Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda minimum maaşı artırmaq planı əhaliyə və biznesə nə vəd edir?

22 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gələn il Azərbaycanda minimum əmək haqqının 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılması nəzərdə tutulub.

Press.az xatırladır ki, bu məsələ "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bəs ölkədə maaşların mimimum həddinin artırılması əhaliyə və biznesə nə verəcək?

Bu barədə Report-a açıqlama verən iqtisadçı ekspert Mehdi Babayev deyir ki, minimum aylıq əmək haqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin həyat şəraitini yaxşılaşdıracaq: "Bu artım dolayısı ilə yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edəcək, eyni zamanda əhalinin gəlirlərini və pensiya kapitalının artımını nisbətən inflyasiyaya uyğunlaşdıracaq".

Bununla belə, onun sözlərinə görə, bu artımın fərdi sahibkarlıq subyektlərinə müəyyən təsirləri olacaq: "İri, orta və kiçik sahibkarlıq subyektlərinin sosial sığorta üzərindən və minimum əməkhaqqına bağlı xərclərinin ciddi artmasını gözləmirəm. Çünki onsuz da statistik göstəricilər elə müəssisələrdə aylıq minimum əmək haqqının 300 manatın üzərində və daha çox olduğunu göstərir. Bunun daha çox içşi cəlb etmədən fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxslərə təsiri ola bilər. Belə ki, "Sosial sığorta haqqında" qanuna görə, məsələn, dərzi, bərbər, ofisiant, foto-video xidməti göstərənlər, fərdi sürücülər, mühafizəçilər və sair bu kimi fərdi sahibkarların məcburi sosial sığorta və digər icbari sosial ödənişlə bağlı xərcləri aylıq əməkhaqqının minimum məbləğinə nisbətdə hesablanır. Buna baxmayaraq hətta onların xərclərində belə ciddi artımın olacağını düşünmürəm. Belə ki, bu gün Bakı şəhərində toylarda fərdi qaydada rəqqaslıq xidməti göstərən fiziki şəxs 25 manat məcburi sosial sığorta ödəyir, regionda isə bu, 2 dəfə azdır. Dəyişiklikdən sonra bu məbləğ 30 manat və yaxud regionda 15 manat olacaq. Yaxud fərdi şəkildə televizor təmiri ilə məşğul olan fiziki şəxs isə Bakı şəhərində 15 manat yerinə 18 manat məcburi sosial sığorta haqqı ödəyəcək. Yəni 3-5 manat həddində xərclərin artmasının onların maliyyə yükünü ciddi şəkildə artıracağını hesab etmirəm".

"Lakin burada başqa bir məqama diqqət etmək lazımdır. "Sosial sığorta haqqında" qanunda aşağı gəlirli fərdi sahibkarlara tətbiq olunan məcburi sosial sığorta haqqının hesablanması metodologiyasına dəyişiklik edilməsi məqsədəuyğundur. Mövcud qanun 100 min manat aylıq gəliri olan fərdi sahibkarın 500-1 000 manat gəliri olan fərdi sahibkarla eyni məbləğdə sosial sığorta haqqı və digər məcburi ödənişlər etməsini nəzərdə tutur. Bu isə müəyyən mənada ədalətsiz görsənir və uyğunsuzluq yaradır. Ona görə sonunculara tətbiq olunan məcburi sosial sığorta haqqının hesablanması metodologiyasına dəyişiklik edilməsi məqsədəuyğun olardı. Belə ki, dünya təcrübəsində adətən sahibkarlar məcburi sosial ödəmələrə gəlirlərinə nisbətdə cəlb olununlar. Bu yanaşma daha ədalətli görünür”, - deyə M.Babayev əlavə edib.

Oxşar xəbərlər
OTACI