First slide

Sağ tərəfi iflic olsa da, əvvəlcə imtina verildi, sonradan əlillik təyin olundu

13 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ötən ilin may ayından həyat yoldaşımın əlillik pensiyasını kəsiblər. Təkrar komissiyadan keçsək də, həkimlər onun əlil olduğunu və müavinət almalı olduğunu desələr də, pensiya verilmir. Düz oktyabr ayından eşitdiyim söz budur - “gözləyin””.

Bu şikayətlə “Qafqazinfo”ya Ağstafa sakini Arif Məmmədov müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Xədicə Məmmədova Xanlar qızı 11 ildir ki, sağ qolu və ayağını işlədə bilmir.

49 yaşlı qadın ötən ilin may ayına qədər bu probleminə görə pensiya da alıb: “Həyat yoldaşım müəllimdir. Əvvəllər təzyiq xəstəsi idi. 2011-ci ildə insult keçirdi və bununla da sağ tərəfində hərəkət və yeriş pozğunluğu yarandı. Nə qədər həkimləri gəzib, müalicələr alsa da sağalmadı. 8 ay xəstəxanada qalıb müalicə alıb. Daha sonra ona II dərəcə əlillik verildi. 2011-ci ildən 2021-ci ilin may ayına qədər həyat yoldaşım əlilliyə görə müavinət alırdı. May ayından artıq dayandırıldı”.

Şikayətçi bildirir ki, pensiyanın verilməsi dayandırılandan sonra o yenidən həyat yoldaşını həkimə apararaq sənədlər düzəltdirib. Amma onlara imtina gəlib: “İmtinada da bildirildi ki, xəstə olmasına baxmayaraq, 5 il ərzində onun üçün heç bir kağız yoxdur. Amma Xədicə müalicəsiz, dərmansız qalmayıb. Mən yenə də onu ötən ilin sentyabrında Bakıya apardım. Əslində o uzaq yol gedə bilmir. Elə həkim də görüb dedi ki, bu vəziyyətdə gətirmək olmaz. Həkim yoxlanış edib rəy verdi ki, əlillik düşür. Bundan sonra mən qaynar xəttə zəng edib dedim ki, əgər bu adam xəstə deyilsə, mən sizinlə razıyam imtina verin. Bu günə kimi onun sağalması üçün 40-50 min pul tökmüşəm, yenə edərəm. Əgər sağalacaqsa, mən razıyam. Ordan da bildirdilər ki, Xədicə əyani şəkildə komissiyadan keçməlidir. Mən də onu yenidən Bakıya apara bilmirdim deyə oktyabrda Tovuza apardım. Orada aparılan yoxlanışdan sonra məlumatlar onlara göndərildi. Amma hələ də bizə "gözləyin" deyirlər. Düz oktyabr ayından eşitdiyim söz budur”. 

Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Məsələ araşdırılandan sonra qurumun mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, Xədicə Məmmədovanın 2021-ci  ilin sentyabr ayının 18-də pensiya almaq hüququ yaranıb: "Ağstafa rayon sakini Məmmədova Xədicə Xanlar qızına 18.09.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən II dərəcə əlillik təyin edilib. Vətəndaş əlillik dərəcəsinə uyğun olaraq sosial ödənişlərlə təmin edilir".

Oxşar xəbərlər
OTACI
OTACI