyri-neft sahəsindən gedir. Amma dünya bazarında müxtəlif məhsullar təklif olunur. Brend mallarını dünya bazarına da çıxartmaq lazımdır”.

A.Əhmədova brend quran şəxsin komandası haqqında məsələlərə də toxunub:

“Brendi quran sahibkar öz komandasından təklif gözləməli deyil. Sahibkar öz komandasını öyrətməli, təlim, göstəriş verməlidir. Komanda sadiq olmalıdır. İnsani keyfiyyətlərə önəm verilməlidir. Belə ki, siz doğru, düzgün, peşəkar mütəxəssis cəlb edə bilərsiniz. Amma bu adam sabah sizi yarı yolda qoya, şirkətin istehsal və kommersiya sirlərini ötürə bilər.

Amma o qədər də təcrübəli olmayan bir adamı işə götürüb ona təlim, bilik verib, güvənməklə sadiq bir əməkdaşa malik ola bilərsiniz.

Mən düşünürəm ki, insani keyfiyyət peşəkarlıqdan öndə gəlir. Çünki məşğul olduqdan sonra peşəkarlaşa bilərsən, amma insani keyfiyyətləri sonradan əldə etmək olmur”.

Sahibkar öz şirkətinin təcrübəsi ilə də bölüşüb:

“Brendi əlimizdə olan maya ilə, ailəmizin maliyyə resursları ilə qurmuşuq. Ona görə də bu ikiqat məsuliyyət idi. İstehsal olunan məhsulların hamısı bir-bir hesablanır. Nə qədər xammal istifadə olunursa, qramına kimi onun fərqindəyik”.

Öz brendini yaratmış sahibkar Nahid Cabbarov hesab edir ki, brend qurmaq ayrıca bir elmdir, peşədir:

“Bu tək bir şəxsin və ya bir komandanın ümumi ortaq işlərinin nəticəsi olmalıdır. Ən önəmlisi, markanın, brendin öz dəyəridir. Bu brendin patentləşdirilməsindən bazarda müştəri qazanmasına qədər və nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində fəaliyyətini əhatə edir. Ən önəmlisi, brend formalaşırsa, istehsal keyfiyyəti çox yüksək səviyyədə olmalıdır. Eyni zamanda, düşünürəm ki, burada vacib məsələ marketinqin üzərinə düşür. Marketinq məhsulun marka dəyərini yaxşı şəkildə yarada bilirsə, bu, ayrıca bir uğurdur. Mənə görə satış məhsulun özünü satırsa, marketinq məhsulun qiymətini satır. Bu qiymət də eyni zamanda marka dəyərindən formalaşır. Artıq marka dəyərini formalaşdıqdan sonra insanlar onun maya dəyərindən çox marka dəyərinə önəm verirlər. Bu çox önəmli bir məsələdir. Azərbaycanda marka, yerli brend anlayışı hələ formalaşmayıb.

İnsanlarımızın şüuraltında yerli brendlərin keyfiyyətinə inam yoxdur. Yəni, yerli markalara çox da güvən yoxdur”.

N.Cabbarov deyir ki, komandasını ədalətli sistem şəklində formalaşdırıb:

“Komandamız sırf ənənəvi şəkildə yox, işinin mütəxəssisi olan normal şərtlərlə qəbul etdiyimiz insanlardan ibarətdir. Onlar CV və elanlar əsasında müraciət edirlər. Bu şəkildə də komandamız formalaşıb. Vaxt keçdikcə ələnmələr olur və komandanın son işlək vəziyyəti yaranır”.

İqtisadçı ekspert Eldəniz Əmirov brendin yaradılması üçün iki əsas faktor olduğunu deyir:

“Bunlardan birincisi, keyfiyyətli fəaliyyətdir. Bu həm xidmət, həm də istehsal ola bilər. Bütün hallarda keyfiyyət önəmlidir. Digər tərəfdən, rəsmi qeydiyyata alınmalıdır. Müəllif hüquqları rəsmi olaraq qeydiyyatdan keçirilməlidir”.

Azərbaycan reallığında daha az vəsaitlə bir brendi yaratmaq, E.Əmirovun fikrincə dövlətin dəstək mexanizmlərindən istifadə edərək həm nəzəri, həm də praktiki olaraq mümkündür:

“Məsələn, bir işsiz şəxs işsiz statusu aldıqdan, rəsmi qeydiyyata düşəndən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət edərək özünuməşğulluq proqramı çərçivəsində müəyyən avadanlıqlar (dərzi, kulinariya və digər) əldə edə bilir. Bundan sonra həmin şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edərək, öz biznesinin qurulması üçün biznes-plan yazdıra, bazar araşdırmalarını öyrənə, yerli icra hakimiyyəti orqanları və digər orqanlarla olan hər hansı bir mövcud problemlərin həlli istiqamətdə KOBİA-dan dəstək ala bilir. Peşəkarlığını artırmaq üçün KOBİA-da mövcud olan təlimlərdən yararlanmaq da mümkündür. VÖEN-in açılması, biznes-planın yazılması üçün təlimdən yararlana bilər”.

//Report

Oxşar xəbərlər
OTACI