Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Brüssel görüşündə hansı məsələlər müzakirə oluna bilər?

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişel dəvəti ilə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat verib. Bildirilib ki, Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar.

Qeyd edək ki, noyabrın birinci ongünlüyündə tərəflərin Moskvada görüşəcəyi barədə KİV-lərdə məlumatlar dərc olunsa da, bu görüş alınmadı. Erməni politoloqlar bunun səbəbini rəsmi İrəvanın görüşdən imtinası ilə əlaqələndirib. Maraqlıdır ki, 10 noyabr razılaşmasının 3-cü bəndini icrasından boyun qaçıran Ermənistan müxtəlif təxribatlarla prosesi yubatmağa çalışır.

Bəs görəsən Brüssel görüşü baş tutarsa, hansı məsələlər müzakirə oluna bilər? Və ya hansısa sənədlərin imzalanması baş tuta bilərmi?

Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, atəşkəsin üçüncü tərəfi Rusiya olmasına baxmayaraq, iki ölkə arasında görüşün Aİ tərəfindən təşkil edilməsi rəsmi Moskvaya qarşı mövqe deyil. O əlavə edib ki, bu görüş Şarl Mişelin regionda gedən proseslərə aktiv və fəal mövqe ilə əlaqədardır: "Avropa İttifaqının bu məsələdə xüsusi fəallıq göstərməsini təqdir olunan hesab edirəm. Bundan əvvəl də Şarl Mişelin təşəbbüsü və Gürcüstanın prosesdə aktiv iştirakı ilə mina xəritələri Azərbaycana verilmişdi. Bu baxımdan Brüssel görüşündə Avropa İttifaqının nəzdində keçirilməsini müstəsna hesab edirəm".

Brüssel görüşündə nəqliyyat, kommunikasiya, dəqiq mina xəritələri, demarkasiya, delimitasiya məsələləri müzakirə oluna bilər. Bunu isə açıqlamasında deputat Elman Nəsirov bildirib. O əlavə edib ki, bu məsələlər həll olunarsa, sülh müqaviləsi imzalana bilər: "Mənə elə gəlir ki, Azərbaycan Prezidenti vənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlarda Brüsseldə deyil, bu Moskvada baş tuta bilər. Rusiyanın tənzimləmə prosesində Ermənistana təsir və təzyiq imkanları çox böyükdür. Və həm də ki, 10 noyabr atəşkəs sənədi və müharibəyə son qoyan, Ermənistanı kapitulyasiyaya aktı imzalamağa məcbur edən sənəd də Rusiyanın vasitəçiliyi ilə olub. Ona görə də, bu məsələdə həllini gözləyən post-müharibə dövrü məsələlərdə mən inanmıram ki, Brüssel, Paris, və ya digər paytaxtlar ön plana keçsin".

Onu da bildirək ki, Azərbaycan Xarici işlər nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin sözcüsü mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır.

Oxşar xəbərlər
OTACI