First slide

Ağdam azadlıqda

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin noyabr ayının 20-də Ağdam rayonunun işğaldan azad olunmasının bir ili tamam olur.  Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Sahəsi 1094 kv. km olan rayonun relyefi əsasən düzənlik, az bir hissəsi isə dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim və füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ istiqamətə çevrildiyinə görə “Ağdam” – “Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev” deməkdir.

Ağdam ərazisində ötən əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, rayonun ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biridir.

Qarabağın qeyrət qalası olan Ağdam uğrunda 42 gün döyüş getdi və 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kv. km. olan Ağdamın 882 kv. km-i, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur.  İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuş, rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmağa məcbur olmuşlar.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe bildirmiş, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş” və “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etmişdir. Həmin Qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmadı və həmin qətnamələri heçə saydı. Işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirdi, oradakı mülkiyyətin talan etdi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. 

Erməni vandalizminin ağır nəticələrinə baxmayaraq Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bu həm insan tələfatının qarşısı alınması, həm Azərbaycanın müharibəni döyüş meydanında və həm də siyasi müstəvidə qazandığna dəlalət edir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundular.

Erməni vandallarının əməlləri nəticəsində dağıdılmış Ağdamı xarici və yerli jurnalistlər Qafqazın “Xirosiması” adlandırırlar. Azərbaycan Respubliikasının Rrezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaqdır. Ağdam şəhərinin Baş Planı 2021-ci 28 may tarixində ictimaiyyətə təqdim olundu.

Qarabağın işğaldan azad olunmuş digər bölgələri kimi, Ağdam da dövlət Başçısı və Birinci xanımın daima diqqət mərkəzindədir. Belə ki, 2020-ci il noyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev çıxışında dedi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” 

2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində və 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsində  iştirak etmişdir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Dec 2021

OTACI
OTACI