Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokurorluqda “işə düzəltmək”, dövlətə xəyanət işini “bağlamaq” - 74 yaşlı dələduz prokurorun cinayət işi

21 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dələduzluqda ittiham olunan 74 yaşlı sabiq prokurorluq əməkdaşı Elbrus Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

O, azı üç nəfərin hərəsindən 50 min manat alaraq prokurorluq orqanlarında “işə düzəldəcəyinə”, dövlətə xəyanət maddəsi ilə ittiham olunan şəxsin “işini bağlatmağa” və Dövlət Tibb Universitetinə testdən kənar “qəbul etdirəcəyinə” söz verib.

1974-cü ildən 2007-ci ilə qədər prokurorluq orqanlarında işləyən Elbrus Əliyev aldatdığı vətəndaşlara özünü Abşeron Rayon Prokurorluğunda “qeyri-rəsmi köməkçi” kimi təqdim edib, onlara müxtəlif məsələlərdə köməklik göstərəcəyi haqda vədlər verib. Üç nəfərə qarşı dələduzluq edərək onların cəmi  150 min manat pullarını alıb. Zərərçəkənlərin arasında Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, sabiq kafedra müdiri Hüseyn Məmmədov da var. O, oğlunun prokurorluq orqanlarına işə düzəlməsi üçün E.Əliyevə 50 min manat verib.

Təqsirləndirilən Elbrus Əliyev ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib, şəxsi ehtiyaclarına görə bu yola əl atdığını deyib: “Həmin ərəfədə Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi olaraq prokurorun köməkçisi kimi fəaliyyətimi davam etdirirdim. 2018-ci ilin iyununda Bakı Dövlət Universitetində müəllim işləyən Hüseyn Məmmədov dedi ki, oğlu prokurorluğun qəbul imtahanında test mərhələsindən keçib, lakin müsabiqədən kəsilib. Oğluna müsabiqədən keçmək üçün köməklik etməyimi istədi. Buna səlahiyyətim və bu işi görə bilmə imkanım olmasa da pula ehtiyacım olduğundan razılaşdım. Hüseyn müəllimdən 50 min manat aldım. Yalandan ona kömək edəcəyimi dedim. Bilirdim ki, bu, mümkün olan məsələ deyil. Pulu alandan üç-dörd ay keçdikdən sonra pulunu geri istədi. Müxtəlif bəhanələr gətirib pulu verməkdən yayındım. Ötən ilin əvvəlində 50 min manatı tam olaraq özünə qaytardım”.

Digər epizod üzrə E.Əliyev ifadəsində göstərib ki, 2016-cı ilin yay aylarında Asim adlı uzaq qohumu onunla əlaqə saxlayaraq  kürəkəninin cinayət işi ilə bağlı köməklik istəyib: “İttiham aktı ilə tanış olanda gördüm ki, 274-cü (dövlətə xəyanət) maddə ilə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Ona kömək edə bilməyəcəyimi başa düşürdüm, işin halları buna əsas verirdi. Amma fikirləşirdim ki, bəlkə yeddi-səkkiz il cəza alar, Asim də məndən razı qalar. Asimdən 50 min manat pul almışdım. Sonradan məhkəməyə də gəlmədim. Asimin kürəkəninə 10 il iş verdilər. 2021-ci ilin iyulunda Asimin pulunu qaytarmışam”.

Sonuncu epizodla bağlı E.Əliyev deyib ki, tanışı Vəli Nəsibovdan oğlunu Tibb Universitetinə düzəldəcəyi adı ilə 50 min manat alıb: "Vəli müəllimlə“Dostluq” kinoteatrının yanındakı kafelərdən birində görüşdük. Mənə oğlu Əlinin Tibb Universitetində təhsili almasına kömək göstərməyimi xahiş etdi. Bu işə görə 50 min manat verəcəyini dedi, razılaşdım. Ondan 50 min manat aldım. Guya oğlunu testdən keçirəcəkdim. Əslində Dövlət İmtahan Mərkəzi ilə heç əlaqəm də yox idi. Pulu Vəlidən alıb şəxsi ehtiyaclarıma xərclədim. Vəli aldadıldığını bilib pulunu geri istədi. Hər dəfə bir bəhanə gətirirdim. O, da mənim barəmdə şikayət etdi”.

Təqsirləndirilən V.Nəsibovdan aldığı 50 min manatı da ötən ilin yayında ona geri qaytardığını bildirib.

Qeyd edək ki, həmin cinayət işi üzrə iki il əvvəl Eldar Yusifov təqsirləndirilərək məhkəmə önünə çıxarılıb. E.Yusifov məhkəmədə təqsirsiz olduğunu, pulları Elbrus Əliyevin aldığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Yusifov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirli bilinərək 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmiş Hüseyn Məmmədov da E.Yusifovun günahsız olduğunu, pulu Elbrus Əliyevə verdiyini bildirib.

E. Yusifov mühakimə olunduğu zaman Elbrus Əliyev axtarışda olub. O, cinayət məsuliyyətinə cəlb edildiyi halda barəsində həbs qətimkan tədbiri seçilməyib və bundan sonra E.Əliyev qaçaraq istintaqdan yayınıb. Sonra tutularaq istintaqa təhvil verilsə də yenidən ev dustaqlığına buraxılıb.

Məhkəmənin hökmü ilə Elbrus Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını 2 il sınaq müddəti olmaqla şərti hesab edib./virtualaz.org/

Oxşar xəbərlər
OTACI