First slide

"Bu, mənə “İnter”lə oyunu xatırlatdı" - Qurban Qurbanov

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə heç-heçə etdikləri oyundan (2:2) sonra mətbuat konfransı keçirib.

Press.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Qələbə qazanmaq istəyirdik. Dünən də demişdim ki, istənilən nəticə hər şeyi son tura saxlaya bilər. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. 

- Buraxılan ikinci qolla bağlı nə deyə bilərsiniz?

- Futbolda nadir hallarda olan epizoddur. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Burada Şahruddinin səhvindən çox rəqib oyunçunun ustalığı ön plana çıxdı. Çox yaxşı zərbə vurdu. Bəli, daha diqqətli olsaydı, yaxşı olardı. Amma bu oyunda Şahruddinə heç bir irad bildirmədim. Əksinə, dedim ki, möhkəm ol, qarşıda daha çox oyunlarımız var.

- Hakimliklə bağlı nə fikirləşirsiniz və son tur barədə nə düşünürsünüz?

- Bu, hakim üçün böyük təcrübə oldu. Gəncdir, avrokubokların qrupunda ilk oyunu idi. Həyəcanlı olduğu hiss olunurdu. Amma biz tərəfə yox, əks tərəfə qarşı hər şey qaydasında idi. Epizodlara baxdıq. Təmiz qol vurduq, təmiz penaltini də vermədi. Az qala iki əllə topla oynadı. Rəqibə qırmızı vərəqə də verilmişdi. Sanki bunu sığortalamaq istəyi var idi.  Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaq.

- İbrahima Vadjinin çıxışından razı qaldınız?

- Bütün futbolçularımdan razı qaldım. Sayılmayan qol epizodunda da Vadji heç bir qayda pozuntusu etməmişdi, təmiz qol idi. Belə qollara ofsayd verirlərsə... Nə yan xətt hakimi bayrağı qaldırmışdı, nə baş hakim hansı qərarını verəcəyini bilirdi. Sanki “İnter”lə oyunu xatırlatdı.Belə qollar sayılmırsa, nə deyə bilərəm?

- Bir anda Qara Qarayevə tapşırıqlar verdiniz. Orada nə deyirdiniz?

- Şərh eləsəm, yaxşı olar, ya olmaz, bilmirəm. Taktiki tapşırıq idi.

- Cəmi bir əvəzləmənin səbəbi nə idi?

- Hər şey axarında getdiyi üçün dəyişikliklər etmədim. Belə oyunlarda dəyişiklik risklidir. Bəzən anlaşılmazlıqlar ola bilər. Oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən dəyişikliyi lazım bilmədik.

Oxşar xəbərlər
OTACI
OTACI