First slide

Berlin Filarmoniyasında Zəfər Günü

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın ən məşhur konsert zallarından biri sayılan Berlin Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi və Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasının birinci ildönümü münasibətilə “Əbədilik” adlı təntənəli konsert keçirilib.

Press.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, ölkəmizin Almaniyadakı səfirliyinin iştirakı və Köln Filarmoniyasının təşkilatçılığı ilə Berlin Filarmoniyasında baş tutan konsertdə Almaniyanın mədəniyyət və incəsənət elitasının, diplomatik korpusun, Azərbaycan və Türkiyə icmalarının, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov açıb. O, Nizami Gəncəvi irsinin Azərbaycan və dünya ədəbiyyatındakı yerindən danışaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi ili” elan edib. Bildirib ki, Nizaminin “Xəmsə”si Şərq ədəbiyyatının bir sıra görkəmli xadimləri üçün örnək olmaqla yanaşı, Qərb mütəfəkkirlərinin də diqqət mərkəzində dayanıb. Təsadüfi deyil ki, dahi alman filosofu Hötenin “Şərq-Qərb Divanı”nda Nizami irsinə müraciət olunub. Səfir vurğulayıb ki, Nizami Gəncəvinin yubileyi münasibətilə keçirilən konsertin Şuşanın azad olunmasının ildönümündə və Şuşa musiqi məktəbinin təmsilçisi olan Yalçın Adıgözəlovun rəhbərliyi altında baş tutmasının böyük rəmzi mənası var. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Azərbaycan diasporunPrezident İlham Əliyevin diqqət və qayğısını özünün gündəlik fəaliyyətində hiss edir. Məhz bu qayğının nəticəsidir ki, Berlinin ən böyük konsert salonunda Azərbaycan musiqiçiləri Köln Gənclər Simfonik Orkestri ilə birgə möhtəşəm konsert düzənləyib. Onun sözlərinə görə, komitə “Nizami İli”nə həsr olunmuş 100-dən çox tədbir keçirib. “Bu ay Zəfər Gününə həsr olunmuş tədbirlərin sayı isə 150-dən çoxdur”, - deyən sədr müavini parlaq qələbənin qazanılmasında böyük payı olan soydaşlarımıza, dost icmaların üzvlərinə və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hər bir insana Dövlət Komitəsinin adından dərin minnətdarlığını bildirib.

Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Köln Gənclər Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, o cümlədən Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş musiqi parçaları təqdim olunub. Azərbaycanın Xalq artisti Əvəz Abdulla (bariton), Selcan Nəsibli (soprano), Kamilə Nəbiyeva (xanəndə), Mirələm Mirələmov (xanəndə), Əməkdar artist Əlağa Sədiyev (tar) və Anar Bramonun (violin) çıxış etdikləri konsert Azərbaycanın görkəmli bəstəkarı Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının səsləndirilməsi ilə başa çatıb.

Konsert tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Almaniya paytaxtının “musiqi ürəyi” adlandırılan Berlin Filarmoniyası paytaxtın Kemperplats meydanında yerləşir. 1944-cü il yanvarın 30-da bombardman nəticəsində dağıntıya məruz qalan bu mədəniyyət ocağı yenidən tikilib və 1963-cü ilin 15 oktyabr tarixində qapılarını təntənəli şəkildə musiqisevərlərin üzünə açıb. Filarmoniya qeyri-adi binadır, asimmetrik və çadırvari, beşbucaqlı əsas konsert zalı var. Səhnə zalın mərkəzində yerləşdiyindən, orkestr hər tərəfdən tamaşaçılarla əhatə olunur.

Oxşar xəbərlər
OTACI
OTACI