First slide

Azərbaycanda 28 nəqliyyat vasitəsi özəlləşdirilib

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Press.az-a nazirlikdən bildirilib.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 150 sifariş qəbul olunub, bunun 31-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən 4-ü isə onlayn şəkildə iştirak edən sifarişçi olub.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin hərracının rəqabətli olması buna əyani sübutdur.

Məsələn; ilkin satış qiyməti 7500 manat olan “Hyundai Sonata” markalı avtomobilə ən son təklif 2 dəfəyə yaxın artaraq 14000 manat olub. İlkin satış qiyməti 5000 manat olan “Fiat Doblo” markalı avtomobil təklifdən 2500 manat çox olmaqla 7500 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 204 360 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3nByqdX )

Növbəti hərraclar 25 yanvarda, 1, 15 və 22 fevralda keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az), Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Oxşar xəbərlər
OTACI