First slide

Çörəyin qiyməti bahalaşdıqca, keyfiyyəti enir, çəkisinə "ƏL GƏZDİRİLİR" - AÇIQLAMA

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik olub.

Press.az xəbər verir ki, artıq bir neçə gündür unun və çörəyin qiymətinin artması ölkə gündəmində ən çox müzakirə olunan məsələlərdəndir. Günlərdir insanları ən çox düşündürən sual çörəyin keyfiyyətinin necə olacağıdır.

Müşahidələr onu göstərir ki, çörəyin qiyməti artdıqca keyfiyyəti azalır. Hətta bir çox hallarda çörəyin çəkisi belə, standartda müəyyən ediləndən az olur. Fürsətcillər vəziyyətdən istifadə edib, çəkiyə də "əl gəzdirir"...

İstehlakçıların sözlərinə görə, səhər alınan zavod çörəyini artıq günorta yemək olmur. Onlar bildirirlər ki, çörək yapışqan, bərk və kiflənmiş hala gəlir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, hüquq müdafiəçisi Eyyub Hüseynov çörəyin qiymətinin artımı ilə keyfiyyətin aşağı düşməsi barədə məsələni Modern.az-a şərh edərkən bildirib ki, ölkədə keyfiyyətə nəzarət edən qurum yoxdur:

“Ümumiyyətlə, biz dərk etməliyik ki, ölkədə keyfiyyət məsələsi kənarda qalıb. Onu qaldıran yoxdur. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsini oxusaq, orada ərzağın keyfiyyəti ilə bağlı heç bir söhbət getmədiyini görərik. Əsasnamədə yalnız malların təhlükəsizliyinin təmin olunması barədə danışılır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var ki, onların da bu neçə ildə səsinin çıxdığını eşitməmişəm. Yəni əsas məsələ olan keyfiyyət qalıb kənarda, heç kim buna nəzarət etmir”. 

E.Hüseynov çörəyin keyfiyyətinin bundan sonra daha da aşağı enəcəyini vurğulayıb:

“Unun qiymətinin artımı ilə çörəyin keyfiyyəti olduğundan da aşağı düşəcək. Düşünürəm ki, keyfiyyətə nəzarət səlahiyyəti işi bacaran qurumlara verilməlidir".

"Bilməliyik ki, çörəklərin maksimum saxlanma müddəti 72 saatdır. 72 saatdan sonra xarab olmayan çörəklər deməli kimyalaşıb. 72 saatdan tez xarab olan və içərisində yapışqanlar əmələ gətirən çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Bu o deməkdir ki, bu çörəklər xəstələnmiş undan hazırlanır”, - deyə AİB sədri bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI