Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində müşavirə keçirib

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə nazir V.Eyvazovun təklifi ilə böyük zəfərlə başa çatmış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni açan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlanılan və möhtəşəm qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində DİN Daxili Qoşunlarının hərbi qulluqçuları da qəhrəmancasına iştirak edərək adlarını DİN-in tarixi salnaməsinə qızıl hərflərlə yazıblar.

Nazir qeyd edib ki, bu müharibədə Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb. Göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib. Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb.

Hazırda işğaldan azad olunmuş ərazilərdə polis əməkdaşları ilə birlikdə Daxili Qoşunların hərbi qulluqçuları da xidmət aparır, təhlükəsizlik tədbirlərinin təmin olunmasında fəal iştirak edirlər. Prezidentin respublika DİN-in və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, xidmət şəraitinin ilbəil daha da yaxşılaşdığını bildirib.

Daha sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasını Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam və inkişaf etdirməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilən ərazilərdə öz nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Oxşar xəbərlər
OTACI