First slide

Daşaltı şəhidlərinin məzarlığı niyə axtarılmır...

24 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

1992-ci ilin 25-26 yanvar tarixlərində həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı Azərbaycan Ordusunun 90 nəfərdən artıq itki verməsi ilə nəticələnmişdi. Həmin döyüşdə həlak olanların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır.

O hadisədən düz 28 il sonra - 2020-ci il noyabrın əvvəllərində Azərbaycan Ordusu Daşaltı kəndini, eləcə də Şuşanı azad edərək, şəhidlərimizin qisasını aldı...
 

Hələ Daşaltı erməni nəzarətində olanda, əldə edilən məlumatlarda bildirilirdi ki, orada şəhid olan döyüşçülərimiz kütləvi məzarlıqda basdırılıb.
O dövrdə Azərbaycan bununla bağlı beynəlalq təşkilatlara da çoxsaylı müraciətlər etmişdi.
 

Hətta illər öncə Qırmızı Xaç Komitəsi Daşaltıda həlak olanların yaxın qohumlarından DNK testi götürmüş və deyilmişdi ki, erməni tərəfi ilə kütləvi məzarlığın yerinin təsbit olunması barədə danışıqlar gedir. Amma sonralar danışıqlar nəticəsiz qaldığından məsələ unuduldu.


Artıq Şuşa azad olunub, Daşaltı da bizdədir. Amma Daşaltı əməliyyatında şəhid olanların kütləvi məzarlığının açılması ilə bağlı məsələ gündəmə gətirilmir.

Ümumiyyətlə, həmin məzarlığın yeri müəyyənləşdirilbmi? Daşaltıda şəhid olanların xatirəsinə abidə ucaldıla bilərmi?

Daşaltı əməliyyatının sağ qalmış iştirakçılarından biri - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev məsələ haqqında Modern.az-a deyib ki, şəhidlərimizin orada məzarı olmadığından, onların adlarının əbədiləşdirilməsi üçün abidə qoyulmalıdır: 


“Yaralı yerimdən söhbət açdınız, Daşaltı mənim qaysaqlamış yaramdı, hələ sağalmayıb.  Daşaltı deyəndə qarışıq hisslər keçirirəm, bilmirəm qürurlanım, yoxsa kədərlənim. Hər müsahibədə söyləyirəm, yenə deyim ki, Daşaltını mən məğlubiyyət hesab etmirəm. Oğullarımız o əməliyyatda son gülləsinə kimi, vuruşdu. O vaxtı biz yuxardan aşağı döyüşürdük - enişə doğru, o daha rahat olur.  Daxildə olan satqınlara, yetərli olmayan təchizata görə biz torpaqlarımızı itirdik, şəhidlər verdik. Avtomatı bizə döyüşə girəndə verirdilər o avtomat yoxlanmalı olduğu üçün biz orda da vaxt itirirdik. Ermənilərə böyük zərbə vurmuşduq, ancaq nəticədə  Daşaltını azad edə bilmədik. 72-yə yaxın ermənini məhv etdik. Daşaltı əməliyyatına mən könüllü olaraq qatılmışdım. Ailəmi, yaxınlarımı deyil, torpaqlarımızı düşünmüşdüm. Mən döyüşə gedəndə oğlumun 3 yaşı var idi. Həyat elə gətirdi ki, mənim itirdiyim torpaqları oğlum azad etmək üçün qəhrəmancasına vuruşdu. O vaxt batalyonumuzun nömrəsi 18110 idi, sonra 710 oldu. Batalyonun hamısı könüllərdən ibarət idi, neçə nəfər olduğu yadımda qalmayıb, amma 92 nəfər şəhid verdik. Təəssüf ki, o şəhidlərin çoxunun dəfn olunduğu yeri bilinmir və məzarı yoxdur.

Vaxtilə Bakıda Daşaltı şəhidlərinin xatirəsinə kiçik bir abidə qoymuşduq, amma onu sökdülər. Hazırda Şəhidlər Xiyabanında bir abidə var və onun üzərində Daşaltıda şəhid olanların adı qeyd olunub. Ancaq biz Daşaltıda abidə ucaldılmasını istəyirik. Şəhidlərimizin orda məzarı yoxdur, heç olmasa adlarının əbədiləşdirilməsi üçün abidə qoyulmalıdır. 
Bunun üçün də müəyyən adımlar atmaq, müraciətlər etmək istəyirik. İnşallah,  Daşaltı igidlərinin Daşaltıda xatirəsi əbədiləşdiriləcək. Daşaltı alınandan sonra iki dəfə ora ziyarətə getmişəm. Hər ikisində eyni hissləri yaşayıram, şəhid olan oğulları düşündükcə, qəhər məni boğur”.


Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov söyləyib ki, o torpaqlar bizdədirsə, lazımi addımlar atılacaq.

 


“Vaxtı çatanda bu məsələ üçün araşdırma aparılacaq. Bu elə prosesdir ki, axtarışlar illər boyu gedir. Bəzən deyirlər ki, müharibədə son ölən basdırılmayıbsa, müharibə bitməyib. Düşünürəm ki, bu məsələ ilə bağlı məlumatlar varsa, o torpaqlar bizdədirsə, lazımi addımlar atılacaq. Əsas da mina sahələri təmizləndikdən sonra ilk addımların atılacağını düşünürəm. Məsələnin yenidən gündəmə gətirilməsi isə müəyyən kommisiyaların, Qızıl Aypara Cəmiyyətinin işidir”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Dec 2021

OTACI
OTACI