Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tofiq Yaqublu özü-özünü yumruqlayıb - Prokurorluqdan açıqlama

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat əsasında başlanan yoxlamanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsinin əsasları açıqlanıb.

Press.az xəbər verir ki, T.Yaqublu bununla bağlı paylaşım edərək qərardan hissələrin fotolarını yayımlayıb.

Məlumata görə, qərarda onun özünün özünə xəsarət yetirdiyi qeyd edilib: “Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib.

Onunla profilaktik söhbətlər aparılıb. Tofiq Yaqublu isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyyəsinə xəsarət yetirib. T.Yaqublu saat 17:45-də sərbəst şəkildə polis bölməsini tərk edərək gedib”.

Qərarda həmçinin əlavə edilib ki, T.Yaqublu polis bölməsinə daxil olarkən, eləcə də polis bölməsini tərk edərkən üzərində hər hansı bir gözlə görünən xəsarət izi olmayıb: “Hətta üz nahiyəsinə öz yumruğu ilə vurması nəticəsində qızartılar olsa da, bunu yaxından diqqətlə baxdıqda görmək mümkün olub”.

Onu mitinq zamanı saxlayan polislər isə bildirib ki, onlar Tofiq Yaqublunun qollarından tutub polis bölməsinə təhvil verilməsi məqsədilə avtopatrul maşınına aparanda o müqavimət göstərmək məqsədilə özünü yerə çırpıb, hətta maşının qapısına üzünü vurub.

T.Yaqublu yekun nəticə ilə razılaşmadığını, qərarda qeyd edilənlərin yalan olduğunu bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Suraxanı rayon sakini Yaqublu Tofiq Rəşid oğlunun polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalmasına dair nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Kərimlinin müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb: “Müəyyən edilib ki, Yaqublu Tofiq Rəşid oğlu 2021-ci il dekabr ayının 1-də saat 15 radələrində Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozan hüquqazidd hərəkətlərinə görə onu polis bölməsinə dəvət etmək məcburiyyətində qalmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirib.

Bütün mümkün sübutetmə vasitələrindən istifadə olunmaqla şikayət ərizəsində qeyd olunan xüsusatlar tam və hərtərəfli araşdırılıb, polis əməkdaşları tərəfindən Yaqublu Tofiq Rəşid oğluna fiziki və psixi zorakılıqların göstərilməsi faktları müəyyən olunmayıb.

Toplanmış sübutların həcmi cinayət işinin başlanması üçün əsasların olmadığı nəticəsini formalaşdırdığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Qərar barədə Yaqublu Tofiq Rəşid oğlu və nümayəndəsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məlumatlandırılmaqla, ondan yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah olunub”. /qafqazinfo/

Oxşar xəbərlər
OTACI